“Leyla Əliyevanın təşəbbüsləri bizi də yeni - yeni fəaliyyətlərə sövq edir”

“Leyla Əliyevanın təşəbbüsləri bizi də yeni - yeni fəaliyyətlərə sövq edir”. Bunu açıqlamasında Anka Azərbaycan Mədəniyyət Rəqs və Sənət klubunun rəhbəri Derya Akdemir və Ankarada yaşayan azərbaycanlı jurnalist Oktay Hacımusalı deyib. Anka Azərbaycan Mədəniyyət, Rəqs və Sənət klubunun rəhbəri Derya Akdemir qeyd edib ki, o, hər zaman Leyla xanımın gördüyü xeyriyyə və ictimai fəaliyyətləri maraqla izləyir:

"Hər zaman onun ölkəmizdə və onun hüdudlarından uzaqda həyata keçirdiyi fəaliyyətləri izləyəndə gözümün önündə Azərbaycan qadınının zərif, amma eyni zamanda güclü xarakteri canlanıb. Təbii ki, burda genetik faktorlar da çox önəmlidir. Başdan ayağa Azərbaycan sevgisi ilə yoğrulan, göz açandan mayası vətən eşqi ilə yetişən Leyla xanımın sferalarda ölkənin haqq səsinin dünya ictimaiyyətinə çatdırmaq baxımından gördüyü işlər məndə qətiyyən təəccüb doğurmur. İstər yazdığı şeirlərdə, istər ictimai siyasi və sosial proseslərdəki aktivliyində şəxsən mənim üçün Leyla xanımın fəaliyyəti bir mayak rolunu oynayıb şəxsən. Birəbir tanış olmasam da elə bircə faktı qeyd etməyi özümə borc bilirəm ki, hər il beynəlxalq arenada həyata keçirilən Xocalıya ədalət kampaniyasının özü ilə belə mənim bir yaradıcı insan olaraq, eyni zamanda Anka Azərbaycan Mədəniyyət, Rəqs və Sənət klubunun rəhbəri olaraq fəaliyyətimdə ciddi dönüş yaradıb. Bu il işıq üzü görən Susdum adlı şeirlər kitabımda da bu səpkidə şeirlər nəşr olunub və bundan da qürur duymuşam ki, məhz Leyla xanımın bu fəaliyyəti mənim yaradıcılığıma müəyyən mənada yardımçı olub. Kitabın satışından gələn gəliri də Azərbaycanda kimsəsiz uşaqlara bağışlamışam və çox istərdim ki, məhz bu kitabın gəlirini çox hörmətli Leyla xanımın da iştirakı ilə Azərbaycanda önümüzdəki il valideyn himayəsindən məhrum olmuş uşaqlara təqdim edim. Bu addımım inanıram ki, Ulu öndər Heydər Əliyevin də ruhunu şad edəcək və ölkələrimiz arasında onsuz da mövcud olan dostluq və qardaşlıq əlaqələrini daha da möhkəmləndirəcəkdir".

Digər bir müsahibimz, Ankarada yaşayan azərbaycanlı yazıçı, jurnalist, “Anka” Azərbaycan Mədəniyyət, Rəqs və sənət klubunun idarə heyətinin üzvü, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Oktay Hacımusalı bildirib ki, Azərbaycanın sosial - ictimai, mədəni – humanitar həyatında özünəməxsus rolu olan Heydər Əliyev Fondunun son illərdə gördüyü işlər, həyata keçirdiyi lahiyələr Azərbaycanın beynəlxalq arenada tanıdılması baxımından olduqca böyük bir önəmə sahibdir.

O.Hacımusalının sözlərinə görə bu müstəvidə fondun vitse prezidenti Leyla Əliyevanın Azərbaycan mədəniyyəti, incəsənəti ilə bağlı beynəlxalq arenada həyata keçirdiyi fəaliyyətlər xüsusi ilə diqqəti cəlb edir: “Harda “Azərbaycan” adı çəkilirsə, Leyla xanım dərhal həmin tədbirdə iştirak edərək, öz yardımını həmin tədbirlərdən əsirgəmir. Dünyaya örnək ola biləcək multikultural dəyərlərin qorunmasında, saxlanılmasında və gələcək nəsillərə ötürülməsində Leyla xanımın Heydər Əliyev Fondunun vitse – prezidenti və Heydər Əliyev mənəvi irsinin davamçısı kimi böyük xidmətləri var. Bunu ölkədən kənarda yaşayan biz azərbaycanlılar daha yaxşı müşahidə edirik və şəxsən mən bir yazar kimi hər dəfə Leyla xanımın Azərbaycan mədəniyyəti, incəsənəti, geniş mənada isə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində apardığı məqsədyönlü fəaliyyətə nəzər salanda istər istəməz bir fikri özlüyümdə yəqinləşdirirəm ki, elə təkcə ”Xocalıya ədalət” kampaniyası çərçivəsində görülən işlər Leyla xanımın Ulu öndər Heydər Əliyevin  ideoloji maarrıfçilik kursuna sadiqliyinin təcəssümüdür. Qardaş Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində “Anka” Azərbaycan Mədəniyyət, Rəqs və Sənət Klubu olaraq indiyə kimi gördüyümüz və bundan sonra görəcəyimiz işlər heç şübhəsiz ki, ümummilli liderin bizə miras qoyub getdiyi siyasi kursa sadiqlik prinsipləri çərçivəsində olacaq. Çox istərdik ki, Leyla xanım ədəbiyyat və incəsənətimizə diqqət və qayğı göstərən və qəlbi bir şeir həssaslığında olan qələm adamı kimi Azərbaycandan kənarda yaşayan sənət adamları kimi səsimizə səs versin və bizim onunla görüşüb tanış olmağımız üçün öz dəyərli vaxtından bir neçə dəqiqəni bizlərə ayırsın. Biz “Anka” Azərbaycan Mədəniyyət, Rəqs və Sənət Klubunun rəhbərliyi və çalışanları olaraq bundan çox böyük məmnuniyyət duyardıq. Düşünürəm ki, bu görüş bizim gələcək fəaliyyətlərimizə bir stimul vermiş olardı”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu