Kitab mağazaları bağlanmasın: DÖVLƏT GÜZƏŞTLƏR EDƏ BİLƏR

“Kitabevim.az” mağazalar şəbəkəsi maliyyə çatışmazlığına görə fəaliyyətini dayandırır. Bu barədə mağaza şəbəkəsinin icraçı direktoru Emin Sadıqov məlumat verib. 

O bildirib ki, mağaza dotasiya ilə fəaliyyət göstərib:

“Gəlirimiz az, xərclərimiz isə çox yüksəkdir. “Nizami” metrosunun yaxınlığındakı filial da bağlanır. Bundan əvvəl isə “Əhmədli” metrosunun yaxınlığındakı filialımız bağlanmışdı. Hazırda sonuncu ayın icarə haqqını və əməkdaşların maaşlarını ödəmək üçün “Nizami” filialımızda kitablara 50 faiz endirim etmişik. Endirimlər bu ayın sonuna qədər davam edəcək. Yanvar ayının 1-dən isə mağazamız fəaliyyətini tamamilə dayandıracaq.
Hələ ki, “28 May” metrosunun yaxınlığındakı filialımız fəaliyyətini davam etdirir. Amma bu gedişlə həmin filialımız da bağlanacaq”.



Şahbaz Xuduoğlu: “Öz hesabına şəhərin mərkəzində kirayə götürüb yer saxlamaq indi çox mürəkkəb məsələdir"


 “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu Sherg.az-a açıqlamasında bildirib ki, kitab satışı ilə məşğul olan şəxslərə dövlətin müəyyən güzəşti olmalıdır:

“Öz hesabına şəhərin mərkəzində kirayə götürüb yer saxlamaq indi çox mürəkkəb məsələdir. Ona görə düşünürəm ki, kitab mağazalarına, kitab işi ilə məşğul olan təşkilatlara dövlət xüsusi münasibət göstərməlidir. Məsələn, güzəştli kredit vermək yolu ilə bunu etmək olar. Necə ki, sahibkarlığa dəstək verilir, heç olmasa bu şəkildə kitab işi ilə məşğul olanlara da dəstək verilsəydi daha yaxşı olardı. Düzdür, hazırda dövlətin balansında yerlər yoxdur ki, həmin yerləri kitab satışını edənlərə güzəştli qiymətlərlə kirayə versin. Lakin hər halda kitabın Əlavə Dəyər Vergisindən azad edilməsi mümkündür. Bunun özü böyük dəstəklərdən biridir. Uzun müddətli və aşağı faizli kreditlərin verilməsi də ola bilər. Hər halda kitab mağazasının bağlanmasına çox təəssüflənirəm”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu