Həbs olar, pul cəriməsi isə... - Başqasının yerinə imtahan verən cəzalandırılmalıdır

Dövlət İmtahan Mərkəzi imtahanlarda iştirak edən abituriyent və tələbələrə xəbərdarlıq edib. Xəbərdarlıqda göstərilir ki, başqasının yerinə imtahanda iştirak edən şəxslər cərimələnəcəklər.
 
Belə ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq hüququ verən rəsmi sənədə qanunsuz olaraq başqasının adından digər şəxs tərəfindən məlumatların daxil edilməsi, onun əvəzinə imzalanması və s. hərəkətlər rəsmi sənədin saxtalaşdırılması kimi qəbul olunmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə tövsif edilməlidir.

Xatırladaq ki, burada üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur. 



Ekspert: "Qəti şəkildə pul cərimələrinin əleyhinəyəm"


Təhsil eksperti Nabatəli Qulamoğlu Sherg.az-a deyib ki? DİM qanun pozuntularına yol verilməsinin qarşısını almalıdır. Onun fikrincə, cərimə tədbirlərinin görülməsi çıxış yolu deyil: 

“Sözün düzü, mən DİM-in qərarı ilə razı deyiləm. Elə etmək lazımdır ki, bu cür qanun pozuntularına ümumiyyətlə yol verilməsin. Bu, o qədər də çətin deyil. Sadəcə sənədlər ciddi yoxlanılmalıdır. Tutaq ki, Tibb Universitetinə qəbul olmaq istəyən savadız bir abituriyentin yerinə, başqası imtahan verdi və müvafiq balı topladı. Gələcəkdə həmin savadsız tələbə həkim kimi çalışanda cəmiyyətə hansı faydanı verə biləcək? Onun işi ancaq insanları öldürmək olacaq. Yəni məsələnin bu tərəfini düşünmək, millətin gələcəyini nəzərə almaq lazımdır”.

DİM-in müəyyənləşdirdiyi cərimələrə gəldikdə isə, ekspert vurğulayıb ki, burada da qeyri-müəyyənliklər var: 

“Cəza Cinayət Məcəlləsinin tələbinə uyğun olaraq müəyyənləşməlidir. Az qala, çalışırlar ki, yoldan keçəni də cərimələsinlər. Əlbəttə, bu düzgün deyil. Çünki DİM əsas məqsəddən yayınır. Ancaq düşünürəm ki, azadlıqdan məhrumetmə düzgün qərardır. Belə ki, biz hüquqi dövlətik, hər addımımız qanunla tənzimlənir. Qanunda göstərilir ki, başqasının yerinə imtahan vermək cinayət tərkiblidir. Təbii ki, əməlin cəzası da ona adekvat olaraq müəyyənləşməlidir. Sadəcə, ola bilər ki, müddət bir az azaldılsın. Məsələn iki il yox, bir il olsun. Amma qəti şəkildə pul cərimələrinin əleyhinəyəm. Mənə görə bu, qanunsuzdur. Qanunun tələbinə uyğun olaraq cəza, əmələ uyğun müəyyənləşməlidir.”

Kənan Novruzov

Paylaş

Bizi Facebookda izləyin
menu
menu