Azərbaycan reytinq cədvəllərində inamla irəliləyir

Tahir Kərimli:Çünki ölkəmizin iqtisadi, siyasi, hərbi gücü və beynəlxalq nüfuzu getdikcə artır"


Amerikanın “U. S. News & World Report” jurnalı 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısını açıqlayıb. Reytinq ABŞ-ın ən nüfuzlu siyasi nəşrlərinin birinin saytında dərc edilib. Siyahı Pensilvaniya Universitetinin “BAV Group и Wharton School” Qrupunun analitikləri tərəfindən tərtib edilib.Siyahı tərtib edilən zaman ölkələrin iqtisadi vəziyyəti, hərbi gücü, siyasi təsir dairəsi, dünyada liderliyi, habelə beynəlxalq təşkilatlara üzvlük və iştirakı daxil olmaqla bir sıra amillər nəzərə alınıb. Siyahıda Azərbaycan 45-ci yerdə qərarlaşıb. Ölkəmiz cari ildə əldə etdiyi uğurlara görə, bir neçə Avropa ölkəsini – Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliyanı geridə qoyub.

Siyahıda Azərbaycanın 45-ci yerdə qərarlaşmasının müsbət hal olduğunu söyləyən millət vəkili Tahir Kərimli “Şərq”ə söyləyib ki, ölkəmizdə 9 istiqamət üzrə islahatlar planı, qeyri-neft sektorunun, kənd təsərrüfatının, həmçinin ixrac potensialı olan digər sahələrin inkişafına dair konvensiyalar hazırlandı. Bu islahatlar iqtisadiyyatla yanaşı struktur dəyişikliklərinə də səbəb oldu: 

“Konstitusiyada, qanunlarda dəyişiklik baş tutdu. Hökumətin heyəti yenilənərək gənc, istedadlı kadrlar hakimiyyətə gətirildi. ASAN xidmətin rolu daha da artdı, bu, şəffaf, korrupsiyasız təşkilat dünyada Azərbaycan brendi olaraq nümunə göstərildi. Belə olan halda islahatlar öz bəhrəsini verməyə başladı. Adi hal sayılsa da, bu gün artıq Rusiya və digər bu kimi dövlətlərlə yanaşı ərəb ölkələri də nar məhsulu almaq istəyini bildirirlər. Bu o deməkdir ki ixrac şaxələnir, ölkəyə valyuta daxil olur, insanlar işlə təmin olunur. Elə bir sahə yoxdur ki, onlar canlandırılmasın. Pambıqçılıq, üzümçülük, fındıqçılıq, tütünçülük, çəltik əkimi, bir sözlə bütün sahələrdə artıq yüz minlərlə insan işə cəlb olunub və evlərinə əmək haqqı aparırlar”.

Millət vəkili diqqətə çatdırıb ki, hazırda Azərbaycanda regionların iqtisadi proqramları həyata keçirilir:


“Azərbaycan enerji təchizatına görə dünyada 1-ci ölkə sırasına çıxdı. Çox ciddi hava, dəmir yolları, şose yolları şəbəkəsini yaradılır. Hər il orta hesabla 1200 km-dən artıq yollar çəkilir. Bu həm iqtisadiyyat, həm də mədəniyyət deməkdir. Prezident İlham Əliyev güclü lider kimi ölkəsini inkişaf etdirir. Tarixə kiçik ekskursiya etdikdə görərik ki, dövlətlərdə, o cümlədən Azərbaycan yalnız güclü liderlər olanda çox böyük memarlıq abidələri yaradılır, ziyalılar yetişir, bütün sahələrdə inkişaf olur. Bu da göz qabağındadır ki, indi Azərbaycanda islahatlar daha sürətli, davamlı şəkildə aparılır. İnanıram ki, bu proses hələ də davam edəcək, bir sıra çevik mexanizmlər işə salınacaq. Artıq Azərbaycan çox ciddi loqistika, nəqliyyat mərkəzləri, gəmiçilik, avtomobil, böyük ticarət, aqro, sənaye parklarının əsası qoyulub. Demək olar ki, Azərbaycanın makroiqtisadi göstəriciləri, iqtisadi müstəqilliyi və təhlükəsizliyi tam təmin olunub. Gələn il daha çox məhsul istehsal olunacaq, ixrac ediləcək. Azərbaycanın iqtisadi, siyasi və hərbi gücü getdikcə artır. Dağlıq Qarabağ məsələsinin həllinə daha çox yaxınlaşırıq. Azərbaycanın artıq beynəlxalq nüfuzu artır və bu da reytinq cədvəllərində möhkəmlənməsinə, irəliləməsinə gətirib çıxarır”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu