Qocaları fırıldaqçılar aldadır: Diqqətli olsunlar! - SOS

Zəhmət çəksinlər, bir-bir qapıları döyüb pensiyaçıları məlumatlandırsınlar



Nazirlik sosial çarxlar sifariş etsin, televiziyada yayımlansın, xəbərdarlıqedici mətnlər hazırlasınlar



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiyaçılara xəbərdarlıq edib. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, naməlum şəxslər pensiyaçılara zəng edərək onlara pensiya məbləğlərinin artdığını deyirlər və artan məbləğin guya pensiya kartlarına yüklənməsi üçün onlardan pensiya kartlarının nömrələrini istəyirlər.

"Bəzi KİV-lərdə dələduzların pensiyaçı şəxslərə zəng edərək onlara pensiya məbləğlərinin artdığını bildirməsi, artan məbləğin guya pensiya kartlarına yüklənməsi üçün onlardan pensiya kartlarının nömrələrini istəmələri barədə məlumat yayılıb. Həmin zəng edənlərin məqsədi pensiyaçıları aldadaraq onların kartlarından vəsait oğurlamaqdır. Ona görə də pensiyaçıların diqqətinə çatdırırıq ki, heç bir pensiyaçıdan kart məlumatları istənilə bilməz və heç kimə də öz kart məlumatlarını verməsinlər. Onu da bildirim ki, pensiya artdığı halda heç bir pensiyaçıya bu barədə evinə zəng edib məlumat verilmir, sadəcə olaraq artan məbləğ avtomatik şəkildə hesablarına köçürülür", nazirlik rəsmisi vurğulayıb.

Pensiyaçıları necə qorumaq olar? Fazil müəllimin xəbərdarlığının əksər pensiyaçılara çatacağını ehtimal etmək çətindir. Bu günlərdə qardaş Türkiyədə buna bənzər olay yaşanıb. Fırıldaqçı yaşlı qadını nə az, nə çox, tam 3 dəfə soyub. Qadının evinə guya pulların yoxlanması məqsədilə daxil olan fırıldaqçı evdəki pulları oğurlayıb. Təqaüdçülər, evdə tənha yaşayan ahıllar başa gələ biləcək mümkün fırıldaqlardan necə qorunsunlar? 



“Vətəndaş” İctimai Birliyinin sədri Günel Səfərova bu məsələdə əsas məsuliyyətin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərində olduğunu dedi: 

- Nazirliyin əməkdaşları, “Könüllülər qrupu” var. Ölkə üzrə pensiyaçıların siyahısı nazirlikdədir. Ünvanları da bilinir. Zəhmət çəksinlər, bir-bir qapıları döyüb pensiyaçıları məlumatlandırsınlar. Bizim dövlət strukturlarının əsas problemi əhali ilə birbaşa təmasda olmamasıdır. Əhali ilə işləmək lazımdır. Təqaüdçülər də birbaşa nazirliklə əlaqə yaratmalı, işləməli olduğu təbəqədir. Ölkədə 1-2 milyon pensiyaçı ola, ya olmaya. Nə çətin işdir ki, onların hamısını fərdi şəkildə xəbərdar etmək?! Bölgələrdə bu işi icra hakimiyyətləri, bələdiyyələr, kənd, qəsəbə nümayəndəlikləri, yəni yerli icra orqanları həyata keçirməlidir. Nazirlik sosial çarxlar sifariş etsin, televiziyada yayımlansın, xəbərdarlıqedici mətnlər hazırlasınlar. Maarifləndirici proqramlar efirə verilsin. Seçkilərlə bağlı necə məlumat verilirsə, eləcə də pensiyaçıları gözlənilən təhlükədən xəbərdar etsinlər. Mənzil-istismar sahələri, Kommunal-təsərrüfatı idarələri səsvermədə iştirak vərəqələrini qapı-qapı paylayırlar. Bu işi də həyata keçirsinlər. 

Günel Səfərova bildirdi ki, hazırda bütün dünyada kiber-cinayətlər yayılıb:                            

- Texnologiya inkişaf etdikcə kiber-cinayətkarlıq da inkişaf edir. Onlayn cinayətlər hazırda çox geniş yayılıb. Bəzən gənc, savadlı insanlar kiber hücumların qurbanı olur. Bu halda təqaüdçülər əlbəttə risk altındadır. Bunun qarşısını almaq üçün yalnız güclü maarifləndirmə işləri aparılmalıdır. Təqaüdçülər, ümumiyyətlə, bütün əhali qrupları məlumatlandırılmalı, hamıya ehtiyatlı olmaq tövsiyə edilməlidir.

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu