“Seçkilərə istisnasız qələbə üçün gedirəm” – Türkiyə təhsilli poliqlot siyasətçi iddialıdır


Kamal İlhamoğlu:“Seçki texnologiyasının “pr” nəzəriyyəsini oxumuşam və oxuyuram. Qalır, bunu praktikada tətbiq etmək”

“Artıq seçicilərimizin yaş qruplarına görə, bölünməsini, hədəf kütləni, hansı seçici qrupuna necə müraciət edəcəyimizi belə müəyyənləşdirmişik”

Son aylar ölkəmizdə aparılan struktur və kadr islahatları, bunun fonunda parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ictimaiyyətdə yüksək əhval-ruhiyyə yaradıb. Perspektivli gənc kadrların vəzifələrə çəkilməsi məxsusi olaraq, gənclərdə seçkiyə böyük ümid yaradıb. Bu ümidin işartılarını cəmiyyətdə, eləcə də sosial mediada aydınca müşahidə etmək mümkündür. İntellektual potensialı yüksək olan gənclər parlament seçkilərinə maraq göstərib, bu marafona qatılacaqlarını iddia edirlər. Belə gənc siyasətçilərdən biri də Səlimov Kamal İlham oğludur. Biz də bu gənc siyasətçini daha yaxından tanımaq və onu ictimaiyyətə təqdim etmək üçün özü ilə əlaqə saxlayıb, söhbətləşdik. 

-Zəhmət olmasa, özünüz haqqında məlumat verin...

 -1989-cu ildə Kürdəmir şəhərində anadan olmuşam. 2007- ci ildə Qərb universitetinin Beynəlxalq Jurnalistika ixtisasına qəbul olunmuşam. Bakalavr pilləsini baş vurduqdan sonra həqiqi hərbi xidmətə yollanıb, xidməti uğurla başa vurmuşam. Tələbə vaxtı bir sıra mətbu orqanlarda yazılarım dərc olunub. Hərbi xidməti başa vurduqdan sonra 2015-ci ilə qədər müxtəlif qurumlarda ixtisasıma uyğun çalışmışam. 2015- ci ildə Türkiyə Dövlətinin təqaüd proqram ilə magistr təhsili üçün Türkiyəyə getmişəm. “Ege” Universitetini magistr təhsilimi başa vurduqdan sonra yenidən Türkiyə Cumhuriyyətinin təqaüdünü qazanaraq doktorantura pilləsini qazanmışam. Hazırda təhsilim davam edir. Türkiyədə təhsilimə davam etdiyim müddətdə müxtəlif  media orqanları ilə əməkdaşlığımı davam etdirmişəm. Hətta mənim redaktorluğumda “Dünyanın Səsi” adlı qəzet çıxarmışıq.

- Siyasətlə nə vaxtdan maraqlanmağa başlamısınız? 

-Siyasətlə maraqlanmağım 2000 -ci illərin əvvələrinə təsadüf etsə də, yaşımın azlığı və ya siyasi mühit proseslərin yaxında iştirakçısı olmağıma mane olurdu. Daha sonra özümə yaxın siyasi partiya görmədiyim üçün heç birinə üzv olmasam da müxtəlif siyasi tədbirlərdə iştirak edirdim. 

-Bildiyim qədər, AĞ Partiyanın üzvüsünüz... 

-AĞ Partiyanın təsis qurultayını mediadan eşitmişdim. Şəxsi tanışlığım olmasa da, iştirak etdim, partiya üzvləri ilə yaxından tanış oldum. İdeoloji olaraq da özümə yaxın hesab  etdiyim üçün AĞ Partiyaya üzv olmağa qərar verdim. 

-Parlament seçkilərində 57 saylı Kürdəmir seçki dairəsindən namizədliyinizi irəli sürməyi açıqlamısınız. Bu istək haradan, nədən doğdu?

-Əvvala,  onu qeyd edim ki, mən siyasi partiyanın üzvüyəm, siyasətçiyəm. Bir sözlə siyasətçinin varlığı eyni zamanda onun siyasi proseslərdə iştirakından keçir. Dediklərim yalnız seçkilərdə iştirak olaraq başa düşülməməlidir. Ancaq seçkilər bütün hallarda siyasilər üçün önəmli prosesdir. Bəzi siyasilər,  hətta müxalifətin parlament seçikilərində bir sıra  dairələrdə qələbə əldə edəcəyi təqdirdə belə bunu “Pirus qələbəsi” nə yəni məğlubiyyətə bərabər qələbə hesab etsələr  də onlardan fəqli olaraq mənsubu olduğum AĞ Partiya da seçkilərdə iştirak barədə qərar qəbul etdikdən sonra mənə namizəd olmağı təklif etdilər. Mən də öz növbəmdə bu etimad üçün onlara təşəkkür etdim. Və böyük məmnuniyyətlə qəbul etdim. 

-Niyə 57 saylı  Kürdəmir seçki dairəsini seçdiniz?

-Mən orda doğulub boya-başa çatmışam. İlk uğurlarımı Kürdəmirdə əldə etmişəm. Rayon ictimaiyyəti istər istəməz məni tanıyır. Məni tanımayan valideynlərimi tanıyır. Qohum-əqrabam orada yaşayır. Ən vacib məsələ odur ki, mən Kürdəmirdə daha rahat təbliğat apara bilərəm, nəinki başqa bölgələrdə. Bilirsiniz, mən namizəd olmaq  xətrinə namizəd olanlardan deyiləm. Bütün hallarda qələbəyə köklənmişəm. Bunun üçün də Kürdəmirdən daha əlverişli seçki dairəsi görmürəm.

-Son zamanlar aparılan kadr və struktur islahatlardan da görürük ki, daha çox gənc və bir neçə xarici dil bilən kadrlara üstünlük verilir. Belə olan halda özünüzü nə qədər şanslı hesab edirsiniz?

-Özümü Kifayət qədər şanslı hesab edirəm. Bunun bir neçə səbəbi var. Yuxarıda vurğuladığım kimi, hazırda doktorantura pilləsində təhsil alıram. İki il sonra artıq elmi ünvanım olacaq. Müxtəlif xarici ölkələrdə elmi konferanslarda, simpoziumlarda elmi məqalələrlə çıxış etmişəm. Önümüzdəki il üçün artıq xarici ölkədə konfrans üçün dəvət almışam. Bir neçə  xarici dil bilirəm. Yəni bir sözlə cəmiyyət bu gün bir dəyişikliyin, savadlı kadrların seçiləcəyinə inanmağa başlayıb.  Mən də özümü naliyyətlərimlə yetərincə savadlı kadr kataqoriyasında hesab edirəm. 

-Seçkidə iştirakda əsas məqsəd nədir və kürdəmirlilərin sizi dəstəkləyəcəyi ehtimalı nə qədərdir?

-Son islahatlar cəmiyyətdə yüksək əhval-ruhiyyə yartdığından bir çox gənc seçkilərdə iştirak edir.  Gənclərin bu aktivliyinə sevinən insanlar olduğu qədər, buna qarşı çıxan, “niyə bu qədər namizəd olmaq istəyən var” deyib müxtəlif arqumentlər irəli sürənlər də az deyil. Bəzi kəsim də özünü sınamaq, təcrübə toplamaq və  bunun kimi bir neçə əsaslarının olduğunu söyləyir.  Mənim isə fikrim qətiyyən elə deyil. Seçkilərdə ilk dəfə özüm namizəd olaraq istirak etmiş olsam da, indiyə qədər olan müxtəlif seçkilərin bütün mərhələlərinə qatılmışam. Müxalifət namizədlərinin səlahiyyətli nümayəndəsindən tutmuş seçki müşahidəçisinə qədər. Yəni mənim məqsədim təcrübə, az da olsa özümü tanıtmaq və s deyil. Mən seçkilərə istisnasız qələbə üçün gedirəm. Seçilmə şansımı yüksək qiymətləndirirəm. Parlament seçkilərinin növbədənkənar olacağını partiya olaraq proqnozlaşdırdığımız üçün mən öncədən müxtəlif vasitələrlə Kürdəmir sakinlərinin nəbzini yoxlayırdım. Beləliklə, onların tələblərinə cavab verən namizəd olduğumu görürəm. Bilirsiniz, seçici sosiologiyası üzrə mütəxəssislər Stanley Feldman və Karen Stennerin  "təhdid" anlayışı  kütlələri bir- birinə daha da yaxınlaşdırır” deyir. Yəni komandamızın ilk vəzifəsi Kürdəmir seçicilərini inandırmaqdan keçir ki, siz gəlib seçkidə iştirak etməsəniz yenə də sizinlə maraqlanmayan bir millət vəkili ilə qarşı- qarşıya qalacaqsınız. Belə bir “təhdid” sizi gözləyir.  Tək bir iş qalır insanların seçkidə aktivliyinin kütləvi olmasına nail olmaq. Mən və komandam buna nail olacağımız  təqdirdə seçkidən qələbə ilə ayrılacağımıza şübhə yoxdur.

-Nə kimi addımlarla, yeniliklərlə fərqlənməyi, seçicilərin diqqətini cəlb etməyi düşünürsünüz?

-Həyata keçirəcəyim kampaniyamın bütün plan və proqramı demək olar ki , artıq hazırdır. Bütün detalları indi açıqlayıb, rəqiblərimi məlumatlandırmaq istəmirəm. Sadəcə, onu deyə bilərəm, mən seçki texnologiyasının, “pr” nəzəriyyəsini oxumuşam və oxuyuram. Qalır, bunu praktikada tətbiq etmək. Artıq seçicilərimizin yaş qruplarına görə bölünməsini, hədəf kütləni, hansı seçici qrupuna necə müraciət edəcəyimizi belə müəyyənləşdirmişik. Sosial şəbəkələrdə, hədəf kütləmizə xitab edəcək senarilərlə hazırlanacaq video çarxlar və s. gündəmimizdə var. Qalanını namizədliyim təsdiqlənəndən sonra təqdim edəcəyik.


 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu