İnsanlar gec sağalır: "Hazırkı qrip bizim 20-ci əsrdə rastlaşdığımız qrip deyil"

"Dekabrı az qala başa vurmaq üzrəyik, amma qış havası yaşanmır. Sanki təbiətdə 4 fəsil deyil, 2 fəsil var - yay və payız. Yazda hiss olunmur, qış da. Bu cür anomal iqlim dəyişiklikləri immunitet zəifliyinə səbəb olur və nəticədə virus infeksiyaları şiddətlənir"



Şəhərdə qrip yayılıb. Həkimlər, mütəxəssislər nə qədər desələr də ki, “hər xəstəlik qrip deyil. Bu adi soyuqdəymədir”, əhalinin dilində yenə də “qripdir”, nədənsə camaat qripi bütün xəstəliklərin “şahı” hesab edir. Haqsız da sayılmaz. Çünki bu xəstəliyə tutuldunmu, sağalmaq bilmirsən. Yalan olmasın, 2 adamdan biri xəstədir: üşütmə, əzginlik, boğaz ağrısı, öskürək, qızdırma, halsızlıq, iştahsızlıq, başağrısı… 

İnsanları isə xəstəliyə tutulmaqdan daha çox ondan necə xilas olmaq düşündürür. Daimi məsləhətlər yenə qüvvədədir; virusa yoluxmamaq üçün immunsistemi gücləndirmək, həkim müayinəsindən keçmək, əhalinin sıx toplaşdığı yerlərdən mümkün qədər uzaq olmaq, ev şəraitində müalicə olunmaq, tibbi maskalar taxmaq və bir də, ən əsası - asqıranda ağzı dəsmalla, salfetlə qapamaq. Evə gələndə əlləri sabunla yaxşı-yaxşı yumaq, şəxsi gigiyenaya diqqət etmək. Məsələnin digər heç də az əhəmiyyətli olmayan tərəfi isə bizim camaatın xəstəliyə qarşı «antibiotik qalxanı» həssaslığıdır. Kimi dindirirsən, «neçə gündü, xəstə idim, antibiotik vurdurdum, bir az özümə gəlmişəm…» deyir. Halbuki, mütəxəssislər antibiotiklərin insan sağlamlığı üçün zərərli olduğunu illərdir söyləyir. 

Avropada 2020-ci ildən etibarən antibiotik dərmanların istehsalı ümumiyyətlə dayandırılacaq. Amma bizdə hələ ki, sağalmağın «yeganə və əvəzsiz» vasitəsi antibiotiklər hesab edilir. Yəni, həkimlərin xəstələrə yazdığı reseptlərdə antibiotik dərmanlar çoxluq təşkil edir. Qohum-qonşu da, bildi-bilmədi, antibiotik qəbul etməyi, ya da iynəsini vurdurmağı məsləhət görür. Hamımız İbn Sinanın “tələbəsiyik” sanki… 

Həkim-terapevt Şahvələd Məmmədov “Şərq”ə açıqlamasında yuxarı tənəffüs yolları xəstəliklərinin daha çox mövsümi xarakter daşıdığını dedi: 

“Bu xəstəliklər payız-qış aylarında özünü daha çox göstərir. Əhali arasında geniş yayılan qrip virusunun şəklini dəyişmiş forması da ola bilər. Ona görə də xəstəlik bəzən uzunmüddətli olur. Yoluxmuş insan gec sağalır. Yəni, hazırkı qrip bizim 20-ci əsrdə rastlaşdığımız qrip deyil”. 

Kəskin respirator xəstəliklərin niyə məhz payız-qış aylarında artmasına gəlincə, Ş.Məmmədov bunun iqlim anomaliyalarının doğurduğu immun zəifliyi ilə əlaqəli olduğunu dedi:

“Bizim əhalidə belə bir deyim var ki, qar yağsaydı, xəstəliklər azalardı, mikroblar ölərdi və sairə. Amma bu el deyimi 21-ci əsrdə artıq məna yükünü itirməkdədi. Çünki dünyada qlobal iqlim dəyişiklikləri baş verir və Azərbaycan da dünyanın bir parçası kimi bunu iqlim şərtlərində hiss edir. Son illər mövsümlərdəki iqlim dəyişikliyinə baxın, aprelin sonlarına kimi isti geyimləri əynimizdən çıxarmadıq. İyun ayında anomal istilər oldu. Dekabrı az qala başa vurmaq üzrəyik, amma qış havası yaşanmır. Sanki təbiətdə 4 fəsil deyil, 2 fəsil var - yay və payız. Yazda hiss olunmur, qış da. Bu cür anomal iqlim dəyişiklikləri immunitet zəifliyinə səbəb olur və nəticədə virus infeksiyaları şiddətlənir. Kəskin respirator xəstəliklərin əsas səbəbi də iqlim dəyişikliyi və immunitet çatışmazlığıdır. Ona görə də əhali bunları nəzərə alıb mümkün qədər özünü qorumalıdır. Çalışmalıdır ki, immunitet zəifləməsin. Bədəni möhkəmləndirəcək qidaları mümkün qədər qəbul etmək, idmanla məşğul olmaq, orqanizmi möhkəmləndirmək lazımdır. Soyuqlayanlar, xəstələnənlər bacardıqca çox maye qəbul etməlidir. Bədəni zəiflətmək olmaz. Onda orqanizm xəstəliyə müqavimət göstərə bilmir. Əlbəttə ki, həkim müayinəsi mütləqdir. Müayinənin nəticəsi olaraq da müalicə kursu təyin edilməli və ona əməl edilməlidir.

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu