Röyanın hərəkəti alqışlandı: “Çoxlarına nümunə olmalıdır”

"Xalq artistinin şəhid anasının evini təmir etdirməyi üzərinə götürməsi mərd addımdır"



Xalq artisti Röya Ayxan bir müddətdir sosial şəbəkələrdə gündəm olan 77 yaşlı Əsmər Cəfərova ilə görüşüb. Sənətçi komandası ilə birgə Qazaxın Quşçu Ayrım kəndinə gedib, Əsmər nənənin qonağı olub.  

R. Ayxan mətbuata yaydığı açıqlamada evin təmirini öz üzərinə götürdüyünü qeyd edib: “Mərdcəsinə kömək istəyən insanlardan xoşum gəlir. Videonu izləyərkən qadının danışıqlarını sevdim, qərara aldım ki, onunla görüşüm. Təəssüratlarım böyük və gözəldir.  Qazaxa getdik, Əsmər xanıma dedim ki, iki oğul böyütmüsən, biri əsgərdir, digəri Qarabağ döyüşçüsü. Bizə düşən odur ki, xanımın o şəraitdə yaşamasına icazə verməyək. İnanırsız, evin döşəməsi yoxdur, palçığın içində yaşayır. Gücüm çatan hər şeyi öhdəliyimə götürdüm. 



Hər kəsdən rica edərdim, xüsusilə icra başçılarından. Rəhbər olduqları rayonlara diqqət yetirsinlər. Elə ailələr var ki, işləyir, dolanışıqlarını təmin edə bilir. Amma istərdim ki, bu cür yaşlı insanların yaşayışına diqqət yetirsinlər. Burada çətin bir şey yoxdur. Mənim 1-2 toyumun puludursa, onlar üçün heç nədir. Bunu tək mən etdim, amma başqaları da var. Bayram günü hamını sevindirin”.

Xatırladaq ki, Ermənistanla həmsərhəd Quşçu Ayrım kəndinin sakini Əsmər Cəfərova şəhid anasıdır. Şəhid oğlunun məzarı da evin qarşısındakı bağçadadır. Əsmər nənə “şəhidimin məzarını burda qoyub, heç yerə getmərəm” deyir. Bu qeyrətli ananın evinin bərbad halda olması sözün bitdiyi yerdir. 



Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Şərq”ə açıqlamasında Xalq artisti Röya Ayxanın şəhid anasının evini təmir etdirməyi üzərinə götürməsini mərd addım adlandırdı:

- Röyanın hərəkəti çoxlarına nümunə olmalıdır. Necə olur ki, müğənni xanım şəhid anasının ağır durumundan xəbər tutub evinə gedir, onunla görüşür, yardım göstərməyə başlayır, amma illərdir yerli icra hakimiyyəti orqanları bunu görmür? Çox sağ olsun, Röya. Mən onu alqışlayıram. Pul qazanan, sərvət sahibi olan, biznes şəbəkəsi quranlar Röyadan nümunə götürsünlər. Bütün bölgələrdə icra hakimiyyətləri şəhid, qazi ailələri ilə bu şəkildə yaxından maraqlanmalı, problemlərini öyrənməli və yardım göstərməlidir. Hər rayon, bölgə şəhid ailələrini də, müharibə veteranları, müharibə əlillərini də yaxşı tanıyır və tanımalıdı. Şəhid ailəsinə, müharibə əlilinə hər yerdə ən yüksək diqqət göstərilməli, hörmət edilməlidir. İndiyədək Əsmər ananın evi gərək çoxdan təmir ediləydi. Röya bunu etdisə, halal olsun ona.

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu