Tələbə təqaüdü: Hər kəsi öz biliyinə və bacarığına uyğun qiymətləndirmək lazımdır

Çalışan, oxuyan tələbə ilə vaxt keçirən tələbəyə bərabər təqaüdün verilməsi ədalətli olmaz



2019-cu ildə akademik göstəricilərə çox ciddi təsir edən amil olan, 110 min nəfər tələbəni əhatə edən təqaüd məbləğləri orta hesabla 20 faiz artırılıb. Bunu təhsil naziri Ceyhun Bayramov bildirib. Nazirin sözlərinə görə, dövlət başçısı tərəfindən təqaüd yerlərinin 16 min vahid artırılması barədə verilən sərəncamda növbəti müddətlər üçün konkret hədəflər qoyulub. Belə ki, 2019-2020-ci akademik ilində ali təhsil sistemində ən azı 45 faiz, növbəti illərdə isə ən azı 50 faizdən az olmayan tələbənin təqaüd alması təsbit edilib.

Təqaüdlərin 20 faiz artımı əlbəttə müsbət haldır. Bəs tələbənin təqaüdü nə qədər olmalıdır ki, özünü normal təmin edə bilsin? 

Təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında qeyd etdi ki, təqaüd məsələsi bəzən yanlış anlaşılır:

- Təqaüdü arxa qapıdan almaq da sadəcə məntiqsizlikdir və təhsil haqqı 50 mindirsə, ondan 20 min təqaüd vermək normaldır, amma əgər realdırsa. Yəni real təhsil haqqı 30 mindirsə, onun üstünə 20 min qoyub sonra tələbəyə də 20 min təqaüd vermək kimi. Normalda xaricdə təhsil işçiləri təqaüd verə bilməz. Çünki belə bir proqram yoxdur. Amma təəssüflər olsun ki, buna aldananlar var. Belə şeylərə aldanmaq lazım deyil, əsas sizin büdcənizə uyğun ölkə seçməlisiniz və reallığı qəbul edib oxumalısınız. Çünki bundan sonra nə manat baha olacaq, nə dövlət çox təqaüd verəcək, nə də Türkiyə çox yer ayıracaq. Azərbaycanda təqaüd anlayışının ilkin mərhələsi bitib və məqsəd aydın idi. Tələbələrin xaricdə oxumağa marağını artırmaq. Amma təəssüflər olsun ki, bəzi şirkətlər bunu yanlış tərəfə çəkməklə insanları aldadırlar. İndi isə ikinci mərhələ gələn ildən tətbiqə keçəcək. Hədəf daha real və MERİT-BASED əsasında tələbələrə təqaüd ayırmaq. Əminəm ki, bu mərhələdə təqaüd alan tələbələr heç vaxt işsiz qalmayacaq. Hər şey məqsədli olsa, sadəcə min tələbədən 600-ü deyil, 100 tələbə təqaüd alacaq və bu da real olacaq.



Dünyada məşhur olan təqaüdlərdən bir növü də hansısa iri şirkətlər və ya imkanlı şəxslər tərəfindən verilənlərdir. Amma bunların heç bir hüquqi əsası yoxdur. Yəni hansısa şirkətin və ya şəxsin müəyyən etdiyi təqaüdü almaq üstünlük hesab oluna bilməz. 

2010-cu ildən universitetlər özünü maliyyələşdirməyə keçib və dövlət təkcə tələbə təqaüdlərini ödəmir, eyni zamanda 52 ali təhsil müəssisəsində təhsil alan 60 min tələbənin həm də təhsil haqlarını ödəyir. Yəni bura dövlət sifarişli ixtisaslar üzrə təhsil alanlar və sosial statusuna görə təhsil haqqından azad olunanlar daxildir. Nəzərinizə çatdırım ki, bu gün təhsilimizdə standart, prezident təqaüdü, xüsusi təqaüd və adlı təqaüdlər sistemi mövcuddur. Bunlardan başqa bəzi universitetlərin daxili təqaüd proqramları da var. Yəni Universitetə qəbulolma balına uyğun təqaüd, bir də tələbənin universitet həyatındakı fəaliyyətinə görə təqaüd. Yəni hər bir tələbənin, hətta 100 faiz təhsil alanların belə təqaüd almaq imkanı var. Amma çalışan, oxuyan tələbə ilə vaxt keçirən tələbəyə bərabər təqaüdün verilməsi ədalətli olmaz. Ona görə də, hər kəsə öz biliyinə, bacarığına uyğun təqaüd vermək, qiymətləndirmək lazımdır. 

K.Əsədov təklif edir ki, tələbələrə yalnız dövlət büdcəsindən deyil, həmçinin Təhsil Nazirliyindən və universitetlərin ödənişli təhsildən aldığı vəsaitlər hesabına yaradılan Fonddan adlı (rektor, prorektor, dekan) təqaüdlər verilə bilər:

- Qeyd edim ki, hazırda ölkədə SABAH təqaüdü – 50 manat, “Gələcəyin müəllimi” təqaüdü – 100 manat, Kənd təsərrüfatı tələbə təqaüdü – 100 (yüz)- 200 (iki yüz) manat, AZERCELL tələbə təqaüdü – 200 manat, SOCAR tələbə təqaüdü – 100 manat və 20 universitetdə tanınmış şəxslərin adına adlı təqaüdlər var. Misal üçün, Bakı Dövlət Universitetində 22 ziyalının adına təqaüd verilir, «Azərbaycan” Universitetində “Şəhid Fəxrəddin Qurbanlı adına təqaüd” - 500 manat verilir, «Odlar Yurdu» Universitetində isə 9 adlı təqaüd sistemi mövcuddur.
Hesab edirəm ki, tələbələrin yaşayış xərclərini azaltmaq, onların yataqxana təminatı üçün dövlət büdcəsinin investisiya xərclərindən vəsait ayrılmalı və tələbələr üçün Dərnəgül qəsəbəsində və Yasamalda ümumi yaşayış kompleksi tikilməli, həmin ərazidə məskunlaşan məcburi köçkünlər isə yeni yaşayış massivlərinə köçürülməlidir. Bu, tələbələrin xərclərinin xeyli azalmasına səbəb olardı. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu