"Lap elə məndən başlayın" - Feyziyyə Soltanmurad

Kimi niyə bəyəndiyinizi də deyin, niyə bəyənmədiyinizi də

"Ciddi qadın imzasının olmaması o demək deyil ki,  ümumiyyətlə, qızlarımız yaza bilmir"


Ötən sayımızda "Xanım yazarlar arasında ciddi imza varmı" başlığı altında yazı dərc etmişdik. Mövzuya səbəb olan da şair, tərcüməçi Çingiz Əlioğlunun qadın yazarlar arasında ciddi imza görmədiyini deməsi olmuşdu. Gənc şairə Feyziyyə Soltanmurad müzakirələrlə bağlı "Şərq"ə açıqlama verib. Onun fikirlərini təqdim edirik.

- Sosial şəbəkələrin birində "Hansı qadın yazarı və onun hansı mətnini bəyənirsiniz? " deyə bir müzakirə açdım. Çox yaxşı haldır ki, xeyli tanınan xanım müəlliflər var və bir çoxunun adı sadalandı. Əslində bu müzakirə qəbul edilməli olan həqiqəti ortaya qoydu. Həqiqətsə, hamı bilir ki, deyilsə də, deyilməsə də həqiqət olaraq qalır. Yəni onu danmaqla həqiqət yoxa çıxmır. Həqiqətsə ondan ibarətdir ki, hesabımda kifayət qədər intellektual, necə deyərlər, kitab qurdu olan insanların olmasına baxmayaraq ədəbi mühitdən kənar kimsə bir imza adı çəkmədi. Yəni bu o deməkdir ki, biz adamları kitab oxumamaqda günahlandıra bilmərik. Bu gün elmin, texnikanın, informasiyanın olduqca sürətlə yeniləndiyi, yeni ideyalarla zəngin kitabların davamlı çap olunduğu, tərcümə olunduğu dövrdə oxucunu özünə cəlb etmək, qızıl, lap elə briliant vaxtını ayırması üçün meydana çox fərqli ideyayla, üslubla, janrla və s. çıxmaq lazımdı. Oxumayana kitab oxutdurmaq ayrı mövzudur, oxuyanın da uzun kitab siyahısına düşmək üçün isə yazmaqdan qabaq fikirləşməliyik.
 Mənim şeirimi ədəbi mühitdə olmayan, məni şəxsən tanımayan biri oxumayıbsa, "mən yaxşı yazıram, sadəcə, məni oxumurlar", deyə bilmərəm. Çünki sərhədləri, dilləri aşıb özünü oxucuya tanıdan müəlliflərdən ayıbdı. Onlar məsafə və dil deyə sərhədləri aşıb oxucuya çatıbsa, burdan-bura oxucuya çatmamaq və həqiqətlə üz-üzə gəlmək çətin olmamalıdır. Çingiz müəllim dəyərli ziyalımızdır, ağsaqqalımızdır. Ola bilər, kimsə onu imza kimi tanımasın, əlbəttə, bu da bir haqdır və onu tanımaq lazımdı. Amma kiminsə bir misrası, bir mətni digər məşhur mətnlər kimi dildən-dilə ötürülüb, Türkiyə türkcəsi ilə desək, "önərilib" oxucuya çatmayıbsa, burda heç kim günahkar deyil. Mən ədəbi mühitin səhnəsindən illərdi asılıb nimdaşlaşmış saxta, dostbaz, tanışbaz, qohumbaz münasibətlərin yaratdığı yalan pərdəsini açıb atmağın vaxtının çatdığını düşünürəm. Bu isə elə çətin və ağır işdir ki, bunun öhdəsindən yazar olaraq qadınlı-kişili birləşib gələ və nəhayət, aydınlana bilərik.
Yazarlar mətnlərə dürüst qiymət verməkdən çəkinməməlidirlər. Ölkədə islahat gedirsə, bunu yazarlar niyə etməsin? Hər yerdə hamını yalandan tərif etmək modundan dürüst olmaq, həqiqəti söyləmək moduna keçməyə bizə kim mane olur? Bu, kimisə rüşvət almaqda ittiham etmək kimi qorxulu olmamalıdır. Bu mətndir də, fikir hadisəsidir, hiss hadisəsidir, söz hadisəsidir - kim necə istəyir dəyərləndirsin. Əxlaqsızlıq və ya cinayət deyil ki, insanlar bunu etiraf etməkdən qaçsın.

 Sağlığında anam üçün məndən yaxşı şair yox idi, indi də çap olunmuş və olunmamış mətnlərimlə həyat yoldaşım üçün əvəzsiz müəllifəm. Və daha beş tanışım, on qohumum üçün də bu belədir. Amma bu o demək deyil ki, Çingiz müəllim və ya sıradan bir oxucu məni oxumalı və yadda saxlamalıdı. Əgər mənim bir misramı bir oxucu oxumayıbsa, demək hələ yaza bilməmişəm. 

Məsələ ilə bağlı şəxsiyyət kimi də, müəllif kimi də dəyərli bildiyim bir neçə yazardan fikirlərini öyrəndim. Əvvəl xətrimə dəyə bilərlər deyə kübarca sualdan yayınmağa çalışdılar, amma sonra çox açıq şəkildə etiraf etdilər: Bəli, qadın yazar deyəndə həqiqətən də yada heç bir ciddi imza düşmür. Və heç kim bu fikrin altında öz imzasını qoymaq istəmir: "Feyziyyə, amandı! Bizi qana salma!" Və gülüş işarəsi.
Yox bir, həbs-qətimkan tədbirləri! Söz azadlığından danışırıq, əziz qələm yoldaşlarım. Yalançı tərifin saxta səsvermədən nə fərqi oldu bəs? Kimi niyə bəyəndiyinizi də deyin, niyə bəyənmədiyinizi də. Lap elə məndən başlayın. 

Amma ciddi qadın imzasının olmaması o demək deyil ki,  ümumiyyətlə, qızlarımız yaza bilmir. Bu o deməkdir ki, biz özümüzə ətrafımızdan daha ciddi yanaşmalıyıq. Bu o deməkdir ki, bizim sürətlə dövrü ilə yarışa girə bilən nəfəsimiz olmalıdı. Adamların nahar vaxtlarından, mütaliə saatlarından kəsib bizi oxuyacaq mərhələyə çatmaq vaxtıdır.

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu