“Məntəqə sədri məni çərlətdi” – Səsvermə prosesindən REPORTAJ

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Hər beş ildən bir təşkil edilən seçkilər ilk dəfə 1999-cu ilin 12  dekabrında baş tutub. Bu gün ölkə üzrə müəyyən edilmiş seçki məntəqələri səhər saat 8-də açılıb, səsvermə başlayıb. Qanunvericiliyə uyğun olaraq seçki məntəqələri saat 19:00-da bağlanacaq. Bu müddət ərzində vətəndaşlar səsvermədə iştirak edəcəklər. 

Qeyd edək ki, ölkədə 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməlidir. Seçkilərdə 13 siyasi partiya iştirak edir. 41 800-dək namizəd qeydiyyata alınıb.



Sherg.az olaraq Bakıdakı bir neçə seçki məntəqəsində səsvermə prosesini izlədik. 

Paytaxtın Nizami rayonunda yerləşən 70 saylı məkəb-liseydəki seçki məntəqəsində oldum. Səhər saatları olmasına baxmayaraq 5 saylı seçki məntəqəsinin həyətində xeyli adam var. Kimiləri məntəqədən çıxır, kimiləri də məntəqəyə daxil olur. Özüm də həmin məntəqədə səs verirəm. 

İçəri girər-girməz,  orta yaşlı bir qadının  nəzərlərini özümdə hiss edirəm. Yəqin ki, seçki məntəqəsinin sədridir.  Əlimdəki bloknot və qələmi masanın üzərinə qoyuram. Bir yandan seçici, bir yandan isə jurnalistəm. İnsanlar bir-bir gəlir, bir neçə dəqiqəyə mövcud prosedur qaydaları yerinə yetirir və məntəqədən çıxırlar. Məntəqə sədri onların hər birinə elə diqqətlə baxır ki... Mən də səs verdikdən sonra məntəqəni tərk edirəm. 



“İnanaq ki, yaxşı olacaq”


Qabaqda addımlayan təxminən qırx yaşlarındakı kişiyə yaxınlaşır, “Necə keçdi?” deyə soruşuram. Təbüssümlə  “İnanaq ki, yaxşı olacaq” cavabını verir. Hiss edirəm ki, çox danışmaq istəmir. Heç mən də artıq sual vermirəm.
 
Qəfil bir səslə arxaya çevrilirəm. Baxıram ki, paralel siniflərdə oxuduğumuz yoldaşlardan biri - Adil Məmmədli məni səsləyir. Görüşürük. Məlum olur ki, o da səsverməyə gəlib. Fikirlərini öyrənirəm. Deyir ki, ilk dəfədir seçkilərdə iştirak edir. Onun fikrincə, seçkilərdə iştirak etmək bütün vətəndaşlar üçün zəruri olmalıdır. Çünki hər kəs idarəçiliklə bağlı öz fikrini, təklifini deməlidir. Nəticələrin nə qədər şəffaf olması ilə sonrakı məsələdir. 

Adillə beş dəqiqəlik dialoqdan sonra yaxınlıqdakı 19 saylı idman məktəbində yerləşən seçki məntəqəsinə yollandım. Bura 29 saylı seçki məntəqəsidir. Əvvəlki seçki məntəqəsinə nisbətən, seçicilər azdır. Seçicilərin birinə yaxınlaşır, vəsiqəmi göstərir və reportaj hazırladığımı deyərək fikirlərini bildirməsini xahiş edirəm. Etiraz edir. Mən də anlayışla qarşılayıram. Onun əvəzinə, Vüqar adlı başqa bir nəfər mənə yaxınlaşır və seçki prosesinin bu dəfə daha ciddi getdiyini söyləyir.



“İnsana elə cavab verirlər ki...”


Əvvəlcədən müəyyənləşdirdiyim “marşrut” üzrə növbəti ünvanım 242 saylı məktəbdir. Bu dəfə düz məntəqənin qapısının ağzında dayanıram. Heç iki dəqiqə keçmir ki, 50-60 yaşlarında bir qadın deyinə-deyinə həyətə çıxır: 

“İnsana elə cavab verirlər ki...”. Görünür məntəqədə əsəbiləşib, nəsə soruşub, izah ala bilməyib. 

Bu məntəqədə seçicilər digər iki məntəqədəkindən çoxdur. Bir qadın azyaşlı övladı ilə gəlib səsverməyə. Danışdırmaq üçün yaxınlaşıb, üzrxahlıqla deyirəm: 

“Bağışlayın, mən də ilk dəfədir seçkilərdə iştirak edəcəm. Necə etmək lazım olduğunu başa sala bilərsiniz?”. 

İzah edir, sonra təbəssümlə “Vallah, kimə səs vermək necə səs verməkdən  daha çətindir” deyir və bu dəfə özü kimə səs verəcəyimlə maraqlanır. Ağlıma ilk gələn namizədlərdən birinin adını çəkirəm.



“Yox əşi, mənim üçün o qədər də əhəmiyyətli deyil”


Sonra bir gəncə yaxınlaşıram. Əl uzadır, mehribanlıqla “Seçkilərdə fəal iştirak edirsiniz, deyəsən”-deyə soruşuram:

“Yox əşi, mənim üçün o qədər də əhəmiyyətli deyil. Bu dəfə maraq üçün gəldim”-deyir və əlavə edir: 

“Məntəqə müdiri (red: məntəqə sədri) məni lap çərlətdi. O qədər sual verir ki... Amma  inanıram ki, hər şey düzgün olacaq. Çünki nəzarət güclü idi. Hətta kameralar da gördüm”. Adını soruşuram. “Mənim adımı nə edirsən ki, burada ancaq namizədlərin adları maraqlıdır. Xüsusilə də indi” - deyir. 

Beləliklə, təxminən bir saatlıq “kəşfiyyat”dan sonra reporatjı yazmağa tələsirəm. Mən də bir vətəndaş kimi inanıram, seçkilər şəffaf keçiriləcək. Əgər mənim səs verdiyim namizəd seçilsə, bəlkə də, daha çox sevinərəm. Amma yox, kim seçilir seçilsin. Təki quutular “sirli” olmasın, səslər “yoxa çıxmasın”...

Kənan Novruzov

Paylaş

Bizi Facebookda izləyin
menu
menu