Tıxacların çarəsi var: Bakı-Sumqayıt yolunun problemini həll etmək olar - TƏKLİFLƏR

İlk növbədə bu yoldakı "Ekologiya postu" oradan götürülməlidir



Prezident İlham Əliyevin göstərişi ilə Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri paytaxt sakinlərini ürəkləndirib. Məlumdur ki, bu yol vətəndaşların ən çox əziyyət çəkdiyi, Sumqayıt, Xırdalan, Masazır, “20 yanvar” istiqamətində hərəkət edən avtomobillərin ən çox tıxacda qaldığı yoldur. Amma artıq magistral yolun genişləndirilməsinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bir müddət öncə KİV-ə açıqlamasında yolun genişləndirilməsi layihəsi haqqında məlumat vermişdi və bildirmişdi ki, yenidənqurma işləri nəticəsində yolda tamamilə maneəsiz hərəkət təşkil ediləcək: 

- "20 yanvar" körpüsündə hərəkətdə olan nəqliyyat vasitələri "Moskva" prospekti boyunca tunelə daxil olaraq heç bir maneə olmadan birbaşa Xırdalan tunelindən keçməklə Sumqayıt istiqamətinə hərəkət edə biləcəklər. Bundan başqa Biləcəri, Xırdalan və Binəqədi istiqamətindən gələn nəqliyyat vasitələri əlavə zolaqlar vasitəsilə yeni tikilən tunelə daxil ola biləcəklər. Yol hər iki istiqamətə genişləndiriləcək. Sumqayıtdan Bakı istiqamətinə olan yolun iki zolaq genişləndirilməsi nəticəsində ərazidə olan "Ekologiya postu" köçürüləcək. Həmçinin yol genişləndirilərkən Bakı Beynəlxalq Avtovağzal Kompleksi və Atıcılıq Mərkəzinin yaxınlığından Xarici Dairəvi yolun altından keçməklə paytaxtın Şərifzadə küçəsinə çıxan yeni tunel tipli yol tikiləcək. Həmin tunel vasitəsilə nəqliyyat vasitələri Alatava istiqamətindən "20 yanvar" dairəsinə və Şərifzadə küçəsi ilə şəhərin digər istiqamətinə hərəkət edəcəklər.

Yeni layihəyə əsasən həmçinin Xırdalan dairəsinin altından keçən tunel də genişləndiriləcək: "Həmin tuneldə hər iki istiqamətə yol zolaqları ikidən 4-ə çatdırılacaq. Burada tıxacı azaltmaq üçün yeni tunellər tikiləcək, yol genişləndiriləcək. Zolaqlar dəmir maneələrlə ayrılacaq və sürücülər gedəcəyi istiqaməti əvvəlcədən seçməli olacaqlar.



Ağaclar yenə əkiləcək 


Xırdalan dairəsi və əks istiqamətdə yenidənqurma işlərinə start verilib artıq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov bildirib ki, Xırdalan dairəsinin genişləndirilməsi zamanı tikinti altına düşən ağaclar köçürüləcək.

Buna ictimai dinləmələrdən sonra qərar verilib. Elə yerlər var ki, ağacların saxlanması mümkün deyil, mümkün olan yerdə isə ağaclara toxunulmayacaq. Layihə dövlət əhəmiyyətlidir, vətəndaşların rahatlığının təmin edilməsi məqsədi daşıyır. Yenidənqurma işləri başa çatdıqdan sonra isə yaşıllıqlar da salınacaq. Əsas məqsəd tıxaclardan xilas olmaqdır. Tıxacda qalan avtomobillərdən havaya zərərli maddələr atılır.    
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə isə aparılan yenidənqurma işləri çərçivəsində yol 2 hərəkət zolağı enində genişləndirilir. Bunun üçün əraziyə kifayət qədər texnika cəlb olunub. İşlər magistral yolda intensivlik nəzərə alınaraq ümumi hərəkətə maneə yaradılmadan aparılır.

Hazırda layihə boyu hər iki istiqamət üzrə yol kənarında tökmə torpaq hissələrin qazılıb çıxarılması işləri gedir. Sözügedən işlər mövcud körpülərin alt hissəsində də aparılır. Tökmə torpağın çıxarıldığı hissələr kipləşdirilir, kənarlarında istinad divarı inşa edilir.



Analoji genişləndirmə işlərinin Xırdalan dairəsinin altından keçən avtomobil tunelində də aparılması nəzərdə tutulur. Əlavə olaraq tunel hər bir istiqamət üzrə 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndiriləcək. Bundan başqa daha 2 hərəkət zolağı dairəyə qalxan və düşən hissələrdə də yaradılacaq.
Genişləndirmə işləri zamanı qeyri-yaşayış sahələrinin qanunvericiliyə əsasən kompensasiya ödənilməklə sökülməsi, həmçinin kommunikasiya xətlərinin və yaşıllıqların köçürülməsi nəzərdə tutulur ki, hazırda bu istiqamətdə sənədləşmə işləri aparılır. Yaxın müddət ərzində bu çərçivədə də işlərə başlanılması planlaşdırılır.

Bundan başqa magistral yolda hər bir istiqamət üzrə 2 hərəkət zolağının xüsusi dəmir-beton maneələrlə digər zolaqlardan ayrılması nəzərdə tutulur. Həmin zolaqlara daxil olan avtonəqliyyat vasitələri heç bir maneə olmadan Masazır, Ceyranbatan və bu istiqamətdə olan digər qəsəbələrə, həmçinin Sumqayıt şəhəri və ölkənin şimal istiqamətində hərəkət edə biləcəklər.

Digər zolaqlarla hərəkətdə olan avtonəqliyyat vasitələrinin isə Biləcəri, Binəqədi və bu istiqamətdə olan digər qəsəbələrə, həmçinin Xırdalan şəhəri və ölkənin şimal-qərb istiqamətində maneəsiz hərəkəti təmin olunacaq. Təbii ki, görülən işlər sözügedən ərazidə avtonəqliyyatın fasiləsizliyini təmin edəcək.

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə magistral yolun sözügedən hissəsində əlavə geriyə dönüş yolunun inşası, magistrala Binəqədi və Biləcəri qəsəbələrindən alternativ giriş-çıxışına imkan verən mövcud yolların yenidən qurulması işləri də həyata keçiriləcək.
Ümumilikdə ölkə başçısının tapşırığına uyğun olaraq sözügedən hissədə yenidənqurma işlərinin 2020-ci il ərzində yekunlaşdırılması nəzərdə tutulur.

“Ekologiya postu” və tunellər…


Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli “Şərq”ə açıqlamasında bildirdi ki, Bakı-Sumqayıt yolunda tıxacların aradan qaldırılması üçün 3 vacib məsələ həllini tapmalıdır: 



- Bunlardan birincisi, Bakı-Sumqayıt yolundakı “Ekologiya postu”dur. Post oradan götürülməlidir. İkincisi, Xırdalan dairəsində və “Şamaxinka” ərazisindəki tunellər genişləndirilməlidir. Xırdalan dairəsindəki tunel 2 zolaqlıdır. Şəhər istiqamətində hərəkətdə olan avtomobillər 4 zolaqlı yolla hərəkət edir, lakin tunelə çatanda yol 2 zolaqlıya keçir, bu da əlbəttə ki, hərəkətin intensivliyinin qarşısını alır və nəticədə tıxac yaranır. Şəhərə girişdə, “Şamaxinka” ərazisindəki yeraltı tunellə bağlı da eyni vəziyyətdir. Bu yolötürücülərinin imkanları dardır. Tunellər tikilərkən təəssüf ki, bu məqamlar nəzərə alınmayıb. Hər iki tunel sökülüb rekonstruksiya olunmalıdır. Əks halda yol kənarlarının, ara məsafənin genişləndirilməsi ilə problemi həll etmək mümkün olmayacaq. Enli yol birdən-birə daralır. Tuneldə dar boğaz yaranır. Əlbəttə, tıxac olacaq. Bilmirik, tunelin yenidənqurulması nə dərəcədə mümkündür. Yəqin mütəxəssislər rəy verəcəklər. Başqa bir variant körpülərin inşasıdır. Amma bunun üçün də ərazidə xeyli mülklərin, yaşayış evlərinin sökülməsi lazım gələcək. Əhaliyə kompensasiya ödənməli olacaq. Bakı-Sumqayıt yolunun problemi budur. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu