“Qiymətlər bir az bahadır”- Bayram yarmarkalarından REPORTAJ+ FOTOLAR

31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına sayılı günlər qalıb. Artıq paytaxt küçələri, mağazalar və ya fərdi evlər bu bayramların gəlişini əks etdirən ornamentlərlə bəzədilib. Küçəyə, həyətə çıxmaq bəs edər ki, bayram ovqatını hiss edəsən. Hər il olduğu kimi, bu il də bayramlarla əlaqədar metro stansiyalarının çıxışlarında Yeni il yarmarkaları fəaliyyətə başlayıb. Həmin yarmarkalarda daha çox Yeni ilin simvolu olan “yolka”, Şaxta baba, Qar qız, müxtəlif cür zərlər, maskalar, oyuncaq və hədiyyələr satılır. 
Biz də “Şərq” qəzeti olaraq bu yarmarkalardakı vəziyyəti öyrənmək və qiymətlərlə tanış olmaq üçün metronun "Elmlər Akademiyası" stansiyasının qarşısında təşkil olunmuş yarmarkaya yollandıq.  

İlk olaraq yaxınlaşdığımız Vüqar adlı satıcı bildirdi ki, yarmarka 15 gündən artıqdır, təşkil olunub:

Gördüyünüz kimi, alıcılarımız da var. Hələ erkəndir deyə, çox alıcı yoxdur. Bir azdan burada alıcı əlindən tərpənmək olmayacaq. Biz də çalışırıq ki, qiymətləri münasib edək. Təbii ki, qiymətlər ölçüyə və keyfiyyətə görə dəyişir. Məsələn, bu “yolka” 60 sm-dir, onu 5-6 manata satırıq. Ən hündür yolka 2.40 sm-dir, qiyməti 100 manata yaxındır. Yenə deyirəm, qiymətlər dəyişir. Çalışırıq ki, alıcılarımız evlərinə əlidolu getsinlər.
 
Bu 6 yaşlı Nurlan adlı oğlunun əlindən tutub yarmarkaya gələn Samir adlı alıcı satıcıdan balaca siçanın qiymətini soruşur. Fürsəti fövtə verməyib qiymətlərlə bağlı onun da fikirlərini öyrənirik: 

“Sübh tezdən oğlum qalxıb ki, mən siçan istəyirəm. Gələn il siçan ili olduğundan haradasa görüb, indi o da istəyir. İnanın ki, işə gecikirəm, amma neynim uşaqdı. Gətirdim ki, bayram hədiyyəsini alım. Qiymətlər normaldı. Ayrı-ayrı böyük mağazalarla müqayisədə yarmarkalarda qiymətlər cibimizə uyğun olur. Bax, indi bu siçanın (əlinə götürdüyünü göstərir) 3,4, 6, 8, 10, 20, 25 manatlığı var. Kim hansını istəsə seçə bilər. Mən 10 manatlığı götürdüm. Zərlər aldım. Onun da qiyməti fərqlidir, 1, 1,5, 3və 5 manata zərlər var. Kimin cibinə hansı uyğundu onu götürür. “Yolka” da evdə var. “Yolka” aksessuarlarının da qiyməti dəyişir. Hazır qutularda 6 dənəsi 5 manat olanı var. İçərisində 8 ədəd oyuncaq olan qutular 9-10 manata satılır. Onların da qiyməti ölçülərinə görə, dəyişir. Eləsi var, lap xırdadı, eləsi də var, böyükdür. Ən əsas odur ki, yarmarkalardan nəysə almaq olur.  Düzdü,qiymətlər  bir az bahadır. Amma neynəyək?! Mağazalara baxanda bura nisbətən ucuzdu”.

 Bundan sonra Fərid adlı alıcıya yaxınlaşıram, o, hədiyyələr arasında Qar qız və Santa Klaus geyimləri seçirdi:


“Oğlumun 5, qızımın isə 7 yaşı var. Onlara paltar seçirəm. Böyüklər üçün olan geyimlərin qiyməti 8-15, uşaqlar üçün isə 3-10 manatdır. Əslində ötən il də qiymətlər belə idi. Heç bir dəyişiklik yoxdur. Ötən il maraqlandım, amma almadım. Bu il almaq istəyirəm. Çox baha deyil, amma bir az da ucuz olsa, daha yaxşı olar”.  

Həmçinin Şaxta baba, Qar qız maskası, papağı alan Elnarə adlı gənc anaya da yaxınlaşıb, qiymətləri maraqlanırıq:
 
“Qiymətlər normaldı, məncə. Maskaların qiyməti 50 qəpik, 1 manat arasında dəyişir. Şaxta baba papağı var, onun da qiyməti 2-5 manat arasında dəyişir. Onların sadəsi var, bir də işıqlısı. İşıqlı bir az bahadır. Ümumən yaxşıdı. Yeni İl səbəti hazırlamaq istəyirəm. İki övladım var. Hərəsinə 10-15 manatlıq hədiyyə almağı düşünürəm.  Hələ ki, baxıram görüm fərqli nə ala bilərəm. Yenə deyirəm qiymətlər normaldı. 

Bu əsnada satıcı uzaqdan dillənir:

-Qardaş(məni nəzərdə tutur) elə zorla xanımın dilindən hər şey bahadır, sözünü “oğurlamaq” istəyir.
-Yox, məramımız o deyil. Bilmək istəyirik, görək qiymətlər alıcıların cibinə uyğundurmu? – Cavab verirəm 

Oradan ayrılıb, metronun "İnşaatçılar" stansiyası yaxınlığında təşkil olunan yarmarkaya baş çəkib, bir neçə alıcıdan vəziyyəti öyrənirik.
Kamil adlı alıcı qeyd etdi ki, ötən həftə bir neçə aksesuar alıb, amma unutduğu atributlar da var: 

“İndi gəldim ki, qapının üstünə vurmağa “çələng” alım. Onun da qiyməti müxtəlifdi. Ən balacası 6 manatdır. Bir az normalı 9-10 manata almaq olar. Bundan başqa aynaya vurulan şaxta baba, qar qız fotoları var. Onlardan da almalıyam. Maraqlanıram. Qiymətləri 2 manatdan başlayır 5-6 manata qədər davam edir. Sonra pəncərənin aynasını bəzəmək üçün  8 metr uzunluğunda işıq almalıyam. Həmin işıqlar uzunluğuna görə, dəyişir. 8 metrliyi 7-8 manata almaq mümkündür. Baha da olsa, ucuz da olsa almalıyıq. Əlbəttə, ucuz olsa , daha yaxşı olar”.

Kamildən ayrılıb, nəvəsinin əlindən tutub yarmarkaya gətirən İradə nənədən də qiymətləri soruşururq:

“Nəvəmə hədiyyələr alacam. Amma bayaqdan baxıram, hər şey bahadır. Od qiymətinədir, ay bala. Nəyin qiymətini soruşursan, 5-6 manat deyirlər. 1, 2 manata olanlar da heç alınası olmur.  Nəvəm oyuncaq şaxta baba istəyir. İstədiyimizi soruşuram 6 manat deyirlər. Ondan balacasını 4 manata verirlər. O da çox balacadı, nəvəm böyüyünü istəyir.  Ay oğul, bahadır, baha. Hələ rezin şaxta babalar olur deyirlər, ondan da almalıyam. Heç tapa bilmirəm. Bu an Ramin adlı satıcı cavab verir:

Nənə, gəlin siz  istədiyiniz buradadı. Ölçülərinə görə qiymətlər dəyişir.2, 3,5, 7, 10, 20, 30 manata qədər var. Hansını istəyirsiniz götürün. Nənənin başı satıcı ilə alış-verişə qarışdı və biz də bir neçə foto çəkib, redaksiyaya üz tutduq.     
 
Qeyd edək ki, Yarmarka dekabr ayının 31-nə kimi davam edəcək. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentindən verilən məlumata görə, hər il olduğu kimi, bu il də bayram yarmarkaları ilə bağlı BŞİH və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən dislokasiya təsdiq olunub. Dislokasiyaya görə, bayram yarmarkaları əsasən şəhərdə, metrostansiyaların qarşısında quraşdırılıb. Hazırda Nəsimi, Nərimanov, Yasamal, Binəqədi, Nizami, Xətai rayonlarında 12 ərazidə 23 bayram yarmarkası üçün çadırlar quraşdırılıb. 

Hazırladı: Ayyət ƏHMƏD



Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu