Səməd Seyidov:"Düşüncəsi dəyişmiş xalqa, dəyişmiş strukturlar lazımdır"- MÜSAHİBƏ

"Ona görə, həm icraedici, həm qanunverici orqanlarda, məhkəmə sistemində islahatlar, yeniləmələr gedir" 

Azərbaycanda demokratik və beynəlxalq standartlara cavab verən seçkilər keçiriləcək, beynəlxalq müşahidəçilər gəlib müşahidələrini aparacaqlar

Azərbaycanda həyata keçirilən kadr və struktur  islahatları, Milli Məclisin buraxılması, növbədənkənar seçkilərin keçirilməsi ictimaiyyətdə yüksək ovqat yaradıb. Həmçinin korrupsiya və rüşvətə bulaşmış məmurların ifşa olunaraq cəzalandırılması, əvəzində perspektivli gənc kadrların yüksək vəzifələrə təyin olunması cəmiyyəti xoş ab-havaya kökləyib. Eyni zamanda dekabrın 23-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin yerli telekanallara müsahibəsi və bu söhbət zamanı toxunduğu məsələlər ictimaiyyətdə müsbət rezonans doğurub. Biz də  “Şərq” qəzeti olaraq bu siyasi və psixoloji təbəddülatı nəzərə alıb, həmin məsələlər ətrafında millət vəkili, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, professor Səməd Seyidovla söhbət apardıq. 

- Dekabrın 24-də Prezident İlham Əliyevin 58 yaşı tamam oldu. Cənab Prezidentə arzularınızı eşitmək istərdik...  

- “Bu gün biz sözün əsl mənasında Prezident İlham Əliyevin şəxsiyyəti qismində milli maraqların müdafiəsi üçün görülən işləri xüsusi qiymətləndirməliyik. Yəni, cənab Prezidentin şəxsi keyfiyyətləri, onun qabiliyyətləri faktiki olaraq, milli maraqlarımızın müdafiəsində ən güclü silahlardan birinə çevrilib. Və bu, olduqca vacib məsələdir. Ölkə başçısı cənab İlham Əliyevin dərin zəkası, ağlı, cəsarəti, heyranedici savadı, dəmir məntiqi, vətənpərvərliyi və xeyli başqa keyfiyyətləri Azərbaycan xalqının milli maraqlarının müdafiəsində önəmli rollardan birini oynayır. Hər bir millət öz milli maraqlarını məhz liderləri vasitəsilə qoruyub saxlayır. Təəssüflər olsun ki, bəzi xalqlar milli maraqlarını qoruya bilmirlər. Elə Avropanın özündə də görürük ki, bəzi xalqların milli maraqlarının müdafiəsini qoruyacaq qabiliyyətdə olan şəxsiyyətlər yoxdur. Amma siz Azərbaycana baxın. Ölkə rəhbərinin bütün çıxışları, həyata keçirdiyi bütün işlər məhz Azərbaycanın, Azərbaycan xalqının milli maraqlarına söykənir. Bu nöqteyi-nəzərdən cənab Prezidenti doğum günü münasibəti ilə təbrik edirəm. Azərbaycan xalqının milli maraqlarının qorunması və ölkəmizin uğurlu inkişafı naminə atdığı bütün addımlarda uğurlar arzu edirəm.

- Ötən günlərdə Prezident yerli telekanallara müsahibə verdi və bir çox məsələlərə aydınlıq gətirdi... 

- Bu, tarixi müsahibə idi. Ona görə ki, ölkə başçısı indiki dövrdə Azərbaycanın hansı səviyyədə olduğu, gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı konkret hədəfləri və perspektivləri açıq şəkildə Azərbaycan xalqına təqdim etdi. Təkrar edirəm, Prezidentin səsləndirdiyi fikirlər məntiqi nöqteyi-nəzərdən qüsursuz və Azərbaycan xalqının istədiyi və düşündüyü istiqamətdə olan mülahizələr idi. 

- Ölkə başçısı Azərbaycan-Avropa münasibətlərinə də toxundu...

- Cənab Prezident Azərbaycan-Avropa münasibətlərini çox ciddi şəkildə təhlil etdi. Bu təhlil və təqdimatın qarşısında istənilən arqumentlər acizdir. Onun gətirdiyi sübutlar və rəqəmlər, bu gün Azərbaycanın, Azərbaycan-Avropa münasibətlərinin  hansı səviyyədə olması haqqında konkret qənaət ortaya qoydu. Ölkə rəhbəri Azərbaycanın  milli maraqlarının qorunması istiqamətində konkret  strateji bir plan cızdı. Avropa Birliyi ilə imzalanacaq və ya müzakirə olunacaq müqavilə, Avropa ölkələri ilə ikitərəfli əlaqələrin təhlili, Avropa istiqamətində ticarət sahəsi ilə bağlı analiz, Avropanın enerji təhlükəsizliyinin təmin olunması, Avropanın gələcəyi, Avropanın gələcək həyatında Azərbaycanın rolu, yeri, maraqları, əhəmiyyətini konkret şəkildə düsturla gündəmə gətirdi. Hesab edirəm ki, Prezidentin bu çıxışlarını Azərbaycan xalqı alqışladı. Bu, təsadüf deyil. Cənab Prezidentin düşüncəsi, təhlil qabiliyyəti, uzaqgörənliyi, Azərbaycan xalqı haqqında düşündüyü fikirləri həmişə xalqın xeyrinədir. Xalqın inkişafına yönəlmiş addımlardır. Ölkə başçısı bunu əyani şəkildə  sübuta yetirdi. Bu fikirlərin Azərbaycan xalqına və bütün dünyaya çatdırılmasının şahidi olduq. Prezidentin çıxışından yalnız qürur duymaq lazımdır”.

- Məlum müsahibədə məmurların özbaşınalığından da söhbət açıldı. Sizcə, son olaylar – Ağstafa və Yevlaxın icra başçılarının saxlanılması digərlərinə də dərs olacaqmı?  

- Məmurların rüşvət və korrupsiyadan arınması ən vacib məsələlərdən biridir. Prezident İlham Əliyev də bu mövzuya dəfələrlə toxunub. Korrupsiya və rüşvətə qarşı kəskin mövqeyini ortaya  qoyub. Ölkə başçısının məmurların korrupsiya meyillərini dövlətə xəyanət kimi qiymətləndirməsi, bunu mədəniyyətsizliyin ən yüksək  səviyyəsi kimi təqdim etməsi, onların ünvanına “Xalqdan qorxmursunuzsa, Allahdan qorxun” deməsi, məlum qətiyyətin, mübarizənin  bundan sonra da davam etdirilməsi hər bir azərbaycanlının ürəyincədir. Təəssüflər olsun ki, bəzi məmurlar bu qətiyyəti başa düşmürlər. Söhbət yalnız məmurlardan yox, həm də hamıdan gedir. Ölkə başçısı deputatlarla bağlı da məsələlərə də diqqət çəkdi. Bildirdi ki, xalqa yaxın olmaq lazımdır, seçildikdən sonra da seçicilərlə görüşməli, onların qayğılarını dinləməli və həllinə çalışmalıdırlar. Prezident məmurların məsuliyyətsizliyini də gündəmə gətirdi. İctimai nəzarət məsələsinə diqqət çəkdi. Xalqa birbaşa müraciət etdi ki, mənim dəstəkçim xalqdır. Milli Məclisin iclas zalında ulu öndər Heydər Əliyevin kəlamları yazılıb: “Hakimiyyətin mənbəyi xalqdır”. İlham Əliyev 10 milyonluq Azərbaycan xalqı ilə bir görüş keçirdi. Bu görüşün hər bir iştirakçısı, Prezidentin hər bir kəlməsini razılıqla qarşıladı. Ölkə başçısının dedikləri xalqın ürəyindən idi. Korrupsiyaya qarşı mübarizə, siyasi sabitlik, müasirlik, Azərbaycanın tərəqqisi, dünyaya inteqrasiyası, ölkəmizin özgüvəni, qüruru, heç kimdən asılı olmaması, dünyada öz rolunu göstərməsi, dinlər və xalqlararası münasibəti, qonşularla xoş münasibətləri göz önündədir. Hesab edirəm ki, bu, tarixi bir çıxış idi. Ölkəmizin xeyrinə olan işləri bundan yaxşı səviyyədə təqdim etmək mümkün deyil. Əlbəttə, 2019-cu il Azərbaycanın maraqlarını əks etdirən il kimi yadda qaldı. Yəni, istənilən iş yüksək səviyyədə görülür. Məsələn, Qoşulmama Hərəkatındakı rolumuz, Türkdilli Ölkələrin Zirvə görüşünün təşkili kimi məsələlər Azərbaycanın səviyyəsini ortaya qoydu. Düzdür, biz də həmin görüşlərlə bağlı fikirlərimizi söyləyirik, onun əhəmiyyətindən danışırıq. Bu hadisələri təhlil edirik. Amma yaradıcının, yəni, Prezidentin özünün bu hadisələrin məntiqi, fəlsəfəsi, əhəmiyyəti və hədəfləri haqqında danışmasının özü bir tarixi hadisədir.

 - 2019-cu ildə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi nəticə hasil olunmadı. Kim və ya nə mane oldu?

- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonun qalmasının kökündə bilirsiniz nə dayanır? Cənab Prezident yerli telekanallara müsahibəsində bu məsələ ilə bağlı çox maraqlı bir fikir səsləndirdi. Qeyd etdi ki, məntiq məntiqsizliklə, qətiyyət qətiyyətsizliklə, məsuliyyət məsuliyyətsizliklə, cürət qorxu ilə rastlaşıb. Ölkə başçısı bu sözləri elə-belə demədi. Biz qarşı tərəfdən nə beynəlxalq, nə lokal, nə də insani səviyyədə anlaşılan bir davranış görmürük. Bunu cənab Prezident çox müfəssəl şəkildə izah etdi. Bildirdi ki, özü-özünü inkar edən bir insan hansı danışıqlar prosesinin inkişafına nail ola bilər?! Ən maraqlısı  odur ki, Ermənistana şans tanıdıq ki, öz məntiqsizliyindən çıxa bilsin. Ölkə başçısı İrəvanda faşist Njdeyə heykəlin qoyulması ilə bağlı çıxışında bildirmişdi. Düzdü, bu heykəli Ermənistanın əvvəlki hakimiyyəti qoyub. Təkrar edirəm, təəssüflər olsun ki, məsuliyyət məsuliyyətsizliklə, cəsarət qorxalıqla rastlaşıb. Fikirləşirəm ki, danışıqlar prosesi elə məsələdir ki, bəzi məqamda bir tərəf başqa bir tərəfi sülh danışıqlarına, məhkum və məcbur edir. Azərbaycanın apardığı uğurlu siyasət gec-tez Ermənistanı bu yola gətirəcək.

- Bilirik ki, parlament buraxıldı və fevralın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək. Yeni parlament nə ilə fərqlənməlidir və ya fərqlənəcək? 

- Bu yaxınlarda Avropa Şurasından qayıtmışam, beynəlxalq təşkilatlarda qəbul olunan sənədlər içərisində Azərbaycanla bağlı tənqidi məqamlar olsa da belə, həmçinin onlar 2017-2019-cu illərdə verilmiş fərmanlar və indiki islahatları müsbət nəticələr verməyə başlayan islahat kimi dəyərləndirirlər. Struktur və kadr islahatları ilə bağlı hamı danışır. Maraqlı bir sual hasil olunur. İslahatlara niyə başlanıldı? Bu sualın cavabını cənab Prezident yerli telekanallara verdiyi dünənki müsahibəsində və digər bütün çıxışlarında verib. Zaman dəyişib, Azərbaycan dəyişib. Bir neçə əvvəlin Azərbaycanı ilə indiki Azərbaycanı müqayisə etmək mümkün deyil. Dünya dəyişib. 10 il öncənin Avropası ilə indinin Avropası tamam fərqlidir. Azərbaycan da bu dəyişən dünyanın içərisində özünə xüsusi bir yer tutub. Azərbaycanın tutduğu yer arxada deyil, öndədi, görünən yerdədir. Azərbaycan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Qoşulmama Hərəkatının rəhbərliyini təşkil edir. Türkdilli ölkələrin Zirvə görüşünə ev sahibliyi edir. Azərbaycan dünya millətləri  və dinlərinin qovuşduğu bir sabitlik adasıdır. Bu mənada biz deyəndə ki, Azərbaycan dəyişib, bu o deməkdir ki, Azərbaycan xalqının düşüncəsi, hadisələrə yanaşması müasirləşib. Xalqın düşüncəsini müasirləşdirən, yeniləyən ulu öndər siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin siyasətidir. Bu diplomatiya imkan verir ki, bu gün azərbaycanlılar dünyanın hər bir yerində öz sözlərini desinlər, beynəlxalq institutların tədbirlərində iştirak etsinlər.  Dünyaya çıxışlar əldə etsinlər. Yəni, xalqın düşüncəsi dəyişir. Düşüncəsi dəyişmiş xalqa, dəyişmiş strukturlar lazımdır. Ona görə, həm icraedici, həm qanunverici orqanlarda, məhkəmə sistemində islahatlar, yeniləmələr gedir. Parlamentdə xalqı inkişaf etmiş, formalaşmış, müasirləşmiş, dünyanı dərk edən, dünyanın dilində danışa bilən insanlar təmsil etməlidirlər. Vaxtilə demişəm ki, yeniləşmiş parlament istəyirəm. Bu, mütləq olacaq. Bu xalqın istəyi öz əksini tapacaq. Azərbaycanda demokratik və beynəlxalq standartlara cavab verən seçkilər keçiriləcək, beynəlxalq müşahidəçilər gəlib müşahidələrini aparacaqlar. 

- Siz bu dəfə də namizədliyinizi irəli sürəcəksinizmi? 

- Mən Yeni Azərbaycan Partiyasının (YAP) üzvüyəm və təşkilatın qərarını  gözləyirəm. Parlamentdəki təbəddülatla bağlı söhbət heç də konkret şəxslərdən getmir. Yəni söhbət Seyidovdan, Məmmədovdan və başqalarından getmir. Söhbət xalqın istəklərini əks etdirmək qabiliyyətində olan insanlardan gedir. Məsələ bundan ibarətdir. Əsasən “Xalqın istəyini necə təmin etmək olar”, "Xalqın istəklərini necə dilə gətirmək lazımdır”, “Hansı məsələlərdən agah olmaq gərəkir", “Hansı biliklərə malik olmalıyıq”, “Hansı istiqamətdə düşünməliyik”, “Jurnalistlərlə necə təmaslar qurulmalıdır” suallarına cavab tapılmalıdır. Xalqa onun maraqlarını əks etdirən deputat lazımdır. Cənab prezident dünənki müsahibəsində xalqı təmsil etmək niyyətində olan  insanlar üçün bir dərslik təqdim etdi. Bu müsahibə həmin şəxslər üçün əyani vasitədir. Ölkə rəhbərinin bu çıxışı Azərbaycanın uğurlu gələcəyi  naminə fəaliyyət göstərmək istəyənlər üçün bir etalon rolunu oynayır. 







Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu