Hüquq müdafiəçisindən çağırış: “Dekabrın 31-i qaz sayğaclarınızın FOTOSUNU çəkin!”

Əhaliyə verilən təbii qazın limiti 2019-cu ilin may ayından 2.200 kub.metrə qaldırılsa da, yenə limiti keçənlər çoxluq təşkil etdi. Xatırladaq ki, təbii qazın limitinin artırılması qərarı Tarif Şurası tərəfindən 2019-cu ilin aprel ayında qəbul edildi. 

Bunadək əhaliyə 1.700 kub metr limit verilirdi və qazın kubmetri 10 qəpikdən hesablanırdı. Amma vətəndaşların əksəriyyəti qış gəlməmiş limiti istifadə etmiş olurdu və belədə ödəniş də artıq 20 qəpikdən hesablanırdı. Amma limitin 2.200 kub-metrədək artırılması da vətəndaşın köməyinə çatmadı. Bu hal xüsusilə də fərdi evlərdə yaşayanlara aiddir. Çünki həyət evlərində mənzili isitmək xeyli müşkül məsələdir. Bina evləri bu baxımdan “toya getməlidi”, o baxımdan ki, divarlar bir-birini isidir. 

Limiti keçmiş, 10 manata 50 kub.metr qaz alan vətəndaş indi səbirsizliklə dekabrın 31-ni gözləyir ki, limit sıfırlansın və qarşıdakı soyuq aylarda yeni ilin 2.200 keb.metrlik qaz ehtiyatının sərfinə başlasın. Bu məsələdə isə vətəndaş aldana bilər. 

Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı bununla xəbərdarlıq statusu paylaşıb:   

“Xahiş edirəm, 31 dekabr 2019-cu il tarixdə mexaniki tipli qaz sayğacınızın şəklini çəkin, sayğacın nömrəsi aydın oxunmalı və son göstəricisi dəqiq düşməlidir (yaxşı olar ki, çəkdiyiniz şəkildə tarix görsənsin) və bu nömrəyə 994 77 3 104 104 whatshap vasitəsilə göndərin. Başqalarına da köməklik edin və həmin şəkilləri silməyin, yanvar ayında sizə bildiriş təqdim ediləndə rəqəmləri üzləşdirin. Nəsə rəqəmlərdə saxtakarlıq olsa bizə bildirin. Xahiş edirəm, paylaşın ki, başqaları da məlumatlı olsun”.
 


Mirvari Qəhrəmanlı: “Göstəricini qeyd etsinlər, sonra ödəmə haqqında bildiriş aldıqda, rəqəmləri tutuşdursunlar, görsünlər ki, 5-10 gündə istifadə etdikləri təbii qazın qiyməti köhnə - keçilmiş limitlə 20 qəpikdən hesablanır, yoxsa yeni limitlə 10 qəpikdən”


M.Qəhrəmanlıdan vətəndaşı gözləyən təhlükə barədə soruşduq. Cavabı bu oldu: 

“31 dekabr 2019-cu il tarixdə qaz sayğacları sıfırlanmalı və 01 yanvar 2020-ci il tarixdən etibarən yeni limitə keçid başlanmalıdır. Smart-kart tipli sayğaclarla bağlı heç bir çətinlik yoxdur. Kartda olan qaz ehtiyatı olduğu kimi yeni ilə keçəcək. İllik 2.200 kub.metrlik qaz limiti də vətəndaşındı. Amma mexaniki tipli qaz sayğaclarında vətəndaşlar aldana bilər. Sanmayın ki, bütün ölkədə smart-kart tipli sayğaclardır. Bir çox ərazilərdə, bölgələrdə, kəndlərdə hələ də mexaniki tipli qaz sayğacları qalmaqdadır. Bu qaz sayğacları 31 dekabrda sıfırlanmır. Sıfırlanma yanvarın 5-dən 12-nə kimi aparılır. Bu müddət ərzində isə vətəndaş əgər illik limiti keçibsə, istehlak etdiyi qazın kub.metrini 20 qəpikdən – yəni 2 qat ödəməli olur. Çünki sayğac sıfırlanmayıb. Mən sual edirəm, niyə vətəndaş qazın pulunu 2 qat ödəməlidir? Bəhanə gətirirlər ki, bayram günləridi və sair. O zaman vətəndaşın xeyrinə qərar qəbul edilsin və mexaniki sayğaclar sıfırlanan günədək istifadə olunan təbii qaz yeni ilin limitindən hesablansın. Dekabrın 31-dək vətəndaş nə istifadə etdi, etdi, limiti keçibsə, qazın pulunu 20 qəpikdən ödəsin, amma yanvarın 1-dən qaz haqqı ödənişi artıq yeni limitə uyğun hesablansın. Məndə şübhələr var ki, məhz bu arada qalan 5-10 gün ərzində istifadə olunan təbii qazın dəyəri ilə hansısa itkilər qarşılanır. Niyə vətəndaş 5-10 gün əziyyət çəkməlidir? Və limiti olduğu halda istehlak etdiyi qazın pulunu 2 qat ödəməlidir?! Bunu nəzərə alaraq vətəndaşlara xəbərdarlıq edirik ki, dekabrın 31-dək mexaniki qaz sayğaclarındakı göstəricini qeyd etsinlər, sonra ödəmə haqqında bildiriş aldıqda, rəqəmləri tutuşdursunlar, görsünlər ki, 5-10 gündə istifadə etdikləri təbii qazın qiyməti köhnə - keçilmiş limitlə 20 qəpikdən hesablanır, yoxsa yeni limitlə 10 qəpikdən”.

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu