Məktəblərdə pul yığımı: “...Ay qız, keçən ay 10 manat vermədim?”

“Ənənəvi” hal – bayramlarda şagirdlərdən pul yığılması 2019-a da damğasını vurdu. Onsuz da təxmin edirdik ki, yenə əvvəlki vəziyyətdir. Orta məktəblərdə bayramqabağı pul toplanmasına başlanacaq. 

Amma təhsil eksperti Rafiq İsmayılovun sosial şəbəkədə paylaşdığı status böyük təəssüf doğrultdu: 
  
“Səhər-səhər Fatmayi bağlarının dar küçələri ilə gəzişirdim. Qaçqınlar yaşayan tərəfdə bir ana oğlu ilə qızını məktəbə aparırdı. Təsadüfən söhbətlərinə qulaq şahidi oldum;

- ...Ay qız, keçən ay 10 manat vermədim?

- İndi yeni il gəlir...

- P... olsun bu yeni ili. Sənin müəllimini mən saxlamalıyam?!

- Mama, Dürdanənin anası müəllimə sırğa hədiyyə eləyib e. Müəllim özü bizə göstərdi.

- Elə odur da bunları qudurdan...

Həəə... İndi gəl belələri üçün dərslik yaz. Yüksək materiyadan danış.

P.S. Bu statusun minlərlə namuslu, peşəkar müəllimə aidiyyatı yoxdur”.

Görəsən, məktəblərdə pul yığımının qarşısı niyə alınmır? Nədir buna mane olan? İndiyədək bu problemə müxtəlif yönlərdən yanaşılıb. Kimisi valideyni günahlandırıb, kimisi müəllimləri, bəziləri də ümumilikdə təhsil sistemini. 



Rafiq İsmayılov: “Ən doğru addım məktəblərdə müəllim- valideyn-şagird üçbucağından ibarət özünüidarə mexanizminin yaradılması və gücləndirilməsidir”


Statusu paylaşan R.İsmayılovun bu acınacaqlı vəziyyətə baxış bucağı ilə tanış olaq: 

- Mən şahidəm ki, bu məsələ nazirliyin rəhbərliyini də narahat edir. Valideynlər tərəfindən istənilən siqnala dərhal reaksiya verilir. Amma bu cür neqativ hallar kütləvi xarakter daşısa da məlum səbəblərdən siqnallar azdır (valideynlər qorxudan səslərini çıxarmırlar). Ona görə də sərt cəzalandırmalar kütləvi narazılıq doğura bilər. Mənə elə gəlir ki, ən doğru addım məktəblərdə müəllim- valideyn-şagird üçbucağından ibarət özünüidarə mexanizminin yaradılması və gücləndirilməsidir. Mən vaxtilə bir ABŞ məktəbində bu cür məktəb şurasının fəaliyyəti ilə tanış olmuşdum. Təsadüfən iştirak etdiyim bir iclasda rus emiqrant müəllimin dərsə müntəzəm gecikməsi müzakirə olunurdu. Məlum oldu ki, müəllim uzaqda yaşayır, maşını yoxdur. Avtobuslar isə həmin yerə qeyri-müntəzəm işləyir. Şura səs verərək qərara aldı ki, məktəb büdcəsindəki sərbəst vəsaitdən müəllimə ikinci əl maşın almaq üçün 3000 dollar vəsait ayırsın. Bu pulun bir hissəsi müəllimə əvəzsiz olaraq verilirdi. Qalan hissəsi isə iki il ərzində müəllimin maaşından tutulacaqdı. Sonra məktəb direktoru ilə söhbət zamanı o, dedi ki, ABŞ-da da dövlətin təhsil üçün ayırdığı pul məktəblərdə tədrisi yüksək səviyyədə qurmağa imkan vermir. Ona görə də məktəb şuraları daim qrant üçün layihələr yazır, müxtəlif mənbələrdən ianə və qrant şəklində vəsaitlər cəlb edirlər. Məsələn, mənbələrdən biri məktəb məzunlarıdır. Hər bayramda məzunlara zərf içində bayram açıqcası göndərilir. Qəbul olunmuş adətə görə, bu cür zərf alan məzun həmin zərfin içinə müəyyən qədər pul qoyub geri göndərir. Bu 20, 50 dollar ola bilər. Digər mənbə iri şirkətlər və imkanlı valideynlərdir. ABŞ-da məktəb direktorunun bir menecer kimi əsas vəzifələrindən biri təhsil üzrə qrant layihələri yazmaqdır. Bu layihələrdə konkret məqsədlər qoyulur. Məsələn, şagirdlərin hər hansı beynəlxalq olimpiadada iştirakı və ya hər hansı fənn kabinetinin yeni texnologiyaya uyğun qurulması və s. ABŞ qanunvericiliyi şirkətlərə bu cür layihələri maliyyələşdirməyə stimul verir. Çünki vergi hesablamaları zamanı təhsilə ayrılan xeyriyyə xərcləri nəzərə alınır. Beləliklə məktəbin dövlət tərəfindən ayrılmış büdcədən əlavə vəsaiti yaranır. Amma bu vəsaitin xərclənməsinə şura tərəfindən çox ciddi nəzarət var. Bütün bunlara görə qərb dövlətlərində təhsil sürətlə inkişaf edir. Bizdə bu dediklərim hələ ki fantastika kimi görünür. Çünki insanların şüuru o səviyyədə deyil. Belə bir məktəb şurası yaransa və əlavə vəsait formalaşdırılsa belə, mütləq şura daxilində o pulu mənimsəmək üçün korrupsiya əlaqələri yaranacaq.

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu