Əsədovun qərarı: Əlavələrin dərman preparatı kimi təqdimatının qarşısı alınacaq

Baş nazir Əli Əsədov “Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında qərar imzalayıb. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Nazirlər Kabinetindən verilən məlumata görə, dərman vasitələrinin ekspertizasının aparılması Qaydası dərman vasitələrinin dövlət qeydiyyatı və onların keyfiyyətinə nəzarətin gücləndirilməsi məqsədilə hazırlanmışdır və ölkə ərazisinə idxalı zamanı, habelə dövlət orqanlarının və fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında dərman vasitələrinin ekspertizasının aparılmasının icra mexanizmini tənzimləyir.
Dərman vasitələrinin ekspertizasının aparılması qaydasının qeydiyyat qaydalarından ayrılıqda müəyyən olunması bu sahədəki qeyri-müəyyənliyin aradan qaldırılmasına şərait yaradacaqdır. Eyni zamanda, dərman vasitələrinin keyfiyyətinin, təhlükəsizliyinin və effektivliyinin müəyyən edilməsi məqsədilə onların ekspertizasının aparılması bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasına imkan yaradacaq və əhalinin sağlamlığının təmin edilməsinə xidmət edəcəkdir.



Həkim: “Qara ciyər üçün bu saat 100-120 növ “dərman vasitəsi” təklif edilir. Hamısının adına bir “hepa” sözcüyü əlavə edirlər, qara ciyər müalicəsində dərman preparatı kimi satırlar”


Həkim-terapevt Şahvələd Məmmədov “Şərq“ə açıqlamasında bildirdi ki, baş nazirin bu qərarı yeni ildən tətbiqinə başlanılması gözlənilən icbari tibbi sığortaya hazırlıq da hesab edilə bilər:

- Bu qərarın qüvvəyə minməsi ilə bioloji aktiv əlavələrin, əhaliyə dərman preparatı kimi təqdim edilməsinin qarşısı alınacaq. Hazırda apteklərdə belə vasitələr nə qədər desəniz var. Onlar əslində bioloji aktiv əlavələrdir, amma əhaliyə konkret dərman preparatı adı altında satılır. Məsələn, qara ciyər üçün bu saat 100-120 növ “dərman vasitəsi” təklif edilir. Hamısının adına bir “hepa” sözcüyü əlavə edirlər, qara ciyər müalicəsində dərman preparatı kimi satırlar. Sözügedən qərarın qəbulunda məqsəd də konkret dərman vasitələri ilə bioloji aktiv əlavələri bir-birindən ayırd etmək, bioloji aktiv əlavələrin dərman preparatı kimi qeydiyyatının qarşısını almaqdır. Bu bioloji aktiv əlavələrin dərman bazarına çıxarılması çaşqınlıq yaradır. Sözügedən qərar qüvvəyə minməklə bu çaşqınlıq da aradan qalxacaq. Bu vasitələri ölkəyə gətirənlər onların dərman vasitəsi kimi qeydiyyata alınmasına çox çalışırdılar. Çünki ölkə artıq icbari tibbi sığortanın astanasındadır. İcbari tibbi sığortanın tətbiqi zamanı isə həkimə reseptdə 3-5 dərman vasitəsindən artıq yazmağa icazə verilmir. Həkimlər mütləq pasiyentə müalicə üçün lazım olan konkret dərman preparatlarını yazmalı olacaq. Həmin bu bioloji aktiv əlavələrsə artıq qüvvəsini itirmiş olacaq.

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu