Deputatlığa namizəd yazıçı: "...Əllərini göyə qaldırıb Prezidentə və birinci xanıma dua edirlər" - Müsahibə


Kəramət Böyükçöl: "Bu mənada əsas hədəfim  xalqla hakimiyyət arasındakı divarları körpüyə çevirməkdi"

"Əlacsız insanların səsini Azərbaycan dövətinin diqqətinə çatdırmaq, problemlərlə tanış etmək o qədərmi çətindir?!"
 
"Yeni təfəkkürə, yeni dünyagörüşə malik, insanlarla təmaslara can atan, onların problemləri ilə öz şəxsi problemləri kimi yaxından məşğul ola bilən adamlara ehtiyac var"

"66 yaşlı bir biznesmen opponentim var, insanlara pul paylayıb, adamların səsini 10, 15 manata almaqla millət vəkili seçiləcəyini düşünür"



Son aylar Azərbaycanda aparılan kadr və struktur islahatları, bunun fonunda parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ictimaiyyətdə yüksək əhval-ruhiyyə yaradıb. Perspektivli gənc kadrların vəzifələrə çəkilməsi məxsusi olaraq, gənclərdə seçkiyə böyük ümid yaradıb. Bu ümidin işartılarını cəmiyyətdə, eləcə də sosial mediada aydınca müşahidə etmək mümkündür. İntellektual potensialı yüksək olan gənclər parlament seçkilərinə maraq göstərib, bu marafona qatılıblar. Belə gənclərdən biri də tanınmış yazıçı Kəramət Böyükçöldür. Biz də “Şərq” qəzeti olaraq K.Böyükçölü bu seçkilərə həvəsləndirən amillər, seçki ilə bağlı gördüyü və görəcəyi işlər barədə danışmaq üçün onunla əlaqə saxlayıb, söhbətləşdik. 

- Hazırda proseslər hansı mərhələdədir?

- İmza vərəqlərini götürüb, nümayəndələrimin köməkliyi ilə imzaları toplayıb, artıq 80 saylı  İmişli-Beyləqan seçki dairəsinə təqdim etmişəm. Namizədliyimin təsdiqlənməsini gözləyirəm.

- İmzatoplamada çətinliklər oldumu? Söhbət süni əngəllərdən  gedir…

- Heç bir çətinlik olmadı. Çünki bu seçki dairəsinə daxil olan kəndlərdə xeyli qohum-əqraba yaşayır. 6 xalam var, əmilərim, bibilərim var. Burada xalalarımla yanaşı, onların övladları, qohumları yaşayır. Çox asanlıqla, 2 günün içində imza vərəqləri dolduruldu və dairəyə təqdim olundu. Sadəcə, kənd adamlarıdır, məsələn, şəxsiyyət vəsiqəsininin kodu yazıb, deyirik ki, imzanızı çəkin. Qayıdır ki, ay bala, utanıram imza atmağa. Fikirləşirəm ki, imza atmağa utanan adam seçki məntəqəsinə gedib necə səs verəcək? Rəqəm yaza bilməyən, adını yaza bilməyən, imza çəkə bilməyən adamlar var. Belə hallarla da qarşılaşdıq. Məni narahat edən bu kimi şeylərdir. Biz də çalışdıq ki, adını yaza bilən, kağıza imza ata bilən adamların şəxsiyyət vəsiqələrinin kodunu, seriya nömrəsini yazıb, köməyindən istifadə edək.

- Günlərdir, küçə-küçə, qapı-qapı gəzirsiniz, görüşlər keçirirsiniz, insanlarla təmasda olursunuz. Xalq nə istəyir?

- Düzünü desəm biraz kobud çıxacaq. İnsanları bir tikə çörəkdən başqa heç nə düşündürmür. İnsanlar elə bir vəziyyətdədirlər ki, tezdən duranda səhər yeməyini, günorta günorta yeməyini, axşam da naharı düşünür. Dünyagörüş, təfəkkür, düşüncə tərzi şəhər insanlarından xeyli fərqlidir. Məsələn, bəzi kəndlərdə elələri var, imza vərəqini doldurmaq üçün şəxsiyyət vəsiqəsi istəyəndə qorxur.  Soruşur ki, bunu neynirsiniz?  Məsələni ona izah edənə kimi, çox uzun vaxt gedir, adam psixoloji cəhətdən yorulur. Bəzən elə olur ki, bir adama prosesi bir saat izah verməli olursan. İnsandı. Soruşur ki, ay bala, birdən müxalifətçi olarsan, mənə problem yaranar. Bu sualın qarşısında nə deyə bilərsən ki…  Onlara parlament və bələdiyyə seçkilərinin fərqini izah etmək üçün nə qədər vaxt gedir. Elə adam var, ümumiyyətlə, seçki haqqında məlumatı yoxdu. Eləsi var, seçkiyə, səsvermə prosesinə etibar etmir. Camaat bundan əvvəlki deputatın adını bilmir, tanımır. Düzü, bu adamların nə istədiyini bilmək çox çətindi. Bəlkə, özləri də nə istədiklərini bilmirlər.

- Bəzi namizədlər bəyan edirlər ki, ölkə başçısının son çıxışları və aparılan struktur və kadr islahatları region əhalisi arasında yüksək ovqat yaradıb…

- Bir şey deyim. Ya vəlvələdən, ya zəlzələdən insanlarda prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya böyük hörmət və sevgi görürəm. Onlar prezidentə inanırlar və sadəcə, hesab edirlər ki, onların səsi, problemləri ölkə rəhbərinə çatmır. Adamlar əsasən bunu tez-tez dilə gətirirlər. 

- Sizin kimi gənc bir kadra ilk baxışdan hansı münasibət sərgilədilər? 

- Mənim kimi gənc bir adamın parlament seçkilərinə qatılmağım onlar üçün qəribə görünür. Amma elələri də var ki, məhz gənc olmağıma görə mənim millət vəkili seçiləcəyimə inanır. Və düşünür ki, onların problemlərini, qayğılarını haq və hüquqlarının pozulduğu məqamları ən yüksək tribundan dilə gətirə bilərəm. 

- Təbliğat-təşviqat prosesində daha çox hansı məqamlara diqqət çəkəcəksiniz? 

- İnsanlarla görüşəcəyik, çıxışlarımzı edəcəyik. Hesab edirəm ki, ilk növbədə insanları seçkiyə inandırmaq lazımdır. İnandırmaq lazımdır ki, hər şey sizdən, sizin səsinizdən asılıdır. Amma təəssüf ki, onlar öz səslərinə inanmırlar, etibar etmirlər. 

- YAP namizədlərini açıqladı, sizinlə eyni dairədən olan opponentiniz kimdir və ona qalib gələcəyinizə inanırsınızmı?

- Yanılmıramsa, Rufət Muradov adında cavan bir oğlandı. Hesab edirəm ki, təsadüfi adamdır və onun namizədliyi formal olaraq irəli sürülüb. Yəni, YAP-ın namizədi ilə bağlı hər hansı bir problem görmürəm. Biznesmen namizədlər, opponentlər var ki, onların apardığı mübarizə üsullarına qarşı uğurlu alternativ mübarizə üsulu axtarırıq. Çünki onlar bu məsələləri pul gücünə həll etməyə çalışırlar. Onlar puldan başqa heç nəyi olmayan namizədlərdir. Bir rəqib namizəd var. 66 yaşlı təqaüdçüdür. Adamlar onu biznesmen kimi tanıyır. İnsanlara pul paylayıb, adamın səsini 10, 15 manata almaqla millət vəkili seçiləcəyini düşünür. Mən də insanlar arasında maarifləndirmə işi apararaq, o insanlara çatdıracağam ki, əgər bir namizəd 10, 15 manat verib, səsinizi alırsa, deməli, onun gözündə sizin qiymətiniz 10 manatdı. Tutalım, başqa bir namizəd hansısa kəndin yolunu çəkdirib, hansısa məktəbi təmir etdiribsə, adamlar başa düşməlidirlər ki, doğrudan da bu namizəd kəndin qeydinə qalan, kəndi, kəndlini sayan adam idisə, niyə 5 ay öncə gəlib bu işləri görmürdü? Bu yollarla insanları aldadıb, onların səsini almağa çalışan namizədlər var. Yəqin, belələri bundan sonra da olacaq. 

- Biznesmenlərin parlamentə gəlməkdə məqsədi nədi? Doğrudanmı xalqa xidmət etmək istəyirlər. Axı indiyə qədər "N" sayda biznesmen parlamentdə təmsil olunub. Amma bəzən heç düymə basmağa da gəlməyiblər...

- Düzü, onların məqsədləri mənə də çatmır. Biri var, doğrudan da insanlara xidmət etmək istəyəsən, onların problemləri ilə məşğul olmaq istəyəsən və bundan zövq alasan, bu halda parlamentə iddia etmək olar. Amma bilirəm ki, bunlar problemlə məşğul olan adam deyillər. Əgər problemlə məşğul olansınızsa, indiyə kimi niyə gəlib məşğul olmurdunuz? Bəziləri içki alüdəçisi olub, alkoldan əl çəkə bilmədiyi kimi, onlar da kreslodan əl çəkə bilmirlər. Bax parlament sənin nəyinə lazımdı? İçində bu millətə, bu xalqa, insanlara sevgi yoxdusa, öz dövlətini, vətənini, onun vətəndaşlarını sevmirsənsə, onlara xidmət göstərməyəcəksənsə, niyə parlamentə gəlmək istəyirsən? Yaxud, bunun üçün gərək parlamentdəmi oturasan? Onsuz da vətəndaşlara xidmət göstərmək üçün hər cür imkanların var. Sən hansı savada, intellektə, hansı dünyagörüşə maliksən, hüquqi məsələləri hansı səviyyədə bilirsən ki, durub, onlara vəkillik də edəsən. O namizədlərin marağı nədir, həqiqətən mənə çatmır. Bu sualın cavabını həmin adamların özündən soruşmaq lazımdır. 

- Bu rəqabətdən qalib çıxacağına əminsinizmi? 

- Təbii, mənim onlar qədər pulum yoxdu. Pulum olsa belə əxlaqım, mənəviyyatım yol verməz ki, insanı 10 manata alım, onlarla bu şəkildə rəftar edim. Prosesə qoşulanda düşündüm ki, necə etmək olar ki, həm əxlaqını, mənəviyyatını qoruyasan, həm də seçkilərdə qalib gələsən. Əxlaqını və mənəviyyatını qoruyaraq mübarizə aparacaqsansa, nəticədə uduzacaqsan. Bəs necə edək ki, həm əxlaqımızı qoruyaq, həm də qalib gələk. Yeganə yol odur ki, bu mübarizədə əxlaqı və mənəviyyatı olan adamların köməyindən istifadə edək. Bundan başqa yol yoxdur. Məni tanıyan, bilən adamların köməyindən istifadə edərək, insanlar arasında təbliğat apararaq, insanları maarifləndirərək prosesi axıra kimi inamla davam etdirmək olar. 

- Ötən illərdə parlamentə düşən qələm dostlarınızdan biri deyib ki, mən xor oxuya bilmirəm, başqa biri isə bildirib ki, mən parlamentə getmərəm, çünki qapısı çox asağıdandı, oradan keçəndə əyilməli olacam. Bu barədə siz nə düşünürsünüz?

- Vaxtilə mənim özüm də belə şeylər yazmışam, düşünmüşəm. Amma tam səmimiyyətimlə deyirəm, ölkə başçısı İlham Əliyevin gənclərlə bağlı ardıcıl çıxışları, gəncləri bu prosesə qoşulmağa səsləməsi məndə parlament seçkilərinin demokratik, ədalətli və şəffaf  keçiriləcəyinə inam hissi yaradıb. Bu hiss mənə motivasiya verdi və seçkilərə qatıldım.  

Mənə də çox deyiblər ki, seçkini saxtalaşdıracaqlar. Lap səs versələr də, səni parlamentə qoymayacaqlar. Mənim özüm də əvvəl çox inamsız olmuşam. Ancaq yenə deyirəm, Prezidentin gənclər bağlı  çıxışlarından sonra məndə bir inam hissi yarandı ki, seçkilər doğrudan da, ədalətli və demokratik keçiriləcək. Biz də gənc namizəd kimi prosesə qoşulmuşuq. Biri var hər 5 ildən bir adamlara vəd verib gedən deputat, onları aldadan deputat, biri də var ki... Məsələn, körpə bir uşaqdı, yenicə dünyaya gəlib, bələkdədir, hələ onun keçmişi yoxdu, ancaq gələcəyi var, təmizdi, kirli keçmişi olacaqsa da hələ bundan sonra olacaq. Mən də bax o körpə uşaq kimi, ictimai-siyasi proseslərin içində yeni doğulmuşam. Kirli keçmişi olmayan namizədəm. Seçicilərimin, insanların yanında üzü ağam. Heç olmasa onların qabağına çıxmağa üzüm var. Buna inanıram. Hər halda nəticə mənim səhv və ya düz, sadəlövh və ya dəmir məntiqli olduğumu göstərəcək. Buna əmin olmaq üçn 40-45 gün gözləməliyik. Görük necə olur.

- İnşallah seçiləsiniz, seçilsəniz xalqı unutmayacaqsınız ki? Yəni, onlara yağlı vədlər verib, sonda “yavan çörəyin” ümidinə buraxmayacaqsınızın ki?

- Belə bir şey qətiyyən olmayacaq, olması da mümkün deyil. İkincisi, millət vəkili camaata pendir, çörək, yağ vermək üçün deyil. Onun vəzifəsi bundan ibarət deyil. Üçüncüsü, mənim dairəmə daxil olan kəndlərin hər birində yaxın qohumlarım yaşayır. Nəslimiz-kökümüz buradadır. Adamlar da bir-birini tanıyır. İnsanlara da deyirəm ki, sizin üçün əlçatan, zəngçatan namizədəm. Sabah əmimoğlu, bibimoğlu, xalamoğlu, dayımın qolundan tutub deyə bilərsiniz ki, Kəramət səs qazanmaq üçün büllbül kimi cəh-cəh vururdu, bəs indi haradadır? Ona görə də belə bir şeyin olması imkansızdır. Həm də mən sosial şəbəkələrdə olduqca aktivəm. Sosial şəbəkələrdə məni tapmaq asandı. Hələ millət vəkili deyiləm, amma kəndin məktəb, yol və başqa problemlərini ictimailəşdirib onu həll etmək gücündə olan bir adamam. Millət vəkili olandan sonra bu proseslərdə iştirakım daha yüksək səviyyədə olacaq. İnsanların ən adi problemini belə yüksək tribunadan səsləndirməyə qadirəm.

- Təbliğat-təşviqat vaxtı platformanızı hansı tezislər üzərində quracaqsınız?

- Platformamı hansı tezislərin üzərində quracağımı müəyyənləşdirmişəm. Məqsəd xalqla hakimiyyət arasındakı səs oğrusu, mandat alverçisi divarları körpüyə çevirməkdi. Çünki açıq-aydın görürəm, hansı qapıya gedirsən, adamlar əllərini göyə qaldırıb Prezidentə və Birinci vitse-prezidentə dua edirlər. Onlardan kömək, imdad istəyirlər. Prezident də çıxışlarında dəfələrlə bu məsələlərə toxunub. O əlacsız insanların səsini Azərbaycan dövətinin diqqətinə çatdırmaq, problemlərlə tanış etmək o qədərmi çətindir? Əvvəlki millət vəkilləri bunu etməyə əriniblərmi, yoxsa əhəmiyyətmi verməyiblər? Bunları başqa nə məşğul edə bilər ki? Çalışacağam, xalqın inamını qazanım və bu etimadı öz fəaliyyətimlə doğruldum. 

- Bəziləri hesab edirlər ki, bu açılım, gənclərin önə çəkilməsi və s. məsələlər sadəcə, fon, görüntü yaratmaq üçündür. Hətta bir az da irəli gedib, düşünənlər də var ki, əksər gəncin namizədliyi əbəsdir. Siz də bunları bilməyəcək adam deyilsiniz. Doğrudanmı, yaradılan mənzərə görüntü üçündür və gənclərin bu çabaları əbəsdir?

- Hesab etmirəm ki, bu vəziyyət görüntü üçündür. Çünki gənclərə artıq ehtiyac var. Parlamentdə ağzının danışığını bilməyən, hər çıxışı ilə insanlarda qəzəb yaradan, onları qıcıqlandıran millət vəkilləri var. Onlar vətəndaşla dövlət arasında əngəldi. Vətəndaşda dövlətə qarşı böyük bir inamsızlıq yaradıblar. Bunun özü göstərir ki, yeni dünyagörüş, yeni təfəkkürə malik gənc kadrlara, millət vəkillərinə böyük ehtiyac duyulur. Hansı ki, məhz o millət vəkilləti vətəndaşla dövlət arasında divar yox, körpü olacaq. 

- Bu gənc kadrlar məsələsi də müzakirə predmeti oldu…

- Gənc kadrlara ehtiyac var deyəndə o demək deyil ki, hər yerindən duran gənc parlamentdə və ya hansısa dövlət müəssisəsində təmsil oluna bilər. Elə gənclər var ki, qocalardan betərdi. Burada sadəcə, həqiqətən də insanlarla ünsiyyət yarada bilən, onların sevgisini qazana bilən, xalqın, cəmiyyətin inandığı, eyni zamanda dövləti ən ali kürsülərdə layiqincə təmsil edə bilən gənclərdən söhbət gedir. İndi Feysbuk, Yutub var. Bu gün çoban da feysbukdadır, yutuba baxır. Artıq onların başını aldatmaq mümkün deyil. Və bu adamların qabağında üzü üzlər görmüş, qarnı yekə, boynu yoğun, altı yüz minlik maşınlı millət vəkilləri ilə də çıxmaq mümkün deyil. Yeni təfəkkürə, yeni dünyagörüşə malik, insanlarla təmaslara can atan, onların problemləri ilə öz şəxsi problemləri kimi yaxından məşğul ola bilən adamlara ehtiyac var. İnanıram ki, belə millət vəkillərinə ciddi ehtiyac yaranıb. Mən də bu inamla fəaliyyətimi davam etdirirəm. İnamımda yanılıb, yanılmadığımı çox qısa zamanda görəcəyik. 

- Sosial bazanıza güvənirsinizmi, doğma İmişliniz sizi deputat seçə biləcəkmi?

- Bizim seçicilər qarşısınakı çıxışlarımızdan çox şey asılıdır. Hələ tədbirlər, təbliğat-təşviqat kampaniyası başlamayıb. Bir əsas məsələ də var. Millət vəkilinin gəncləşməsinə ona görə böyük ehtiyac yaranıb ki, artıq seçicinin özü gəncləşib. Məni sosial mediadan tanıyırlar. Telekanallardan çıxışlarımı izləyiblər. Tanıyanlar da əsasən gənclərdir. Daha özümü onlara təqdim etməyə ehtiyac qalmır. Onlar özləri ailələrində, qohum-əqrəba, dost-tanış arasında mənim təbliğatımla inamı şəkildə məşğul olurlar. Proses getdikcə genişlənir, yayılır. Hər bir insanın içində bir vicdan hissi var. Onu tərpətmək, yuxudan oyatmaq lazımdır və mənim də bundan başqa güc vasitəm yoxdu. Onların sevgisini, hömətini və səsini qazanmaq üçün ancaq bu şəkildə davam edəcəm. Xalqın səsi ilə millət vəkili seçildikdən sonra verdiyim bütün vədləri doğrultmaqla məşğul olacam. Yola belə bir məqsədlə çıxmışıq. 

- Kəramət bəy, sizə uğurlar arzulayıram.  İnşallah o gün olsun ki, “Bu seçkidə bir Kəramət var” əvəzinə “Bu parlamentdə bir Kəramət var” deyək. 

- Çox sağ olun, qardaş, var olun!   

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu