Naşir: “Namizədlərə təşviqat materiallarının qiymətində güzəştlər edirik” - MÜSAHİBƏ

Şahbaz Xuduoğlu: “Bələdiyyə seçkilərində bizə təbliğat-təşviqatla bağlı müraciətlər olunmadı”



“Xüsusilə müstəqil namizədlər, yazıçı və jurnalistlərin sayı çoxdur. Müraciət edənlərin 90 faizi tanıdığımız və onların namizədliyini dəstəklədiyimiz şəxslərdir”



9 fevralda keçiriləcək parlament seçkiləri üçün təbliğat-təşviqat kampaniyası yanvarın 17-də başlayacaq. Namizədlərin qeydiyyat prosesi hələ də davam etməkdədir.  Məlumdur ki, namizədlərin özlərini ifadə etmək baxımından apardıqları təşviqat kampaniyası xüsusi önəm kəsb edir. Vacib kampaniya elementlərindən biri də xüsusi plakat və bukletlərin hazırlanmasıdır. 

Hər zaman seçkilərdə plakat, buklet çapı ilə bağlı aktivlik göstərən nəşriyyatlardan biri də “Qanun” Nəşrlər Evidir. 

Maraqlıdır, nəşriyyata təbliğat materiallarının hazırlanması ilə bağlı nə qədər namizəddən müraciət edilib? Ümumiyyətlə namizədlər təşviqat materiallarının çapında nə dərəcədə maraqlıdırlar? 

Sherg.az-ın suallarını cavablandıran “Qanun”un rəhbəri, naşir  Şahbaz Xuduoğlu bildirib ki, namizədlərdən buklet və plakatların sifarişi ilə bağlı müraciət edənlər var:

-Son günlər qeydə alınan namizədlərin sifarişləri qeydə alınır. Çalışırıq ki, həmin şəxslərə yüksək səviyyədə xidmət göstərək. Həmçinin namizədlərə hərtərəfli kömək oluruq. Söhbət yalnız plakatların çapından getmir. Ümumiyyətlə, bu işin təşkili və aparılması, düzgün şüarların seçilməsi, mətnlərin aydın yazılması və secicilərə müraciət formalarında namizədlərə köməklik göstəririk. Yəni, hərtərəfli şəkildə əlimizdən gəldiyi qədər yardım etməyə çalışırıq. Bu vaxta qədər çox seçkilərdə, təşviqat-təbliğat kampaniyalarında iştirak etmişik. Ona görə də çalışırıq ki, bu istiqamətdə namizədlərlə təcrübəmizi paylaşaq.

-Müraciət edənlərin sayı çoxdur?

-Kütləvi müraciətlərin olduğunu deyə bilmərəm. Amma hər gün 1-2 nəfər müraciət edir.

-Daha çox plakatlar yoxsa bukletlərə üstünlük verirlər?

-Əsasən bukletlərə, xüsusi buraxılışlara üstünlük verirlər. Plakatlar üçün müraciət edənlər elə də çox deyil. Namizədin real durumunu göstərən təşviqat materiallarına tələbat daha çoxdur

-Müraciət edənlər arasında hansısa partiyalardan olan namizədlər varmı?

-Daha çox partiya mənsubiyyəti olmayan namizədlər müraciət edirlər. Xüsusilə müstəqil namizədlər, yazıçı və jurnalistlərin sayı çoxdur. Müraciət edənlərin 90 faizi tanıdığımız və onların namizədliyini dəstəklədiyimiz şəxslərdir.

-Bəs, namizədlərə maddi güzəştlər edirsizmi?

-Əlbəttə, çalışırıq ki, namizədlər xidmətimizdən və görülən işin keyfiyyətindən razı qalsınlar. Ona görə də mümkün qədər qiyməti münasib etməyə çalışırıq. Hər halda istəmirik ki, müraciət edənlər əliboş qayıtsınlar.

-Buklet və plakatların qiyməti nə qədərdir?

-Hər yerdə qiymətlər müxtəlifdir. Plakatlar elə də baha deyil.  Kiçik ölçülü plakat 3 qəpikdən başlayır, ən böyük isə 80 qəpik arasında olur.

-Müraciətlər kifayət qədər çox olarsa, sifarişləri çap etmək gücünüz varmı?

-Əslində ölkəmizdə seçki əhval-ruhiyyəsi yalnız bu il hiss olunmağa başlayıb. Bələdiyyə seçkiləri necə gəldi və getdi, bunu heç kəs bilmədi. Çünki bələdiyyə seçkilərində bizə təbliğat-təşviqatla bağlı müraciətlər olunmadı. İlkin bələdiyyə seçkiləri zaman daha çox sifarişlər edilirdi. Amma bu ilki bələdiyyə seçkilərində təsadüfən 1-2 nəfər müraciət edərdi ya yox. Ümumilikdə çox sönük keçdi, hiss  olunmadı ki, təşviqat materiallarının hazırlanmasına ehtiyac var. Bu ilki parlament seçkilərində isə fərqli bir atmosfer var. Yəni, xüsusi bir canlanma hiss olunur. Namizədlər istəyirlər ki, özlərini birbaşa seçiciyə göstərə bilsinlər. Bunun üçün də bizim xidmətimizdən yararlanmaq üçün müraciət edirlər. Namizədlər özlərini ifadə etmək, planlarını seçicilərinə izah etmə baxımından hansı materiallar gərəkirsə, biz onlara çap edib veririk. Bu il əvvəlki illərdən fərqlidir, müraciət edənlər daha çoxdur. Amma bu müraciətlərin kütləvi hal almasına hələ ki inanmıram. Gərək seçkilər daha şəffaf keçirilə, namizədlər həqiqətən də təbliğatla irəliləmələrinə inana, onda müraciət edənlərin sayı daha çox olacaq.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu