Yeni sədrdən də gözlənti yoxdur: ATƏT Qarabağ münaqişəsinin həllində real mövqe ortaya qoymur

ATƏT-ə sədrliyə başlamış Albaniyanın baş naziri Edi Rama ölkəsinin prioritetlərini təqdim edib. Yeni sədrin sözlərinə görə, mövcud münaqişələrin nizamlanması istiqamətində səylərin artırılması qurumun gündəliyində duran əsas məsələlərdən biri olacaq. Rama bildirib ki, üzv ölkələr öhdəlikləri birlikdə yerinə yetirməlidir: 

“Bu vacibdir. Biz əlimizdə olan dəyərli alətlərin ətrafında birləşməliyik. Məsuliyyətimiz 57 ölkə arasında bölüşdürülür. Ümumi yanaşma olmadan ortaq bir gündəliyi inkişaf etdirmək mümkün deyil”. Baş nazir prioritetlərdən biri kimi dialoq yolu ilə qarşılıqlı anlaşmanın qurulmasını qeyd edib: “Bu gün bir sıra çağırışlar mövcuddur. Beynəlxalq təşkilatlar, cəmiyyətlərimizlə, Aralıq dənizi və Asiya tərəfdaşlarımızla dialoq qurulması, həmçinin parlament diplomatiyasının aparılması önəmlidir”.

Politoloq: “İl ərzində ATƏT-in yeni sədri regiona səfər etməklə tərəfləri atəşkəsə əməl edilməsinə və danışıqların aparılmasına çağıracaq”


Təşkilatın yeni sədrinin fəaliyyətə başlamasını “Şərq”ə analiz edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, ATƏT Qarabağ münaqişəsinin həllində real sülh təşəbbüsünün əldə olunması üçün yetərincə mövqe ortaya qoymur. 

Ekspert bildirib ki, ATƏT-in münaqişələrin həllinə töhfə vermək üçün ciddi mexanizmi olmasa da, mümkün həll variantlarının əldə olunmasında müəyyən imkanlara malikdir: “Əks halda belə bir təşkilat nəyə lazımdır?! Qurum sədrləri rotasiya qaydasında dəyişir və hər sədr Qarabağ münaqişəsinin həllini diqqətdə saxlayacağını xüsusi vurğulayır. Diplomatik tezislər vurğulansa da, real mövqe ortaya qoyulmur. İşğalçı ölkə olan Ermənistanla təcavüzə məruz qalmış Azərbaycana eyni mövqedən baxılır. Halbuki, ATƏT Ermənistana sanksiyaların tətbiqinə başlamalıdır. Çünki “Helsinki aktı”nı kobud şəkildə pozan məhz Ermənistandır. Amma biz bu təşkilat çərçivəsində ikili standartlara rast gəlirik. Konkret mövqeyin olmaması göstərir ki, il ərzində ATƏT-in yeni sədri yalnız regiona səfər etməklə atəşkəsə əməl edilməsinə və danışıqların aparılmasına çağıracaq”. 

Təcrübə göstərir ki, ATƏT və onun Minsk Qrupu konkret nəticənin əldə olunmasında işğalçıya təsir etmək iqtidarında deyil: 

“Manipulyasiyaya yol verilir. Azərbaycanın ərazi bütövlüyünün həll edilməməsi region üçün də ciddi təhlükə deməkdir. Əlbəttə, Azərbaycan mütləq şəkildə status-kvonun belə davam etməsinə səbrlə yanaşmayacaq. Növbəti “Aprel müharibəsi”nin təkrarlanması işğalçı ölkə və ATƏT üçün soyuq duş effekti verəcək. Yaxın Şərqdə və regionda oyun qaydaları dəyişir və güc mövqeyinə üstünlük verilir. Rəsmi Bakı da gücə üstünlük verməlidir”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu