Ermənistan kompromislərə getmir: İrəvan bu il də Qarabağ danışıqlarında maraqlı olmayacaq

Əksinə, Füzulidə yeni hərbi hissə istifadəyə verib, Qubadlı və Araz boyu ərazilərdə məskunlaşma həyata keçirir və Kəlbəcərə üçüncü yol çəkir



“Ermənistan tərəfi Azərbaycanla sülh danışıqlarında 2020-ci ildə də maraqlı olmayacaq”.  Bunu “Şərq”ə açıqlamasında Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə deyib. Analitik bildirib ki, İrəvan hökuməti atdığı addımlarla bunu büruzə verir:

“Ermənistan tərəfi işğal etdiyi Füzulidə yeni hərbi hissəni istifadəyə verib. Düşmən tərəf Qubadlı və Araz boyu ərazilərdə məskunlaşmanı həyata keçirir, Kəlbəcərə üçüncü yol çəkir. Kəlbəcərə çəkilən növbəti yolun hərbi məqsədlər üçün istifadə ediləcəyi şübhəsizdir. 

Buradan Qarabağa hərbi texnikaların daşınması və Kəlbəcərin müdafiəsi ilə yanaşı, hərbi eskalasiya zamanı Azərbaycanın yeni ərazilərinin işğalı da planlaşdırılır. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərinə çəkdikləri yollar yalnız hərbi məqsədlərə və işğalın davam etməsinə hesablanıb”. 



Politoloq: “Azərbaycanın işğal olunmuş ərazilərində yeni hərbi hissələrin yaradılmasına qətiyyən imkan verilməməlidir. Yol tikintilərinin mümkün vasitələrlə qarşısı alınmalıdır”


Analitikin sözlərinə görə, işğalçı ölkə rəhbərliyi “Qarabağ klanı”ndan çəkinərək kompromislərə getməyəcək: 

“2020-ci ilin diplomatik danışıqlar yox, hərbi eskalasiya ili olması mümkündür. Ona görə də aprel ayından etibarən Ermənistanla ciddi surətdə haqq-hesab çəkmək lazımdır. Azərbaycanın işğal olunmuş ərazilərində yeni hərbi hissələrin yaradılmasına qətiyyən imkan verilməməlidir. Həmçinin, yol tikintilərinin mümkün vasitələrlə qarşısı alınmalıdır. Beynəlxalq konyukturada Türkiyənin artan rolu Moskva ilə Qarabağ münaqişəsinin həllində növbəti danışıqları başlada bilər. Rusiya və Türkiyə münaqişə tərəflərinin iştirakı ilə konfliktin həllinə nail ola bilərlər. Burada əsas məsələ Rusiyanın siyasətinə Türkiyənin təsiri faktorudur”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu