Sığorta şirkətləri ajiotaj yaradır: Evlərə cərimələrin yazılması mexanizmi yoxdur

İstəyirlər ki, sığortanı elektronlaşdırsınlar. Yəni mənzilin sığortası yoxdursa, vətəndaşa onlayn cərimə tətbiq olunsun



2020-ci il yanvarın 1-dən etibarən evlərin məcburi sığortalanması üçün nəzarətin ciddi olacağı bildirilib. "İcbari sığortalar haqqında" qanuna görə, daşınmaz əmlakın sığortalanması məcburidir və bura obyektlər, inzibati binalar, yaşayış sahələri aiddir. Bakıda mənzilin birinin sığortalanması illik 50 manat, böyük şəhərlərdə illik 40 manat, rayonlarda isə illik 30 manatdır. Beləliklə, bu məbləği ödəyən şəxslər mənzillərinə hər hansı bir ziyan dəyərkən sığorta haqlarından istifadə edə biləcəklər. 

Lakin bu işin hansı formada aparılacağı sual altındadır. Sığorta üzrə mütəxəssis Xəyal Məmmədxanlı “Şərq”ə müsahibəsində bildirib ki, evlərin məcburi sığortalanması haqqında qanun hələ 2011-ci ildən var. Elə həmin vaxtdan etibarən cərimə mexanizmi də müəyyən edilib: 

“İcbari sığorta haqqında” qanuna görə, həm hüquqi şəxslərin qeyri-yaşayış obyektləri, həm də fiziki şəxslərin mənzilləri məcburi qaydada sığortaya cəlb olunmalıdır. Sığorta müqaviləsi bağlanmadıqda isə vətəndaşlara cərimə nəzərdə tutulur. Bu günə qədər prosesə nəzarət həyata keçirilməyib. Düzdür, hazırda belə bir ajiotaj yaranıb ki, yanvarın 20-dən vətəndaşlara cərimə yazılacaq. Amma bunların heç bir əsası yoxdur. Baxmayaraq ki, cərimə var, lakin onun tətbiq edilməsi mexanizmi hələ yoxdur. Sadəcə olaraq, müəyyən sığorta şirkətləri bu məsələdən ajiotaj olaraq istifadə edərək sığorta müqavilələri bağlayırlar.



Xəyal Məmmədxanlı: “Sənədsiz və qanunsuz tikililərin sığortalanması isə qadağandır”


- Bildirdiniz ki, "İcbari sığortalar haqqında" qanuna görə, evlərin sığortası məcburidir, sığortalanma olmayanda ev sahibləri cərimə edilməlidir. Lakin bu prosesə nəzarət o qədər də ciddi deyil. Sizcə, nəzarət mexanizmi necə olmalıdır?

- Hələ ki, bu sahədə nəzarət mexanizmi yoxdur. Bu gün yerli icra hakimiyyəti orqanları gedib vətəndaşın qapısını döyməli və onların sığortasının olub-olmadığını öyrənməlidir. Sığorta yoxdursa, bu zaman vətəndaşa cərimə yazılmalıdır. Baxmayaraq ki, cərimələrin yazılması mexanizmi də yoxdur, amma bu, normal bir prosedur deyil. Ona görə də məsələ ilə bağlı söhbət gedir ki, sığortanı avtomobillərdə olduğu kimi elektronlaşdırsınlar. Sonra isə kompyuter vasitəsilə müəyyən etmək mümkün olsun ki, vətəndaşın adına mənzil var. Həmin mənzilin sığortası yoxdursa, vətəndaşa onlayn formada cərimə tətbiq olunsun. Ona görə də bu sahədə elektron mexanizm qurulduqdan sonra normal cərimə tətbiq etmək mümkün olacaq.

- Bəzən kupçası olmayan evlərlə bağlı müəyyən problemlər yaranır. Bəs, belə evlərin icbari sığortası nəzərdə tutulurmu?

- Heç bir mülkiyyət sənədi olmayan, həmçinin kupçası olmayan evlərin sığortalanması və onların cərimələnməsi qeyri-mümkündür. Çünki qanuna görə, yalnız mülkiyyətində əmlak olan və onun faktiki olaraq sahibi olan şəxslər öz əmlaklarını sığortalamalıdırlar. Sənədsiz tikililər məsələsi açıq olaraq qalır. Belə tikililər yalnız sənədləşdirildikdən sonra sığortalana bilər.

- Sığorta şirkəti yanğın və s. hadisələr olarkən 25 min manat sığorta haqqı ödəyir. Bu məbləğin az olması haqqında fikirlər var. Məsələn, hansısa hadisə zamanı evə dəyən zərər 25 mindən çox olur. Bəs, bu məbləğ kifayətdirmi? 

- Bəli, hər hansı bir hadisə zamanı vətəndaşa maksimum olaraq 25 min manata qədər kompensasiya ödənilir. Təbii ki, bu məbləğ hər kəs üçün yetərli olmaya bilər. Amma nəzərə almaq lazımdır ki, əksər evin zərəri üçün kifayət edəcək bir məbləğdir. Çünki ev 100 min manata alına bilər, amma əsas məsələ evin içərisindəki təmirdir. Əşyaların yanması isə sığortaya daxil deyil. Kompensasiya olaraq yalnız evin təmiri, divar kağızı və s. məsələlərdən söhbət gedir. Bu da əksər hallarda bəs edəcək məbləğdir. Nəzərə almaq lazımdır ki, bu qanunun ilkin variantıdır və gələcəyə doğru təkmilləşdirmələr aparılacaq. 25 min manat kimin üçünsə bəs etməsə, həmin şəxs könüllü qaydada15 mindən artıq əmlak sığortası üçün müqavilə bağlaya bilər.

- Sənədsiz evlərin, qanunsuz tikililərin icbari sığortası necə olmalıdır? Ümumiyyətlə, bu cür tikililər sığorta olunurmu? 

- Sənədsiz evlərin sığortalanması qeyri-mümkündür. Qanunsuz tikililərin isə ümumiyyətlə sığortalanması qadağandır. Yəni kiminsə qanunsuz və yaxud yarımçıq tikilisi, sökülməsi planlaşdırılan ərazidə mənzili varsa, onların sığortaya cəlb olunmasına icazə verilmir.

- Evini sığorta etdirməyən vətəndaşları 30 manat cərimə gözləyir. Cərimələr bu sahədə olan neqativ halları aradan qaldırmağa kömək edəcəkmi?

- Təəssüf ki, vətəndaşlar könüllü şəkildə addım atmaq istəmir. Hər zaman onları cərimə ilə qorxudaraq nəsə etmək olur. Düşünürəm ki, cərimədən yayınmaq üçün sığorta müqaviləsi bağlayacaqlar. Hətta cərimənin adı belə insanların əmlaklarını kütləvi şəkildə sığortalamağa vadar edib. Ona görə də hansısa cərimənin olması əhalinin bu sığorta müqaviləsini bağlamağa yönəldəcək. Bu səbəblərdən cərimə çox böyük olsa və normal nəzarət edilsə, əhalinin böyük qismi əmlak sığortasından istifadə edəcək.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu