Dinimiz də icazə verir: Meyitdən orqan köçürülməsi GÜNÜN TƏLƏBİDİR

"Meyitdən orqan nəqli ilə bağlı islam dininə istinadların heç bir əsası yoxdur"



İnsanlara başa salmaq lazımdır ki, vəfat etmiş insanın hansısa orqanını ehtiyacı olan, həyatı, sağlamlığı buna bağlı başqa bir insana köçürməklə vəfat etmiş şəxs heç nə itirməyəcək, ruhu da narahat qalası deyil



El məsəli var; sağlığında kor Fatma, öləndə badamgözlü. Bu deyim özündə insana sağlığında dəyər verilmədiyini ehtiva edir. Bu təkcə, toplum olaraq başqasına bəslədiyimiz münasibəti əks etdirmir, həmçinin insan kimi özümüzə gərəkən dəyəri vermədiyimizin də təsdiqidir. Zərərli vərdişlərlə canına qəsd edənləri nəzərdə tuturam. İnsan həyatda ikən hər cür zərərli vərdişlərlə orqanizminə ziyan vurur. Həm də könüllü. Məsələn, birisinə “siqaret orqanizm üçün ziyanlıdır, infarkt riskini artırır”, “spirtli içki böyrəkləri, qara ciyəri… məhv edir”, deyirsən, amma faydasızdı. 

Vərdişləri sürdürməkdə davam edir. Amma rəhmətə getmiş birinin hansısa orqanını qohum-əqrəbasından, ailəsindən istəsən, “daş atıb başını tutar ki, dünyasında ola bilməz, mən əzizimi qəbrə bədəni yarılmış qoyum?!”. Halbuki, bu adam dünyada öz qədrini heç bilməmişdi. Amma ölümündən sonra orqanları bir başqasına həyat bəxş edə biləcəyi halda, ailə üçün, qohumlar üçün “toxunulmaz”a çevrilir.            

Bu həm də riyakarlıqdır. Guya ki, canımızın qədrini bilirik. Amma bu, həm də başqasına kömək əli uzatmamaq, kiminsə həyatını xilas edə biləcəyimiz halda, onu da özümüzlə məzara sürükləməkdir. 

Bu cür ikili yanaşmalara görədir ki, bizim ölkədə ölmüş orqanizmdən orqan köçürməsi hələ də reallaşmayıb. Qohumların, ailə üzvlərinin bir-birinə orqan bağışlaması faktları çoxdur. Əsas gözlənilənsə məhz, ölmüş şəxsdən orqan köçürülməsidir. Belə faktsa təəssüf ki, yoxdur. 
Baxmayaraq ki, qanun da var.



“Bioloji ölüm və beyin ölümü təsdiqlənməlidir”

     
Bir neçə gündür orqan transplantasiyası ilə bağlı sosial şəbəkələrdə müzakirə açılıb. Fikirlər müxtəlifdir. Əsasən də orqan köçürülməsinə qarşı gəlinməsini dinlə bağlayırlar. Guya, dinimiz buna qarşıdır. Başqa fikirlər də var. Sosial şəbəkə istifadəçiləri yazır ki, orqan köçürülməsinə dair ölkə qanunvericiliyində heç bir problem yoxdur. Zəruri hüquqi baza formalaşıb, qanun və qərarlar qəbul edilib. Problem adət-ənənə və xalqımızın düşüncə tərzindədir. Problemlər Azərbaycanın özünün reallıqları ilə bağlıdır. Milli mentalitetimizdən, şəxsən azərbaycanlılara xas olan düşüncəmizdən irəli gələn problemlər bu sahədə çətinliklər yaradır. Meyitdən orqanın transplantasiyası üçün mexanizm olsa da, bunun “ilkin pionerləri” yoxdur ki, bu işə başlasınlar. Tibb mütəxəssisləri bu fikirdədir ki, Azərbaycanda insan vəfat etməmişdən əvvəl orqanını, toxumasını rəsmi vəsiyyət edibsə, o, vəfat etdikdə onun orqanının, toxumasının transplantasiyası ilə bağlı heç bir problem olmamalıdır və ondan orqan, toxuma götürülə bilər. Sözsüz ki, şəxsin bioloji ölümü və beyin ölümü tam inkarolunmaz formada təsdiq olunmalıdır. Bu da hansısa fərdi şəkildə, hər hansı həkim tərəfindən deyil, konsilium tərəfindən müəyyən olunmalıdır. Transplantasiya həyata keçirən müəssisənin konsiliumu qərar verməli və bundan sonra baş həkim buna razılıq verməlidir. Hətta belə bir məsələ də var ki, əgər ölüm halı ilə bağlı məhkəmə-tibbi ekspertizası tələb olunursa, onda məhkəmə tibbi ekspertinin də razılığı alına bilər. Bu mütəxəssislərin razılığı olduqdan sonra həmin meyitdən transplantasiya məqsədilə orqan və ya toxuma götürülə bilər. Hazırda bizdə meyitdən orqanın götürülməsi üçün sadalanan bu prosedurların hamısı var. Sadəcə olaraq, bunu edən yoxdur. Bu, bəlkə də mentalitetimizdən irəli gəlir. Əgər küçədə şifahi bir sorğu keçirib soruşsaq ki, siz öldükdən sonra özünüzün, yaxud yaxın qohumunuzun meyitindən orqan götürülməsinə razılıq verərsiniz? Sorğu iştirakçılarının 99 faizi buna “yox” cavabını verəcək. Azərbaycanda bununla bağlı təfəkkür, yanaşma tərzi hələ başqa cürdür.

Qeyd edək ki, meyitdən hansısa orqanın götürülməsinə icazə verməyən ailə üzvləri, yaxın qohumlar dini ehkamlara söykəndiklərini, islam dininin guya orqan nəqlinə mənfi yanaşdığını irəli sürürlər.   
Din xadimləri isə əksinə, insan həyatının xilasının böyük savab olduğunu bildirir. 



«İnsana həyat vermək böyük savabdır»


Mövzu ilə bağlı «Şərq»ə danışan Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli qeyd etdi ki, əhalinin meyitdən orqan nəqli ilə bağlı islam dininə istinadlarının heç bir əsası yoxdur:

- Dinimiz orqan transplantasiyasına icazə verir. Orqanların bağışlanması insanın sağlığında da mümkündür. Amma bir şərtlə ki, bu, o insanın səhhətində problem yaratmasın, onun yaşayışını ağırlaşdırmasın, çətinləşdirməsin. Yəni, bir insanın hansısa orqanını digər bir insana hədiyyə etməsi, ona əziyyət verəcəksə, həyatını çətinləşdirəcəksə, buna yol verilməməlidir. Amma insan özü vəsiyyət edirsə ki, öldükdən sonra orqanları bağışlansın, təbii ki, bu vəsiyyətə əməl edilməlidir, qohumlar da vəsiyyətdən kənara çıxmamalıdır. Kənara çıxarlarsa, bu artıq günahdır və cavabını da Allah qarşısında verəcəklərini bilsinlər. Ümumiyyətlə, Rəhbbimiz tərəfindən aləmlərə rəhmət, həm sonuncu səmavi din, həm də ən mükəmməl din olaraq göndərilən islamda, kiməsə həyat bəxş etmək insanların həyatını xilas etmək ən böyük xeyirxah əməl, savab iş sayılır. Necə ola bilər ki, mərhəmət və şəfqət dini olan islam insan həyatının xilasına yönəlmiş bir əməli qəbul etməsin?! Bilirsiz, bəzi vətəndaşlarımız islam dini haqqında məlumatsız olduqlarından düzgün qərar verməkdə də çətinlik çəkirlər. Bəzən insanlarımızın dinin adına bağladıqları məsələlərin dinlə heç bir əlaqəsi olmur. Yeri gəldi-gəlmədi, çalışırlar bəzi məsələləri dinlə əlaqələndirsinlər, şəriət qanunları ilə izah etsinlər. Bu da dini bilgisizlikdən irəli gəlir. 

Mən həmişə demişəm ki, dini düşüncələrdə islahatlara ehtiyac var. Doğrudur, insanların düşüncələrində, həyat tərzində yüz illərlə oturuşmuş adətləri qısa zamanda aradan qaldırmaq çətindir. Amma biz çalışmalıyıq ki, insanların dini bilgiləri artsın. Bunun üçün də maarifləndirmə işləri aparılmalıdır. İnsanlara başa salmaq lazımdır ki, vəfat etmiş insanın hansısa orqanını ehtiyacı olan, həyatı, sağlamlığı buna bağlı başqa bir insana köçürməklə vəfat etmiş şəxs heç nə itirməyəcək, ruhu da narahat qalası deyil. Əksinə, vəfat edərkən bir insana həyat bəxş etmək ən böyük savabdır. Və mükafatı da Rəbbin dərgahında qat-qat böyükdür.

«Elektron baza yaradılmalıdır»  


Qardaş Türkiyədə orqan transplantasiyası tibbin inkişaf etmiş sahəsidir. Dəfələrlə belə məlumatların şahidi olmuşuq ki, qəza keçirmiş və ya ağır xəstə olan insanın müəyyən orqanları transplantasiya üçün götürülüb. Üzərində «Diqqətli olun, orqanlar!» yazılmış tibb çantasının necə sürətlə, cəld daşındığını müşahidə etmişik. Azərbaycan səhiyyə işçiləri meyitdən orqan transplantasiyasına hələ də ölkəmizdə başlanmamasının səbəbini «xalqın düşüncə tərzi»nin üzərinə yükləyirlər. Amma prosesin başlanması üçün hüquqi baza mövcud olsa da, digər texniki məsələlər həllini tapıbmı?  



Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev meyitdən orqan köçürülməsinin tətbiqi ilə bağlı bir müddət öncə KİV-ə açıqlamasında elektron səhiyyənin tətbiqinin vacib olduğunu demişdi:  

"Əgər vəfat edən şəxs sağlığında öldükdən sonra orqanlarının köçürülməsinə razılığının olması barədə vəsiyyətnamə qoyubsa, artıq xəstənin yaxınlarını köçürmə üçün axtarmaq lazım deyil. Çünki meyitdən orqan götürülməsi qısa vaxt ərzində - bir neçə saat ərzində baş tutmalıdır. Elektron səhiyyə donorun sağlığında notarial qaydada razılığının olub-olmamasını tez bir zamanda müəyyən etməyə kömək edəcək. Eyni zamanda, elektron səhiyyə sayəsində orqanları götürülən donorun qan qrupu, orqanın immunitet xüsusiyyətləri, onu kimin orqanizminə köçürməyin mümkünlüyü barədə operativ məlumat əldə etmək mümkün olacaq”.



Tibb elmləri doktoru, professor Adil Qeybulla da bu fikirdədir ki, Azərbaycanda meyitdən orqan transplantasiyasının həlli üçün donor bankları haqqında məlumatları özündə cəmləşdirən elektron baza yaradılmalıdır:  

- Hesab edirəm ki, Azərbaycanda bu prosesin tətbiqi zaman tələb edir. Amma istənilən halda bir başlanğıc olmalıdır. Əgər proses sistemli şəkildə aparılsa, insanlar yavaş-yavaş alışacaqlar. Orqan transplantasiyası ilə məsələ tam öz hüquqi bazasını tapmalı, donor bankları və s. yaradılmalıdır. Böyük bir assosiasiya, şəbəkə yaradılmalıdır ki, məsələn, Azərbaycanın hər hansısa bir rayonunda orqan resursu varsa, digər rayonda buna ehtiyac yaranırsa, onu dərhal həyata keçirmək mümkün olsun. Bu məsələ çox ciddi və təşkilati bir işdir. Bütün məlumatlar bir bazada toplanmalıdır və oradan da  paylaşılmalıdır. Böyük bir elektron şəbəkə olmalıdır. Orqanların lazımi ünvanlara vaxtında çatdırılması, təxirəsalınmaz əməliyyatların keçirilməsi üçün yüksək texniki imkanlar yaradılmalıdır. Azərbaycanda xeyli sayda donora ehtiyac var. Hesab edirəm ki, bu məsələ ilə bağlı bütün hüquqi tərəflər həll olunmalıdır ki, daha sonra resurslar haqqında düşünmək mümkün olsun. Bütün bunlar isə bir-iki günlə həll olunacaq bir proses deyil. Hesab edirəm ki, Azərbaycan orqan transplantasiyasında Türkiyə və qərb ölkələrinin təcrübəsindən istifadə edə bilər. Bununla yanaşı orqan transplantasiyasında bizim vətəndaşların sözügedən ölkələrin insanları kimi psixoloji baryerləri aşması da gərəkdi. Bu məsələdə əhalini xeyli maarifləndirmək lazımdır. Bu məsələlərin texniki, mənəvi, psixoloji tərəfləri cəmiyyətdə öz həllini tapmalıdır. 



Gözün buynuz qişası ilə bağlı problem yoxdur   


Gözün buynuz qişasının ölkəyə gətirilməsinə icazə verilməsi artıq həllini tapıb. Gözün buynuz qişası mülki dövriyyədə olması qadağan edilən əşyalar siyahısından çıxarılaraq dövriyyədə olmasına icazə verilən əşyalar siyahısına daxil edilib.  Bununla da gözün buynuz qişasının Azərbaycana gətirilməsi və ehtiyaclı insanlara köçürülməsi imkanı əldə ediləcək.

Professor Adil Qeybulla da gözün buynuz qişasının görmə itiliyinin korreksiyası üçün gərəkli olduğunu dedi:

-Gözün buynuz qişasından gözün görmə qabiliyyətini artırmaq üçün istifadə olunur. Gözün buynuz qişası insandan da götürülə bilər,  başqa canlıdan – heyvandan da. Gözün buynuz qişası bioloji ölüm keçirmiş insandan götürülə bilər. Hər bir orqanın yaşama müddəti olduğu kimi gözün buynuz qişası da bir neçə saat sağlam qala bilir. Uzun müddət keçdikdə isə artıq parlaqlığı itirməyə başlayır. Ona görə də əgər meyitdən orqan transplantasiyası gerçəkləşəcəksə, bu, nə qədər tez, sürətlə olsa, bir o qədər yaxşıdır və effekti də müsbət ola bilər. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu