Geriyə qayıdış yoxdur: Ömürlük həbs ölüm hökmündən qat-qat ağırdır - MÜZAKİRƏ

Onlar özlərinə ölüm arzulayır, çünki ömürlük məhbusların məhbəs həyatı həqiqətən də dəhşətli dərəcədə ağır, dözülməz keçir



Nərmin faciəsi ölüm hökmünün bərpasını yenə müzakirə predmetinə çevirdi. Məlum məsələdir ki, geriyə yol yoxdur. Azərbaycan Respublikası Avropa Şurasının üzvüdür, İnsan Hüquqları üzrə Avropa Konvensiyasna qoşulub. Cənab Prezident məhz humanizm prinsiplərini əsas götürərək vaxtaşırı Əfv fərmanları imzalayır. Yəni dövlətçiliyimiz həm də humanizm, insanpərvərlik prinsipləri üzərində bərqərar olub. 

Amma buna baxmayaraq bəzən ölkədə qandonduran hadisələr baş verdikdə, cəmiyyət istər-istəməz qatillərə, cinayətkarlara qarşı amansızlaşır. Bunu biz Vətənə xəyanət edənlərə münasibətdə də görürük, xüsusi amansızlıqlar, işgəncələr baş verdikdə, məsum insanlar qətlə yetiriləndə də.        
Bu dəfə də istisna olmadı və sosial şəbəkələr “ölüm hökmü” tələb edənlərlə, buna qarşı çıxanların müzakirə meydanına döndü.  

İlk baxış “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovadan gəldi. Birlik sədri ölüm hökmünün bərpasının qəti əleyhinə olduğunu dedi: 



- Hər kəsin fikrinə hörmətlə yanaşıram... dostlarıma hörmətim hədsizdir. Amma burdan demokratiya cağırışı edib, ardınca ölüm hökmünün bərpasını tələb etmək.....bir-birinə zidd, absurd yanaşmadır. Mən qəti əleyhinəyəm!

Vüsal Rahim: Ölüm hökmünün bərpası yolverilməzdir.

Esmira Şükürova: Ölüm hökmü labüddür! Ağrı çəkən insanların bir anlıq başına gələnləri özümüzdə yaşatsaq, ölüm hökmünü 500 faiz qəbul edərik.

Mehriban Zeynalova: Mən heç vaxt “hə” demərəm! İnsanların qanunlar qarşısında cavabdehliyini başqa yolla da öyrətmək olar.

Esmira Şükürova: Ay öyrəndilər ha!.. Qorxusu olmayan insan yırtıcı çaqqaldır.

Mehriban Zeynalova: Pessimist olmayın!

Nuranə Heybətova: Hər kəs ölür də. Ölüm cəza deyil axı. Ölüb gedəcək də. 5 gün gec, 5 gün tez. Nə fərqi var?!

Esmira Şükürova: Ölür əlbəttə. Amma murdar adamlar adam kimi ölməməlidir.

Nuranə Heybətova: Fərqi yoxdu. 60 il də yaşasaz, 30 il də, ölüm gəldiyi zaman zatən keçmişin nə önəmi olur. Sanki cavan öldürmək işə yaramır. Qoyun yaşasın, amma azadlığı əlindən alınaraq yaşasın.
Ölüm cəzası ən mənasız cəzadır mənə görə. Heç cəza da deyil. Gec-tez öləcək adamı göndərirsən ki, yaşlılıq, xəstəlik və sair görmədən rahat getsin. 

Qərənfil Ağalarova: Allah qorusun, bir gün iftiraya uğrasan, bir doğmana ölüm hökmü verilsə və illər sonra iftiraya uğradığı aşkara çıxsa ki, yanlışlıq olub, öləni geri qaytara bilərsiz? Heç vaxt birtərəfli baxmayaq duruma. Onda varlılar yenə bildiyin edib pulnan canını qurtaracaq, kasıblar iftirayla tutulacaq.



Şərqiyyə Dadaşova: Bir anlıq ölümdənsə, uzun zaman və hər dəqiqəsi ölümdən betər olan bir hökm verilsə yaxşı olar.

Sevinc Sultanova: Ömürlük həbs yaxşıdır məncə.

Mehriban Zeynalova: Problem bilirsiz nədir? Hamıya elə gəlir ki, bu ölüm hadisəsi yalnız onu daha çox sarsıdıb. Təəssüf ki, sonrakı nəsnələri heç kim fikirləşmir…

Fariz Əkbərov: Ölüm bərpasının bir neçə maddəyə şamil olunmasını mən də istəyirəm. Çünki mənəviyyatı, əxlaqı pozulmuş insan 14-15 il azadlıqdan məhrum edilsə də, dəyişən heç nə olmayacaq. Öz övladına, öz yaxınına cinsi zorakılıq edən insanı 14 il məhbus həyatı reabilitasiya edəcəkmi?.. Praktikada belə bir hal varmı ki, öz azyaşlı övladını zorlasın, 14-15 il həbs cəzasından həmin şəxs nəyisə dəyişsin? Ölüm hökmü demokratik dövlətlərdə var. Ona görə ölüm hökmünün, azyaşlılara qarşı törədilmiş cinsi zorakılıqlara şamil olunmasının tərəfdarıyam.

Mehriban Zeynalova: Ömürlük hökm verilməsi ki mükündür... kim deyir ki, azad olsun və ya 10-15 il cəza çəksin.

Fariz Əkbərov: Ömürlük cəza sonra 20 il ilə əvəz olunur.

Mehriban Zeynalova: Yəqin ki bilirsiz, cəzanı elə etmək olar ki, o nə bəraətə, nə də apelyasiyaya düşər.

Fariz Əkbərov: Bu barədə qanunvericiliyə dəyişiklik olsa yaxşı olar.

Mehriban Zeynalova: Bu dəyişikliyi tələb etmək lazımdır.

Xəyalə Abbasova: Nərminə bu qədər vəhşiliyin qarşısında ölüm hökmü qaçılmazdı. Ölüm hökmü qəbul olunmasa nərminlərimiz çox olacaq. 

Nailə İsmayılova: Mən bir qarışqanı tapdalayanda ürəyim ağrıyır. Amma cinayət törədən bunu düşünülmüş və planlaşdırılmış şəkildə edirsə, demək ki, belə hallarda istisnalar olmalıdır, yəni qərarvermədə. Bunu heç vaxt deməmişəm, ancaq indi deyirəm. Həyat yoldaşımı "öldürən" 12 il cəza çəkdi və azad oldu, indi də yaşayır. Amma 2 övladım kiçik yaşlarından ömürlük atasız böyüdülər. Yoldaşım da yaşamaqdan məhrum oldu. Məni də özünüz bilirsiniz. Yoldaşımın şəkillərini göstərsəm, dözə bilməzsiniz. Onun ölənə qədər çəkdiklərini düşünəndə adam varından yox olur. Mən balaca qızcığazın ölənə qədər çəkdiklərini düşünəndə dözə bilmirəm...

Gülnar Abdullazadə: Ölüm hökmünün mən də əleyhinəyəm. 1. Ölüm qurtuluşdur  vəhşi ruhlu qatillər üçün. 2. Ölüm hökmü bərpa edilsə, nə qədər günahsız, şərlənərək həbsə düşən insanlar öldürüləcək boş yerə. Ölüm hökmü heç bir halda qəbul edilə bilməz. Belə canilər üçün daha dəhşətli cəza növləri hazırlanmalıdır.

Gülnarə Əmiraslanova: Ölüm məsuliyyətdən birdəfəlik can qurtarmaqdır. Ömürlük azadlıqdan məhrumetmə ölümdən ağır bir cəzadır.



İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, hüquqşünas İradə Cavadova «Şərq»ə açıqlamasında bildirdi ki, ölüm hökmünün bərpasını məqsədəuyğun saymır:

- Azərbaycan Avropa Şurasının üzvü kimi ölüm hökmündən imtina edib. İndi illər sonra ölüm hökmünü bərpa etmək, məncə, məqsədəuyğun deyil, həmçinin humanizm prinsiplərinə də uyğun olmaz. Azərbaycanın üzvü olduğu Avropa Şurası qarşısında öhdəlikləri var. Ölüm hökmünün bərpası bu öhdəliklərə də tərs mütənasib olardı. Düzdür, Avropa İnsan Hüquqları Konvensiyasında ölüm hökmünün müstəsna cəza kimi tətbiqini nəzərdə tutan maddə var. Amma bu maddə deyildiyi kimi, müstəsna hallar üçün keçərlidir. Müstəsna hal deyildikdə isə soyqırımlar, kütləvi qırğınlara səbəb olmuş hərəkətlər, yüzlərlə, minlərlə insanın həyatı bahasına başa gələn cinayətlər nəzərdə tutulur. Bu faktların təsdiqi üçünsə, illər lazım gəlir. Uzun-uzadı araşdırmalar, təhqiqatlar aparılır və s. Ölüm hökmü ona görə qəbuledilməz sayılır ki, burada məsələ insan həyatıdır. Belə hallar çox olur ki, ölüm hökmü verildikdən sonra şəxsin günahsızlığı və ya ölüm hökmünün törətdiyi əmələ qeyri-adekvatlığı üzə çıxır. Belə hadisələr tarixdə var. Ölüm hökmü qüvvəyə mindikdən sonra faktlar üzə çıxır, yenidən istintaq aparılır və məlum olur ki, barəsində ölüm hökmü icra edilmiş şəxs əslində bu cinayəti törətməyib. Amma ölüm hökmü artıq icra olunub. Bu halda həmin insana bəraət verilməsi onun həyatını geri qaytarmır. Belə istisna hallar nəzərə alınaraq ölüm hökmü qəbul edilmir, xüsusilə ağır cinayətlərdə ömürlük həbs cəzası daha uyğun qərar hesab edilir. Doğrudur, bəzən qatı cinayətlər, bir neçə nəfərin ölümünə səbəb olmaq, uşaqlara qarşı cinsi istismar hallarında ölüm hökmünün istənilməsi də hardasa, başadüşüləndir. Çox ağır maddələrlə ittiham edilən şəxslər olur. Amma bu demək deyil ki, bu hallarda mütləq ölüm hökmü tətbiq edilməlidir. Həm də sizə deyim ki, ömürlük həbs cəzası ölüm hökmündən qat-qat ağır cəzadır. Ölüm hökmü bir dəfə icra edilir, amma ömürlük həbsdə məhkum hər gün «ölür». Ömürlük həbs cəzasına məhkum edilmişlər bəlkə də ölümü arzulayır, çünki ömürlük məhbusların məhbəs həyatı həqiqətən də dəhşətli dərəcədə ağır, dözülməz keçir.

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu