Xəstənin bədənində qayçının qalması tibb bacısının günahıdır – Həkimdən İZAH

Gəncə şəhərində dəhşətli  hadisə yaşanıb. Həkimlər xəstəni əməliyyat edərkən bədənində qayçı qoyub. Laləzar Məmmədova yay aylarında Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında yırtıq və öd əməliyyatı edilib. Bir neçə gün sonra evə buraxılıb. Lakin zaman keçdikcə qadının vəziyyəti pisləşib. Yaxınları qadını dekabr ayının əvvəllərində özəl xəstəxanada müayinə etdirib. Məlum olub ki, qadının bədənində yad cisim (əməliyyat qayçısı) var.

Laləzar Orucova bildirib ki, onu əməliyyat edən həkimlər qadını xəstəxanaya çağırıb və yenidən tələsik əməliyyat edib, qayçını onun bədənindən çıxarıblar.

“Tələsik məni əməliyyata saldılar, yaxınlarımdan heç kim yanımda yox idi. Yaxınlarım həkimdən mənim niyə əməliyyat edildiyimi soruşduqda, tamam başqa söz deyilib.
Oğlumun təkidi ilə özəl xəstəxanadan mənim müayinədən keçdiyim rentgen kağızını əldə etdik və bədənimdə qayçını gördük. İndi vəziyyətim getdikcə pisləşir, mənimlə kimsə maraqlanmır”.



Adil Qeybulla: "Tibb bacısının icazəsi olmadan həkim qarın boşluğunu bağlaya bilməz"


Baş verənlərə münasibət bildirən tibb elmləri doktoru, professor Adil Qeybulla Sherg.az-a açıqlamasında bildirib ki, tibbi alətin xəstənin bədənində qalması ilk növbədə əməliyyatda iştirak edən tibb bacısının günahıdır.

Professor qeyd edib ki, yad cismlərin, xüsusilə əməliyyat zamanı həkimə təhvil verilən cərrahi alətlərin bədənin boşluqlarında qalması təcrübəsinə indi təsadüfən rast gəlinir:

“Əvvəllər belə hallara nisbətən çox rast gəlinirdi. İndi əməliyyatların çoxusu video-endoskapik yolla aparılır. Bu baxımdan belə hallara daha az təsadüf edilir. Tibb bacısı həkimə verdiyi tamponların, alətlərin sonda sayını bilməlidir. Əməliyyat başa çatan zaman tibb bacısı qarın boşluğunun bağlanıb-bağlanmayacağını həkimə bildirir. Tibb bacısının icazəsi olmadan həkim qarın boşluğunu bağlaya bilməz. Ona görə də bu məsuliyyət birbaşa tibb bacısının üzərindədir. Deməli, tibb bacısı məsuliyyətsiz olub, alətləri düzgün saymayıb. Çünki həkim əməliyyat zamanı bir çox alətlərdən istifadə edir. Ola bilər hansısa alətlə damarı bağlayır, digər alətlər də bir müddət növbətçi kimi bədəndə qalır. Əlbəttə, həkimlər də diqqətli olmalıdır, qarın boşluğundan çıxanda tam arxayın olmalıdır. Amma burada tibb bacısının rolu da mühümdür. Tibb bacısı tamponların sayının düz olduğunu desə, həkim tamponları saymağa lüzum görməz. Lakin bir tampon və ya hansısa alət çatmırsa, həkim onda axtarıb tampağa məhkumdur”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu