"Gürcüstan hökuməti Zəlimxan Yaqubla bağlı müraciətə həssas yanaşmalıdır" - Nəriman Əbdülrəhmanlı


“Bir gürcü xalq şairi Azərbaycan məkanında doğulmuş olsaydı, bizim dövlətimiz onun xatirəsinin əbədiləşməsi üçün nə lazımdırsa edərdi”.

Bu sözləri “Şərq”ə açıqlamasında nasir, publisist və tərcüməçi Nəriman Əbdülrəhmanlı bildirib. 

Qeyd edək ki, yanvarın 21-də Zəlimxan Yaqubun anadan olmasının 70 illiyi tamam olur. Bu əlamətdar tarix münasibətilə xalq şairinin həmkəndliləri 
yerli icra orqanlarına müraciət ünvanlayıb. 

Müraciət müəllifləri Z.Yaqubun anadan olduğu Bolnisi rayonunun Kəpənəkçi kəndində şairin adını daşıyan poeziya evinin inşa olunmasını təklif edirlər.
Kəpənəkçi kənd sakinlərinin imzaladığı müraciətdə poeziya evi üçün torpaq sahəsinin ayrılması xahiş olunur.
Müraciətin müəlliflərindən biri Ramiz Bəkirov bildirib ki, sənəd Gürcüstan parlamentinin sədri Arçil Talakvadze və Bolnisi rayonundan olan majoritar deputat Qoqita Meşvelianiyə ünvanlanıb.

Onun sözlərinə görə, müraciət digər aidiyyəti dövlət qurumlarına da təqdim olunacaq: “Zəlimxan Yaqub söz adamı və ictimai xadim kimi Azərbaycan və Gürcüstan arasında ədəbi, mədəni əlaqələr və dostluq münasibətlərinin möhkəmləndirilməsində böyük xidmətləri olan şəxsiyyətdir. İnanıram ki, dövlət qurumları Gürcüstanda onun adını daşıyacaq poeziya evinin tikilməsi üçün torpaq sahəsinin ayrılması ilə bağlı müraciətə baxaraq müsbət qərar qəbul edəcəklər”.



N.Əbdülrəhmanlı da qeyd etdi ki, Gürcüstan hökuməti xalq şairi Zəlimxan Yaqubun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı yerli orqanlara edilmiş müraciətə həssas yanaşmalıdır:

- Mərhum xalq şairi Zəlimxan Yaqubun doğulduğu ev qalır, hazırda orda şairin qardaşı yaşayır. Poeziya evi ideyası da çox gözəldir və yerinə düşür. Bu məsələ, Azərbaycan və Gürcüstan səfirlikləri arasında, Azərbaycan Yazıçılar Birliyinin xətti ilə həll olunmalıdır. Zəlimxan Yaqub adına Poeziya Evi soydaşlarımızın kompakt yaşadığı bölgədə ədəbi ocaq kimi fəaliyyət göstərə bilər. Məncə, Kəpənəkçi camaatının müraciətinə yerli orqanlar müsbət cavab verməlidir. Çünki Zəlimxan Yaqub xalq şairidir. Əgər bir gürcü xalq şairi Azərbaycan ərazisində doğulmuş olsaydı, bizim hökumət inun xatirəsinin əbədiləşməsi üçün hər cür şərait yaradardı.                                                                                                               

Məlahət Rzayeva

Paylaş

Bizi Facebookda izləyin
menu
menu