Hakim partiyanın imtinası alqışlandı: “YAP doğru qərar verdi”

Yeni Azərbaycan Partiyası (YAP) fevralın 9-da keçiriləcək parlament seçkilərinin təşviqat mərhələsində ödənişsiz efir vaxtından istifadə etməyəcək. Seçki Məcəlləsinə əsasən 60-dan çox seçki dairəsindən namizədləri qeydə alınan siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televiziya və Radioda efir vaxtı ayrılır. Həmçinin dövlətdən maliyyələşən dövrü mətbuatda pulsuz təşviqat aparmaq üçün şərait yaradılır. 

Hakim partiyanın ödənişsiz efir vaxtından imtina etməsini Sherg.az-a dəyərləndirən siyasi ekspert Azər Həsrət YAP-ın qərarını alqışladığını deyib.

Analitik bildirib ki, seçkilərin ciddi rəqabət şəraitində keçməsi çox vacibdir:

“Hər halda partiyaların ciddi şəkildə təşkilatlanması və nəticələrə hesablanan mübarizə aparması yaxşı olardı. Amma bəlli olduğu kimi, YAP-dan başqa seçkidə iştirak edən digər partiyalar qeydiyyatdan yetərincə namizəd keçirə bilməyiblər. Ona görə də YAP faktiki olaraq ödənişsiz efir vaxtından təkbaşına istifadə etməli olacaqdı. Əlbəttə ki, bu da seçkinin ədalətli keçməsinə şübhə gətirə, yaxud da partiya özünü meydanda tək hiss edə bilərdi. Ona görə də YAP belə bir qərar verib. 



Azər Həsrət: “Yalnız partiyalara vaxt verilməsi yetərincə ədalətli deyil. Tutaq ki, müstəqil namizədlər də var. Onlar niyə efir vaxtından məhrum olmalıdırlar?”


YAP-ın belə bir qərar verməsi təqdirəlayiqdir. Amma düşünürəm ki, gələcəkdə qanunvericiliyə dəyişiklik etməliyik. Yəni, yalnız partiyalara vaxt verilməsi yetərincə ədalətli deyil. Tutaq ki, müstəqil namizədlər də var. Onlar niyə efir vaxtından məhrum olmalıdırlar? Düşünürəm ki, gələcəkdə bu məsələyə qayıtmaq vacibdir. Təbii ki, indi qanunvericilik nə deyirsə onu etməliyik, çünki bu mərhələdə qanunu dəyişə bilmərik. Amma növbəti illərdə bu problemi aradan qaldırmaq lazımdır. Ümumiyyətlə, indiki mərhələdə namizədlər üçün televizora çıxıb-çıxmamaq o qədər də önəmli rol oynamayacaq. 5 dəqiqə televizorda danışsalar nə olacaq? Əsas məsələ seçicilərin ayağına getmək, onlarla təmasda olmaq, birbaşa onlardan dəstək istəməkdir. Bunu edə bilməyənlər gündə 10 dəfə televiziyaya çıxsalar da faydası yoxdur”. 

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu