Yeni idxal nəzarəti məntəqələrindən gözləntilər böyükdür

İndiki halda xaricdən kim nə istədi gətirir və çoxu da yoxlanılmır


Heyvan xəstəlikləri və bitki zərərvericilərinin qarşısını almaq məqsədilə sərhəd ərazilərdə idxal nəzarəti məntəqələri yaradılacaq. Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, 2019-cu il ərzində Avropa İttifaqı tərəfindən fındıq məhsullarının 10 dəfə idxaldan imtina halı müşahidə edilib: 

“Bundan başqa, ötən il ərzində Daxili İşlər Nazirliyi və Baş Prokurorluqla birgə 45 əməliyyat keçirilib, 83 ton təhlükəli qida məhsulu aşkarlanaraq, dövriyyəyə daxil olmasının qarşısı alınıb, 20 cinayət işi açılıb.
İdxal olunan məhsulların təhlükəsizliyinin təmin edilməsi, ölkə ərazisinə heyvan xəstəlikləri və bitki zərərvericilərinin yayılmasının qarşısını almaq məqsədilə sərhəd ərazilərə yaxın yerlərdə idxal nəzarəti məntəqələrinin yaradılması ilə bağlı layihələndirmə işlərinə başlanıb”. 

İdxal nəzarəti məntəqələrinin təqdirəlayiq addım olduğunu deyən “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı “Şərq”ə bildirib ki, əgər ciddi nəzarət ediləcəksə, idxal olunan mallar laboratoriyada yoxlanacaqsa, bunun çox ciddi təsiri olacaq. İqtisadçı vurğulayıb ki, indiki halda xaricdən kim nə istədi gətirir və çoxu da yoxlanılmır: 

“Bir sıra ölkələrdə yayılan xəstəliklər və viruslardan qorunmaq üçün gömrükdə ciddi yoxlamalar aparılmalıdır. Bununla bağlı ən əsas və vacib addım isə qida məhsullarının ciddi yoxlanması olardı. Bu sahədə vəziyyət çox pisdir. Ölkəyə xaricdən hər cür keyfiyyətsiz, təhlükəli və saxta ərzaq məhsulları gətirilir və əhaliyə satılır. Qida təhlükəsizliyindən vacib heç nə yoxdur. İstərdim ki, bu sahəyə daha çox nəzarət edilsin”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu