Ermənistan növbəti xaosun astanasındadır: Paşinyan hakimiyyətdən qovula bilər

Ermənistanın baş naziri Nikol Paşinyanın təşəbbüsü ilə Ermənistandan yeni konstitusiya islahatları həyata keçirmək üçün xüsusi komissiyanın yaradılması yönündə ciddi iş aparıldığı məlum olub. 

“Jamanak” qəzetinin yazdığına görə, məqsəd Ermənistanda prezident üsul-idarəsinə qayıdış etməkdir. Nəşr bildirib ki, güclü prezidentlik idarəsi Konstitusiya Məhkəməsinin üzvlərini istefaya göndərə biləcək. Ekspertlər Nikol Paşinyanın bu islahatlarla öz kövrək hakimiyyətini möhkəmləndirmək niyyəti güddüyünü vurğulayırlar. 

Nikol Paşinyanın “islahatları” ilə bağlı Sherg.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Ermənistan kimi ölkələrdə prezidentlik üsul-idarəsi daha effektli olur. 



Qabil Hüseynli: “Ölkə müxalifəti mürəkkəb vəziyyətdən istifadə edərək tərəfdarlarını artırıb və baş nazirə qarşı ciddi müqavimət formalaşdırıb”


Analitikin sözlərinə görə, Paşinyan düşünür ki, prezidentlik sistemində daha çox səlahiyyəti öz əlində cəmləyəcək: 

“Konstitusiyaya dəyişiklik olarsa, Paşinyan hakimiyyətin bütün qollarına nəzarəti öz əlinə alacaq və “güclü hakimiyyət” quracaq. Daha doğrusu, baş nazir belə olacağını zənn edir. İnqilab yolu ilə hakimiyyətə gəlmiş Paşinyan prezident üsul-idarəsinə keçməklə avtoritar rejim qurmaq niyyətindədir. “İslahatlar” ideyası birbaşa baş nazirin siyasi ambisiyaları ilə bağlıdır. Paşinyan baş nazir postunda reytinq qazana bilmədi, əksinə daha da nüfuzdan düşdü. İndiki halda Paşinyan hakimiyyətin digər qollarına təzyiq göstərə, öz kadrlarını yerləşdirə bilmir. Prezident üsul-idarəsinə keçid ona öz siyasi maraqlarını təmin etməyə imkan verəcək. Bununla da mərkəzi hakimiyyəti bir əldə cəmləyəcək”. 

Siyasi şərhçinin sözlərinə görə, dəyişiklik baş tutacağı təqdirdə Ermənistanda yenidən prezident seçkiləri keçirilməlidir: 

“Burada seçki problemi ortaya çıxa bilər. Ermənistan cəmiyyətində Paşinyana qarşı ciddi narazılıq mövcuddur. Məlum olduğu kimi ölkə müxalifəti mürəkkəb vəziyyətdən istifadə edərək tərəfdarlarını artırıb və baş nazirə qarşı ciddi müqavimət formalaşdırıb. Onu da nəzərə alaq ki, indiki məqamda prezident üsul-idarəsinə keçid referendum yolu ilə mümkündür. Lakin narazı xalqın qatılacağı referendumdan çıxan nəticə Paşinyanın istəkləri ilə üst-üstə düşməyə bilər. Referendum olsa belə çox qızğın prezident seçkilərinin şahidi olacağıq. Paşinyan olduqca riskli yola qədəm qoyub. Hər halda idarəetmədə sistem dəyişikliyi Ermənistanda ciddi təlatümlərə gətirib çıxara bilər”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu