Seçki mübahisələrinin məhkəmə qaydasında həlli: Layihəyə start verildi - FOTOLAR

Mərkəzi Seçki Komissiyasının (MSK) Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə layihəsi çərçivəsində seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan regional seminar-müşavirələr başlayıb. Serq.az xəbər verir ki, layihənin gerçəkləşdirilməsində başlıca məqsəd 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərin yüksək səviyyədə təşkil olunub azad və ədalətli keçirilməsi üçün atılan bütün addımlarla yanaşı, seçki mübahisələrinin həlli istiqamətində də müvafiq məhkəmələrin və dairə seçki komissiyalarının məlumatının artırılması, bununla bağlı görülən işlərin effektivliyinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasından ibarətdir.

Tədbirdə çıxış edən MSK sədri Məzahir Pənahov deyib ki, ölkədə vətəndaşlarımızın seçib-seçilmək hüquqlarının həyata keçirilməsi üçün hüquqi baza mövcuddur:

“Seçki Məcəlləsi Azərbaycan mütəxəssisləri ilə yanaşı, həm də beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanıb. Seçkiləri keçirən orqan kimi borcumuz ondan ibarətdir ki, Azərbaycan vətəndaşlarının konstision hüquqlarını reallaşdırmağa xidmət edən bu tədbir sivil, müasir dünyanın qanunvericilik hüquqlarına uyğun şəkildə həyata keçirilsin. Bu və ya digər mərhələdə hansısa xoşagəlməz hal olduğu iddia edilirsə, o zaman aidiyyəti tərəf bu halları ancaq qanunvericilik bazası əsasında araşdırmalıdır”.

Onun sözlərinə görə, Azərbaycan Avropa ailəsinin üzvüdür: “Ölkəmiz Avropa mədəniyyətinin dəyərlərini qəbul edib və insanlarımız həyatını o prinsiplər əsasında qurub. İnsanların həyatında qanunların aliliyi mərkəzdədirsə, həmin cəmiyyət nailliyyət əldə edir. Hansı xalq qanunlara hörməti ali yanaşma kimi qəbul edirsə, həmin xalq inkişaf edir”.


M. Pənahov qeyd edib ki, yerlərdə seçki siyasətini müəyyən etməyə heç kimin hüququ yoxdur:

“Ölkədə demokratik, şəffaf seçki keçirmək üçün siyasi iradə yoxdursa, bunu etmək mümkün olmur. Kiminsə qonşusu, qohumu ilə münasibətləri seçkinin keçirilməsinə təsir etməməlidir”.

Sonra tədbirdə Ali Məhkəmənin hakimi Xəqani Məmmədov çıxış edib.

X. Məmmədov bildirib ki, Azərbaycan Respublikasının demokratik siyasi quruluşu seçki hüququnu tam təmin edir. MSK-nın qərarından narazı qalmış şəxslərin məhkəməyə müraciət etmək hüququ da var”.

Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev və Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi də mövzu ilə əlaqədar çıxış ediblər.

Gündəliyə uyğun olaraq, açılış nitqlərindən sonra tədbir Mərkəzi Seçki Komissiyası, Ali Məhkəmə və Bakı Apellyasiya Məhkəməsindən olan təmsilçilərin “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarına verilməsi və onların araşdırılması qaydaları, Milli Məclisə seçkilərdə seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi və məhkəmədə seçki hüquqlarının müdafiəsinə dair işlər üzrə icraat” mövzularında təqdimat və çıxışları ilə davam edib.



Mərkəzi Seçki Komissiyasının üzvləri və Katibliyin aidiyyəti struktur bölmələrinin əməkdaşları, region üzrə apellyasiya məhkəmələrinin hakimləri və dairə seçki komissiyaları sədrlərinin iştirak etdiyi tədbirin sonunda seçki mübahisələrinin məhkəmə qaydasında həlli ilə bağlı müxtəlif mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Qeyd edək ki, seçki mübahisələrinin həllinə həsr olunan növbəti regional seminar-müşavirələrin paralel olaraq eyni vaxtda - yanvarın 24-də Gəncə, Naxçıvan, Şəki və Şirvanda regionlar üzrə müvafiq məhkəmə orqanları və seçki dairələrinin dairə seçki komissiyalarını əhatə etməklə keçirilməsi nəzərdə tutulur.

Paylaş

Bizi Facebookda izləyin
Anar Bayramoğlu Yazarın yazıları
menu
menu