Böyük təhlükə: Zorakı pedaqoqları işdən çıxarmaq çıxış yolu deyil - SOS

Müəllim və tərbiyəçilər uşaqlara şiddət göstərməkdən əl çəkmirlər



"2 saylı uşaq evində mənim övladıma həm fiziki, həm də psixoloji təsir göstərirlər". Bu iddianı Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evinin sakinlərindən Mirəli Quliyevin anası Ərkinaz Quliyeva övladının döyülməsi və psixoloji təsirlərə məruz qalması ilə bağlı Yeniavaz.com-a açıqlama verərkən səsləndirib. Valideyn bildirib ki, uşaq evindəki təzyiqlər Mirəlinin dərslərinə də təsir edir:

“Mirəli 3-cü sinifdə oxuyan zaman orada iki qardaş var idi. Böyük siniflərdə təhsil alırdılar. O iki qardaş Mirəlini dəfələrlə döyüblər. Buna direktor şərait yaradırdı. O, 11-ci sinif uşağını gətirib balacaların arasına salmışdı. Onlar da uşağı döyürdülər. Həmin uşaqlar bir dəfə də uşaq evinin həyətində məni döydü. Sonra mən polisə şikayət etdim. Polisə şikayət etdiyimə görə artıq uşaq evində mənim övladıma pis münasibət göstərməyə başladılar. Bundan sonra artıq ona fiziki və psixoloji təzyiqlər göstərilməyə başlandı”.

Ə.Quliyeva deyir ki, uşaq evinin rəhbərliyi vəzifələrinə ləkə gəlməsin deyə övladını tərbiyəsiz, xuliqan, qələmə verməyə çalışırlar. 

Ə.Quliyeva daha bir övladının uşaq evinin sakini olduğunu və onun da orada təzyiqlərə məruz qaldığını, döyüldüyünü iddia edir: “Mənim balaca övladım da orada həmin uşaq evindədir. İndi onun da gözünün altı qap-qaradır. Orada döyüblər”.

Ə.Quliyeva həmçinin Mirəli Quliyevin uşaq evində təzyiqlərə məruz qalması ilə bağlı özünün çəkdiyi kadrları da redaksiyaya göndərib. Kadrlarda uşaq evindəki qızların M.Quliyevi təqib etməsi, onu hədələməsi, Ərkinaz Quliyevanın uşaq evinin həyətində qurumun tərbiyəçilərindən biri tərəfindən fiziki təzyiqə məruz qalması müşahidə olunur.

2 saylı uşaq evində azyaşlı uşağa fiziki təzyiq edilməsi ilə bağlı başqa bir kadr da var. Kadrlarda görünür ki, tərbiyəçi uşağı vurur, kobud rəftar edir. Amma hiss edəndə ki, onu kənardan çəkirlər, tez uşağı qucaqlayır. 

Direktor S.Hacıyeva Ərkinaz Quliyevanın və uşaq evinin balaca sakininin döyülməsi ilə bağlı görüntülərə isə belə cavab verib: "Digər bir kadrda uşağı vuran müəllim isə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən artıq uşaq evindən uzaqlaşdırılıb. Mirəlinin anası bu görüntüləri 33-cü polis bölməsinə və Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəis əvəzi Eldar Yunusova da təqdim edib. Eldar müəllim də həmin uşağı vuran müəllimi videolarla tanış olduqdan sonra işdən çıxarıb". 

Baş verənlər görünməmiş hadisə deyil. Uşaq evləri, uşaq bağçaları, orta məktəblərdə uşaqlara fiziki təzyiq edilməsi barədə vaxtaşırı məlumatlar yayılır. Baxmayaraq ki, uşaq müəssisələri və orta məktəblərin əksəriyyətində müşahidə kameraları var, bəzi müəllimlər, tərbiyəçilər “zopa üsulu” tərbiyə metodundan əl çəkmirlər. 



Məsələ ilə bağlı “Şərq”ə danışan “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd etdi ki, hadisə ciddi şəkildə araşdırılmalıdır: 

“Məlumat verilir ki, uşağa fiziki təzyiq göstərən müəllim işdən azad edilib. Amma həmin uşaq evində uşaqlara qarşı zorakılıq halları ilə bağlı bundan əvvəl də sosial şəbəkələrdə məlumatlar paylaşılmışdı. Yəni, bu, birinci hal deyil. Təəssüf ki, bu tip hadisələrə uşaq müəssisələrində rast gəlinir. Hesab edirəm ki, valideynlər belə hallardan xəbər tutduqda, yaxud uşaqlar valideynlərinə şikayət etdikdə, valideynlər müəssisə rəhbərliyi ilə görüşüb, hadisə barədə məlumat verməlidir. Bir çox uşaq müəssisələrində müşahidə kameraları olur. Kameraların yaddaşına baxılmalı və faktın baş verib-vermədiyi bilinməlidir. Əgər fakt təsdiqini taparsa, əlbəttə, həmin müəllim cəzalanmalıdır. Uşağın hərəkətindən asılı olmayaraq heç bir müəllimin şagirdə, ya da azyaşlı uşağa fiziki təzyiq göstərmək haqqı yoxdur. Əgər hadisə yenə təkrarlanırsa, burada hüquq-mühafizə orqanları artıq fəaliyyətə keçməlidir. Bunun üçün də valideynlər hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. Bu cür faktlarla bağlı təcili tədbir görülməli, uşaqlara fiziki təzyiq göstərən müəllimlər müəssisədən kənarlaşdırılmalıdır”. 



Sosioloq Lalə Mehralı da “Şərq”ə açıqlamasında uşaqlara təzyiq göstərən müəllimlərin cəzasının işdən kənarlaşdırılmaqla məhdudlaşmasının düzgün olmadığını bildirdi: 

“Bir çox hallarda görürük ki, uşaq müəssisələrində azyaşlılara təzyiq göstərən, uşaqları vuran, döyən, kobud rəftar edən tərbiyəçiləri işdən azad edirlər. Onlar da gedib başqa müəssisədə işə düzəlirlər. Və yenə öz hərəkətlərinə davam edirlər. Bu cür müəllim və tərbiyəçiləri işdən çıxarmaqla kifayətlənmək olmaz. Onlara qarşı icbari cəza tətbiq edilməlidir, cərimə olunmalıdırlar və bəlli bir müddətə bu şəxslərə uşaq müəssisəsində işləmək qadağası qoyulmalıdır. Çünki biz qeyri-metodik üsullardan istifadə edən müəllimlərin digər iş yerlərində də eyni hərəkəti etdiyinin dəfələrlə şahidi olmuşuq. Bu cür müəllim və tərbiyəçilər uşaqlara şiddət göstərməkdən əl çəkmirlər, getdikcə azğınlaşırlar. Belə hallar uşaqlar üçün böyük təhlükədir. Valideynlər belə hallarla qarşılaşdıqda sonunadək uşaqlarının hüquqlarını qorumalıdırlar. Hələ bu, kameraya düşən kadrlardırsa, təsəvvür edin, kamera olmayan yerlərdə nələr baş verir”. 

L.Mehralı uşaq müəssisələrinə müəllim və tərbiyəçiləri işə alarkən psixoloji durumlarının ciddi yoxlamadan keçirilməli olduğunu da dedi:

“Müəllimlərin işə qəbulu, məlumdur ki, test üsulu ilə həyata keçirilir. Bilik səviyyələri yoxlanır. Amma bu azdır. Müəllim və tərbiyəçilərin psixoloji durumları, ruhi sağlamlığı da yoxlanmalıdır. Biri evdə həyat yoldaşı ilə, qayınanası ilə dalaşır, gəlib hirsini uşaqların üstünə tökür. Bundan başqa qadınlar klimaks adlanan yaş dövründə əsəbi, aqressiv olur. Amma bu o demək deyil ki, o, aqressiyasını işlədiyi müəssisədə nümayiş etdirməli, başqasının uşağını döyməli, hirsini soyutmalıdır. Yaxşı olardı ki, problemli klimaks dövrü keçirən xanım tərbiyəçilər və müəllimlər həmin dövrdə işdən uzaqlaşsın. Ümumiyyətlə isə görünən budur ki, gənclərlə işləmək daha asandır. Orta və yaşlı nəsil isə daha çox aqressivdir”.

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu