Holdinq rəhbərindən deputatlığa namizədlərə çağırış: “Reallıq hissini unudub…”

“Belə görünür ki, böyük əksəriyyət özünə əziyyət verib xalqın ayağna getməyə yox, sosial şəbəkənin imkanlarından yararlanmağa üstünlük verir”. Sherg.az-ın xəbərinə görə, bu barədə “Gündəlik Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı Feysbuk səhifəsində yazıb. 

Baş redaktor bildirib ki, deputatlığa namizədlərin şansı var ki, seçiciləri ilə birbaşa ünsiyyətə girsinlər, seçki platformasını açıqlasınlar: 

“İnsanları inandıra bilsin ki, 5 il müddətində Milli Məclisdə onların həqiqətən “səs”i olacaq. Təbii ki, insanların az qala 70 faizinin vaxt keçirdiyi sosial şəbəkələrdə aktiv olmaq lazımdır. Hətta vacibdir. Amma reallıq hissini unudub, tamamilə virtuallaşmaq olmaz. Hamını demirəm, 1.6 minə yaxın namizədin arasından seçiləcək deputatlığa ən şanslı namizədlər medianı görməzlikdən gəlməməli, gözardı etməməlidir. Ölkənin aparıcı media orqanlarına baxıram, təxminən 7-8 namizəd var ki, KİV-lə reklam şərtləri ilə media ilə əməkdaşlıq edir. Təsəvvür edin, 5 ildən bir imkan yaranır ki, xalqa yaxınlaşasız, media ilə dostlaşasız, ancaq onu belə etmirsiniz. Xalqa münasibətiniz necədirsə, mediaya münasibətiniz də eləcədir. Halbuki hər dəfə - 5 il ərzində, yəni illərlə biz sizə diqqət göstəririrk, tribuna veririk, göndərdiyiniz yazılardakı hərf, üslüb, fikir səhvlərini düzəldib yayırıq. Müsahibələr, açıqlamalar alırıq, sonra onları redaktə edib, müsahibə, açıqlama şəklinə salırıq. Çoxunuzun şifahi nitqi Xanhüseyn Kazımlının məlum nitqindən o qədər də fərqlənmir. Diktafonda qulaq asanda adam şoka düşür və sonra sizə elə gəlir ki, “əjdaha” siyasətçisiniz, müsahibə, açıqlama verməsəniz, Azərbaycan ictimai fikri batar”.

A.Camal bu münasibətin dəyişməli olduğunu vurğulayıb: 

“Əks halda bizim sizə münasibətimiz dəyişəcək. Köməkçilərinizin göndərdiyi, kiminsə qələmə aldığı, ya da “Google”dən “copy-paste” etdiyi “açıqlamalarınızı” saytlarımızda vermək üçün ən azı 2 dəfə zəng edib, 3 dəfə mesaj yazanda deyəcəyik ki, biz medianı media sayanlara açığıq. Cənablar, gedin Markın pulunu ödəyin, açıqlamalarınızı “Facebook”da yaysın. Təbii ki, bu fikirlər medianın dostlarına və “olmazsa-olmazlarımız”a aid deyil”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu