“Azərbaycan Davosda öz potensialını təqdim edir” – Səmərəsi böyük olacaq 



Dünyanın gözü yenə İsveçrənin kiçik bir kəndinə yönəlib. Bu kənddə dünyada Davos Forumu kimi tanınan beynəlxalq əhəmiyyətli tədbir keçirilir. Azərbaycanın dövlət başçısı də hər il olduğu kimi, forumun işinə qatılmaq üçün İsveçrəyə səfər edib, orada çoxsaylı görüşlər keçirir.

Xatırladaq ki, dünyanın çox nüfuzlu Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” sərlövhəli məqaləsi yerləşdirilib. Məqalədə Azərbaycanın strateji nəqliyyat qovşağı,  enerji sektorunda əsas iştirakçı olmağımız, “Şahdəniz-2” ,Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu Boru Kəməri, Trans-Adriatik Boru Kəməri məsələlərinə diqqət çəkilib.

Qeyd edək ki, Dünya İqtisadi Forumu (The World Economic Forum - WEF) 1970-ci illərdə akademik Klaus Schwab tərəfindən yaradılmış kiçik bir müzakirə qrupundan hazırda minlərlə iştirakçının qatıldığı dünya səviyyəli tədbirə çevrilib. Tədbirin iştirakçıları arasında yüzlərlə böyük şirkət rəhbərləri, onlarla dövlət başçısı, beynəlxalq QHT, media nümayəndələri var.


Vüqar Bayramov:"Azərbaycanın xarici investisiyalara ehtiyacı var. Ölkəmiz xarici sərmayələrin dəvət edilməsi üçün bu tribunadan yararlanır"

İqtisadçı-alim Vüqar Bayramov “Sherg.az”a bildirib ki, Davos dünyanın aparıcı liderlərini, dövlət və hökumət başçılarını, eləcə də aparıcı biznes qurumlarının rəhbərlərini, QHT və KİV təmsilçilərini bir araya yığan yeganə forumdur:

“Bu baxımdan, Davos Forumu çox ciddi bir tədbirdir. Qlobal olaraq məsələlərin müzakirə oluna biləcəyi, dövlətlərin öz potensialını təqdim edə biləcəyi bir tribunadır. Davos həm də Azərbaycanın yüksək önəm verdiyi tədbirlərdən biridir. Azərbaycanın dövlət rəhbəri səviyyəsində təmsil olunması da göstərir ki, bu forum ölkəmiz üçün əhəmiyyətli tədbirdir. Postneft dövründə Azərbaycanın bir tədbirə qatılması daha çox lazımdır. Çünki ölkə iqtisadiyyatı investisiyalara ciddi ehtiyac duyur. Bu investisiyaları cəlb etmək üçün Davos İqtisadi Forumu, oradakı görüşlər, müzakirələr  əlverişli platformadır. Eyni zamanda burada Azərbaycan apardığı islahatları təqdim etmək üçün səmərəli imkanlar əldə edir”.

Mütəxəssisin sözlərinə görə, Azərbaycan da Davos Forumu üçün vacib  tərəfdaşlardan biridir:
 
“Forum ölkəmizə ciddi tərəfdaş kimi yanaşır. Azərbaycanın da Davos kimi tribunaya ehtiyacı var. Azərbaycan orada öz potensialını iştirakçılara təqdim edir. Düşünürəm ki, bütün bunlar qarşılıqlı əməkdaşlığın həm forum, həm də Azərbaycan üçün səmərəli olmasını göstərir”.

V.Bayramov diqqətə çatdırıb ki, ölkə rəhbərinin Davos Forumunda iştirakı Azərbaycana investisiyaların cəlb edilməsi baxımından yeni imkanlar açır:


Bu baxımdan dünya liderləri, böyük şirkətlərin rəhbərləri, ekspertlər və aparıcı media qurumları forumun kifayət qədər ciddi tribunaya çevrilməsinə səbəb olub. Azərbaycan da bu tribunadan istifadə etməyə çalışır. Prezident İlham Əliyevin Davosda şirkət rəhbərləri ilə görüşlər keçirməsi əlaqələr baxımından mühüm əməliyyətə malikdir. Bundan öncəki forumlarda Azərbaycan prezidenti bir neçə şirkətin rəhbərini ölkəmizə dəvət etmişdi. Müəyyən müddətdən sonra bu şirkətlər Azərbaycanda fəaliyyətə başladılar. Bu baxımdan Davos əhəmiyyətli forumdur. Azərbaycanın xarici investisiyalara ehtiyacı var. Ona görə də Azərbaycan xarici sərmayələrin ölkəyə dəvət edilməsi üçün bu tribunadan yararlanır. Azərbaycan prezidenti Davosda ikitərəfli və çoxtərəfli görüşlər keçirir.

Eyni zamanda forumun internet səhifəsində prezident İlham Əliyevin məqaləsi yayımlanıb. Bu, çox əhəmiyyətli məsələdir. Nəticə etibarı ilə Davos Forumu Azərbaycana investisiyaların cəlb edilməsi baxımından yeni imkanlar açır. Azərbaycanın forumda ən yüksək səviyyədə təmsil olunması göstərir ki, ölkəmiz bu imkandan yetərincə yararlanmağa çalışır”. 



Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu