Komitə qadının döyülməsi faktını nəzarətə götürdü

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qadının həyat yoldaşı tərəfindən azyaşlı uşaqlarının gözləri qarşısında döyülməsi hadisəsi ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə Axar.az-a Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.

Onun sözlərinə görə, hazırda Dövlət Komitəsinin müvafiq şöbəsində bununla bağlı araşdırmalar aparılır.

"İstənilən zorakılıq hadisəsini törətmək birbaşa məsuliyyəti daşıyır. Zorakılığın ailədə baş verməsi yolverilməzdir. Bununla bağlı həm Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində xüsusi məsuliyyət növləri müəyyən edilib. Dövlət Komitəsi ailələrdə zorakılıq hallarının baş verməməsi üçün mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirir. Hazırda qadının əri tərəfindən döyülməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar araşdırmalar aparırıq. Bu hadisə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb. Baş vermiş hadisə və ağırlaşdırıcı hallarla bağlı hüquq-mühafizə orqanları ilə birlikdə iş aparılır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi "Təmiz Dünya" İctimai Birliyi ilə birlikdə əməkdaşlıq çərçivəsində bu problemin həlli üçün çalışır. Bu işə eyni zamanda yerli icra hakimiyyəti orqanlarında monitorinq komissiyaları və psixoloqlar da cəlb olunub. Araşdırmalardan sonra hadisənin təfərrüatları məlum olacaq və zorakılıq hadisəsini törədən şəxs inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilər".

Qeyd edək ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Azərbaycanda kişinin uşaqlarının gözlərinə önündə həyat yoldaşını döyməsi ilə bağlı məlumat yayıb. Onun sözlərinə görə, döyülən qadın xəstəxanaya yerləşdirilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu