Moskva-Tibilisi yaxınlaşması: Kreml Gürcüstanı öz təsirinə almaqda maraqlıdır

“Gürcüstan-Rusiya əlaqələrinin bərpası istiqamətində aparılan danışıqlar “Gürcü Arzusu” Partiyası hakmiyyətə gəldikdən sonra baş verib”.  Bunu “Şərq”ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

Analitik bildirib ki, tərəflər bir neçə dəfə Çexiyanın paytaxtı Praqada müzakirələr aparıb: 

“Moskvanın burada əsas tələbi əsasən Abxaziya-Ermənistan dəmiryolu xəttinin açılışıdır. Ancaq Tbilisi buna getmir. Rəsmi Tbilisi Moskvanı separatizmə son qoymağa səsləyir. Tərəflər mövqelərində dəyişikliklər etməsə də iqtisadi və müəyyən siyasi əlaqələrin bərpasında maraqlı görünürlər. Əgər daxili təzyiqlər olmasa, Bidzina İvanaşvili dərhal buna gedər. Kreml də Tbilisini öz təsirinə almaqda maraqlıdır. Hesab edirəm ki, Gürcüstan hakimiyyəti Rusiya ilə danışıqlara gedərək bu nəhəng ölkənin bazarından istifadə etmək istəyir. Əlbəttə, burada iqtisadi maraqlarla yanaşı siyasi maraqlar da mühüm rol oynayır. Düşünürəm ki, tərəflər iqtisadi əməkdaşlığa gedəcək. Amma Rusiya Gürcüstanın separatçı rejimlərini dəstəkləməkdə davam edəcək. Hətta lazım gələrsə, cəzalandıracaq. Lakin Tbilisinin Avrointeqrasiya siyasəti Moskva yönümlü dəyişərsə, o zaman Gürcüstan hakimiyyəti siyasi səhnədən gedəcək”.

Qeyd edək ki, Gürcüstan ilə Rusiya arasında vəziyyətin normallaşdırılmasına dair danışıqlar 2020-ci ildə bərpa olunacaq. Bu barədə Gürcüstan baş nazirinin Rusiya ilə danışıqlar üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze məlumat verib. Onun sözlərinə görə, iki ölkə arasında danışıqların yeni mərhələsi mart ayının əvvəlində Praqada keçiriləcək: “Bu görüşdə əsasən iki ölkə arasında iqtisadi-ticarət, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığa dair məsələlərin müzakirəsi nəzərdə tutulub. Eyni zamanda, ölkələrimiz arasında hava uçuşlarının bərpası məsələsi də diqqət mərkəzində olacaq”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu