Abşeronda məktəbliləri vuran sürücü tutuldu

Abşeron rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində azyaşlıların zərər çəkdiyi yol nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü tutularaq istintaqa cəlb edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, yanvarın 23-də saat 14 radələrində Xırdalan şəhəri ərazisində Cəmil Bəylərovun idarə etdiyi “Mercedes-Benz” markalı, 99-KR-546 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək səki ilə hərəkət edən piyadalar - 2005-ci il təvəllüdlü Asu Səbzəliyeva və 2006-cı il təvəllüdlü Fidan Orucovanı vurub onlara bədən xəsarətləri yetirməsi faktına görə, rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd olunur ki, cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış istintaqla hadisənin C.Bəylərov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu