Qəpik-quruşdan canımız qurtarıb – KART SİSTEMİNİN UĞURU

Avtobuslarda kart sistemi həm vaxtımıza qənaət oldu, həm də mədəniyyətimizi yüksəltdi



"Şərq"in əməkdaşı Bakı sakinləri arasında sorğu keçirdi


Artıq bir neçə ildir ki, paytaxtda müxtəlif marşrut xətləri üzrə hərəkət edən avtobuslarda kart sistemi tətbiq olunur. Sərnişinlər avtobusda quraşdırılan xüsusi aparatın sensor hissəsinə kartı toxunduraraq ödəniş edirlər. Gələcəkdə bütün avtobuslarda nağd ödənişin ləğv edilməsi gözlənilir. Bəs, görəsən, şəhər sakinləri bu ödəniş qaydasından razıdırlarmı? Apardığımız sorğudan belə məlum oldu ki, onların əksəriyyəti rahatlıq baxımından kart sistemini üstün tutsalar da, narazılıqlar da var. 

Şahanə Müşfiq, Azərbaycan Yazıçılar Birliyinin üzvü: 

“Avtobuslardakı kart sistemindən, əslində, çox məmnunam. Bu, ictimai nəqliyyatda bir səliqəlilik yaradıb, qalıq problemlərini aradan qaldırıb, bəzən hər hansısa bir səbəbdən cibində nağd pulun olmayanda kartdakı pul hesabına avtobusdan istifadəni mümkün edib və sair. Mən zamanla digər avtobusların da kart sisteminə keçməsi tərəfdarıyam. Bu məsələdə tək problem karta pul vurmaq üçün nəzərdə tutulan terminalların və ya milli ön aparatlarının hər dayanacaqda olmamasıdır. Buna görə dəfələrlə uzaq yol qət edib, həmin terminalları axtardığım olub. Əgər bu problem aradan qaldırılsa, daha yaxşı olacaq.

Həşim Səhrablı, “Yeniçağ.az” saytının müxbiri: 

“Fikrimcə, kart sisteminin mənfi cəhətləri yoxdur. Hər kəs kartını alıb, əldən-ələ verəcəyi pulu karta yükləməklə sadə şəkildə kartdan istifadə edə bilər. Bu, sürücü-sərnişin dialoqlarının, ən əsası ödəniş edilmə zamanı pul xırdalanması, ödəniş edilərkən sıra yaranması və s. kimi neqativ halların qarşısını alaraq nəqliyyatın hərəkətində yaşanan gecikmələri önləyə biləcək effektiv addımdır”.

Mirçingiz Ağazadə, gənc ədib: 

“Əvvəlcə, kart sisteminə keçidin hansı məqsədləri daşıdığını bilmək lazımdır. Burada əsas hədəf nağdsız ödəniş əsrinə keçiddirsə, təqdirəlayiqdir, hərçənd, vətəndaş bilməlidir ki, axı o niyə ödənişi kartla həyata keçirsin? Mövzunun sürücü-sərnişin münasibətiylə əlaqəsinə gəlincə, bəli, bu, çox yaxşı addımdır. Dəfələrlə müşahidə eləmişik ki, arxa qapıdan enib ödəniş etmədən qaçanlar olur, bu vaxt da sürücü həmin sərnişinin arxasınca söyməkdən artıq nəsə edə bilmir. Nağdsız ödənişin üstünlükləri, məncə, mənfi cəhətlərindən çoxdur. Ən azından, ona görə ki, kart zamanı qabaqlayır, nağd isə onu parçalara ayırır və itirilmə ehtimalı, üstəlik, itdikdən sonra qayıtmama riski yüksəkdir. Kartla ödəniş həm vətəndaşı artıq qəpik-quruşdan, həm də sürücünü ifrat ayıq-sayıqlıqdan xilas edir. Ancaq bəs birdən sistem dayansa? Yaxud ödəniş aparatları xarab olsa? Sərnişin nə etməlidir? Niyə avtobus kartlarını onlayn artırmaq mümkün deyil? Bax, neqativ hallar çox azdır, di gəl, həmin hallarla qarşılaşanda, yuxarıda qeyd elədiyim bütün üstün cəhətlər an içində bozarıb gözdən düşür. Bu səbəbdən, qüsurlar aradan qaldırılmalı və daha keyfiyyətli ödəniş sistemi qurulmalıdır. Yoxsa biz hələ çox eşidəcəyik məlum məsəli; soğan olsun, nağd olsun.

Şəbnəm Qurbansoy, paytaxt sakini: 

“Məncə, kart sisteminə keçidin heç bir mənfi cəhəti yoxdur, əksinə, müsbət cəhəti var. Kart sistemi qeyri-formal məşğulluğun qarşısının alınması və şəffaflığın təmin edilməsi baxımından əhəmiyyətlidir. Düşünürəm ki, sərnişinlər də həm rahatlıq, həm də ictimai nəqliyyatda təhlükəsizlik baxımından avtobusların nağdsız ödənişə keçidin tərəfdarıdırlar. Kart sisteminə inteqrasiya ərəfəsində mütəxəssislər tərəfindən təhlillər aparılmalıdır və "Bakıkart" balansını artırmaq üçün terminallar quraşdırılmalıdır”. 

Tağı Həsənov, “Publika.az” saytının əməkdaşı: 

“Məsələn, kart sisteminə keçmiş marşrutlarda süni qiymət artımı kimi xoşagəlməz halla qarşılaşmırıq. Eyni zamanda vaxtı qızıl qədər dəyərli adlandırdığımızı nəzərə alsaq, kart sistemi olmayan marşrutların əksinə, burada vaxt itkisi yaşamamış oluruq ki, bunu da müsbət qiymətləndirirəm. Ancaq qeyd edim ki, bəzən kartın balansını artırmaq üçün ödəniş terminalı olmayan və ya olub, işləməyən terminallarla da qarşılaşırıq. Bu məsələni birdəfəlik həll etmək lazımdır”. 
  
Ayan Rzayeva, BDU Jurnalistika fakültəsinin II kurs tələbəsi: 

“Kart sisteminin tətbiq edilməsi çox yaxşı haldır. Çünki sürücünün nağd pulu bir-bir yığması onun üçün çətindir. Bu, həm də vaxt itkisinə səbəb olur. Ancaq düşünürəm ki, şəhərdə elektron terminalların sayı artırılmalıdır. Bəzən sərnişin avtobusa minməli olsa da, kartındakı pulun məbləği gediş üçün kifayət etmir. Bu kimi hallarla üzləşən sərnişinlər digər insanlara müraciət etməli olurlar. Elektron terminalların sayının artırılması həmin problemi həll edəcək”. 

Könül Hüseynova, BDU Jurnalistika fakültəsinin I kurs tələbəsi: 

“Mən kart sisteminin tərəfdarıyam. Belə olan halda nə sürücü sərnişinin, nə də sərnişin sürücünün haqqına girə biləcək. Həm də arxa qapıdan gediş haqqını ödəmədən düşənlər, “Mənim yerimə veriblər” deyərək guya xeyir tapanlar daha olmayacaq. Nəticədə nə sürücü əsəbləşəcək, nə də sərnişin. Bircə qüsur elektron terminalların qarşısında yarana biləcək növbələrdir. Bu səbəbdən, zənnimcə, terminalların sayı artırılmalıdır. Həm də gərək hansısa bir formada yaşlı nəsil nümayəndələri də nəzərə alınsın. Çünki onların bəziləri bu qurğuların istifadə qaydasını bilmirlər”.
 
Ləman Qasımova, tələbə: 

“Mən kart sistemini yüksək qiymətləndirirəm. Hətta bütün avtobuslar bu sistemə keçsə əla olar. Aparatlar yerləşdirilsin bütün dayanacaqlara, sonra da kart sisteminə keçirilsin. Bu, həm sürücüyə xeyirdi, həm də sərnişinə. Çünki el diliylə desək, "heç kim pul atmır". Mənfi cəhəti o vaxt ola bilər ki, dayanacaqlara aparat quraşdırılmasın”. 

Səmra Əliəkbərli, tələbə: 

“Müsbət tərəfi odur ki, heç kim əskik, ya da artıq məbləğdə gediş haqqı ödəmir. Mənfi tərəfi isə bir çox dayanacaqda karta pul yükləmək üçün aparatlar quraşdırılmamasından ibarətdir. Yaxşı olar ki, kart sistemi ilə fəaliyyət göstərən avtobusların istifadə olunduğu dayanacaqlarda bunu nəzərə alsınlar”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu