Xəstəxanalara axın başladı: İcbari tibbi sığorta nəhəng sosial layihədir - PROBLEM DƏ VAR

Sığortanın ən böyük faydası odur ki, insanlar nağd ödəmələrdən xilas olur. İnsanların ödəmə qabiliyyəti aşağı olduğu üçün icbari tibbi sığortanın onlara verdiyi imkandan bəhrələnə biləcəklər



İcbari tibbi sığortanın tətbiq edildiyi bölgələrin sayı artır. Yanvarın 1-dən etibarən Qəbələ rayonunda da icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Bu xidmətlərdən rayonda 95 mindən çox sakinin faydalanacağı bildirilir. Qəbələ Müalicə və Diaqnostika Mərkəzi Publik hüquqi şəxsin baş həkimi Ceyhun Əhmədov KİV-ə müsahibəsində bildirib ki, icbari tibbi sığorta sisteminə keçidlə əlaqədar Rayon Müalicə və Diaqnostika Mərkəzi Publik hüquqi şəxsə müraciət edən vətəndaşların məmnunluğunu təmin etmək üçün xəstəxanada 3 yerdə qeydiyyat mərkəzi yaradılıb. Ailə Sağlamlıq Mərkəzinə müraciət edən sakin əvvəlcə ailə həkimi tərəfindən qəbul olunur. Sonra xəstə müayinələrdən keçmək üçün müvafiq şöbələrə göndərilir, ehtiyac yaranarsa ixtisaslı həkimlərə yönləndirilir.

Baş həkimin sözlərinə görə, yanvarın əvvəlindən bugünədək xəstəxanaya 14 min 815 nəfər müraciət edib. Onlardan 151 nəfəri stasionar, 6 min 541 nəfər isə ambulator müalicəyə cəlb olunub. Gün ərzində xəstəxanaya orta hesabla 350-400 nəfərədək vətəndaş müraciət edir.

Təcili Tibbi Yardım Stansiyasının həkimi, terapevt Şahvələd Məmmədov “Şərq”ə açıqlamasında qeyd etdi ki, icbari tibbi sığortada əsas məsələlərdən biri məhz əhalinin maarifləndirilməsidir:

- Hər bir dövlət üçün əhalinin sağlamlığı prioritetdir. Bizim ölkədə də həmçinin. İcbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqi 2020-ci ilin sonunadək başa çatmalıdır. Əhalinin tibb mərkəzlərinə axını da onu göstərir ki, yerlərdə camaat tibbi sığortanın tətbiqini gözləyir, onun üstünlüklərindən bəhrələnmək istəyir. İcbari tibbi sığorta nəhəng sosial layihədir. Təbii ki, problemlər də olacaq. 
Əsas məsələ əhalinin düzgün məlumatlandırılmasıdır. Əhali bilməlidir ki, icbari tibbi sığortanın hansı üstünlükləri var, hansı halda hara müraciət etməlidirlər. 
Hansı hallar sığortaya düşür, baza zərfində onlar dəqiq qeyd edilməlidir. Əhaliyə sadə dildə izah etmək lazımdır ki, hansı xəstəliklərlə və ya hallarla bağlı tibbi sığortadan istifadə edə bilər. Bildiyim qədər baza zərfinə diaqnostika, ağır əməliyyatlar düşəcək. Amma məsələn, stomatologiya, plastik əməliyyatlar düşmür. Vərəm, onkoloji, qan xəstəliklərinin müalicəsi onsuz da dövlətin üzərindədir. 

Kadr məsələsində bir qədər problem var. Çünki peşəkarların çoxu Bakıdadır. Laboratoriyalar Bakıdadır. Tibbi avadanlıqlar, bölgələrdə açılmış diaqnostika mərkəzlərində də var, amma kadr potensialı zəifdir. Bölgələr üzrə açıqlanan vakansiyalarda bu, açıq göründü. Sığortanın ən böyük faydası odur ki, insanlar nağd ödəmələrdən xilas olur. İnsanların ödəmə qabiliyyəti aşağı olduğu üçün icbari tibbi sığortanın onlara verdiyi imkandan bəhrələnə biləcəklər. Nağd ödəmələrə görə həkim-pasiyent münaqişələri olmayacaq. Hesab edirəm ki, icbari tibbi sığorta səhiyyədə peşəkarlığı artıracaq və insanlar ölkə boyu həkim axtarışına çıxmalı olmayacaqlar, yaxşı klinikalar axtaracaqlar artıq.  Daha çox əhali qazanacaq, amma səhiyyəmiz də inkişaf edəcək, modern xidmət üsuluna keçəcək.

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu