Məktəblərdə “adı var, özü yox” şagirdlərin sayı artır - PROBLEM

Təhsilini ABŞ-da davam etdirən şagirdin adı 53 nömrəli məktəbin 10-cu sinif jurnalında saxlanılıb və davamiyyəti qeyd olunub


 
Bakı şəhəri 53 nömrəli məktəbdə ötən dərs ilində 9-cu sinfi bitirmiş Nigar Bayramlı bu dərs ilində ABŞ-da təhsilini davam etdirir. İddiaya görə, buna baxmayaraq, onun adı 53 nömrəli məktəbin 10-cu sinif şagirdi kimi saxlanılıb. Şagirdin adı I yarım ildə sinif jurnalında yazılaraq davamiyyəti qeyd edilib.

Məktəbin direktoru Firəngiz Həmidova bunun ciddi saxtakarlıq, hətta cinayət tərkibli olduğunu bilsə də, şagirdin “kağız üzərində təhsil almasına” şərait yaradıb. Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən faktla bağlı araşdırmalara başlanılıb. Bu araşdırma hələ başa çatmasa da, saxtakarlığın qarşısını alıblar. F.Həmidova işdən “qurtulmaq” adı altında bütün müəllimlərdən adam başına 150-200 manat yığıb. Bir sözü iki olmayan direktorun bu yığım reydi halal əməkhaqqı ilə dolanan müəllimləri özündən çıxarıb və hadisə ictimailəşib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, şagirdin həm ABŞ-da, həm də Bakıda təhsil alması faktı aşkarlanıb: “Bakı şəhəri 53 nömrəli tam orta məktəbdə aparılan araşdırma zamanı məktəbin ötən tədris ili məzunu (IX sinif), ABŞ-da təhsil aldığı bildirilən N.Bayramlının adının məktəbin sinif jurnalında qeyd olunması (X sinif şagird kontingentinə daxil edildiyi üçün) və qiymətləndirmə aparılması faktı aşkar edilib. Ölkə hüdudlarından kənarda olan N.Bayramlının adının müvafiq qaydalara zidd olaraq məktəbin sinif jurnalında qeyd olunmasının və qiymətləndirilməsinin yolverilməz olduğu nəzərə alınaraq, fakt müvafiq qaydada rəsmiləşdirilib”. 



"Direktorlar özbaşlarına rüşvət ala bilməzlər. Onlar rayon təhsil şöbəsinin müdirindən “xeyir-dua” alırlar"


Baş verənləri “Şərq”ə dəyərləndirən təhsil üzrə mütəxəssis Nabatəli Qulamoğlu bildirib ki, orta məktəblərdə belə halların yaşanması gizli məqam deyil. Ekspert hesab edir ki, bu cür xoşagəlməz məqamların aradan qaldırılması üçün təhsilə azadlıq vermək lazımdır: 

“Elə bir orta məktəb tanımıram ki, orada 10-11-ci sinif şagirdlərinin hamısı dərsdə iştirak etsinlər. Şagirdlər dərsə gəlmədiklərinə görə direktora ödəniş edirlər. Həmin şagirdlər kurslara gedərək vaxtlarını orada keçirirlər. Əslində şagird belə məqamda nəsə itirmir. Amma ortaya belə bir sual çıxır. Nə üçün şagird dövlətin verdiyi havayı təhsili almır, gedib pul verərək kurslarda təhsil alır? Deməli, dövlətin təhsil sektoru tam oturuşmayıb. Düzdür, ola bilər ki, bəzi istisna hallar var. 

Əsas məsələ budur ki, Azərbaycanda təhsil sektoru məhv olub gedir. Dönə-dönə qeyd etmişəm ki, belə halların qarşısını almaq üçün yeganə yol Azərbaycan təhsilinə azadlıq verməkdir. Azadlıq odur ki, həm təhsil verənlər, həm təhsil alanların azadlığı olmalıdır. Yəni, kim övladını harada və hansı məktəbdə oxutmaq istəyirsə, ona imkan yaradılmalıdır. Bu zaman təhsildə rəqabət mühiti yaranır və bu rəqabət təhsilin inkişafına təsir edəcək. Uşaqlar nə üçün kurslara gedir? Çünki orada uşaqlara həqiqətən də bilik verirlər. Uşaqlar pul ödəyərək bilik alırlar. Məsələ ondadır ki, təhsil sektorunda pul var, amma bilik sıfır dərəcəsindədir”. 

N.Qulamoğlu bildirib ki, saysız-hesabsız orta məktəblərdə bu cür xoşagəlməz məqam var:

“Biz heç də 53 nömrəli məktəbi qınamamalıyıq. Direktorlar heç vaxt pulu özbaşına ala bilməzlər. Onlar rayon təhsil şöbəsinin müdiri ilə birlikdə pulu əldə edir. Təhsil şöbəsi isə icra başçılarına bağlıdır. Beləliklə, bütün bunlar mütəşəkkil cinayətin tərkib hissəsidir. Ola bilər ki, 53 nömrəli məktəbin direktorunu ifşa etsinlər. Amma orta məktəblərdə saxtakarlıq edən direktorların sayı bir deyil. Belə deyim var: “Nə qədər ki, tutulmamısan, deməli, oğru deyilsən”. Orta məktəb direktorlarının demək olar ki, 90 faizi “oğru”dur, digər 10 faiz istisnadır. Çoxluq belə əməllərlə məşğuldur. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu əməllərdən xəbərdardırlar, sadəcə dişləri batmır. Çünki məktəb direktorlarının arxasında icra başçıları dayanır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu