Bəzi namizədlər dönük çıxdı: Sövdələşməyə gedərək iddialarından geri çəkilirlər

Fevralın 9-na təyin edilmiş parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən 257 nəfəri deputatlığa namizədliyini geri götürüb. Seçki gününədək bu sayın artacağı güman edilir. Hazırda deputatlığa namizədlərin sayı 1380 nəfərdir. Yüzlərlə şəxsin birdən-birə deputatlıq iddiasından vaz keçməsi ictimaiyyətdə birmənalı qarşılanmır. 

Əksəriyyət hesab edir ki, parlamentə düşmək üçün qapı-qapı gəzərək imza toplayan şəxslərin seçkiyə günlər qalmış namizədliklərini geri götürməsi müəyyən mübhəm məqamlarla bağlıdır. Hətta deputatlıq arzusunda olan, lakin sonradan naməlum səbəblərdən imtina edən bəzi namizədlərin müəyyən vəsait və başqa vədlər qarşılığında bunu etdikləri də iddia olunur. 



Əliməmməd Nuriyev: “Problem odur ki, bizdə seçki texnologiyaları yüksək səviyyədə tətbiq edilmir. Seçki mədəniyyəti də arzulanan səviyyədə deyil”


Namizədlərlə bağlı iddiaları “Şərq”ə dəyərləndirən “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib ki, namizədliyini irəli sürənlərin bəziləri elə zənn edirdi ki, 150-200 imza toplamaqla iş bitir. Hüquqşünasın sözlərinə görə, parlament seçkisinə hazırlıq dönəmində təəccüb doğuran məqamlar ortaya çıxır: 

“Milli Məclis dövlət hakimiyyətinin mühüm bir qoludur. Parlament dövlətin idarə edilməsində önəmli funksiya icra edən və məsuliyyət daşıyan bir orqandır. Əfsuslar olsun ki, çoxları bu məsuliyyəti dərk etmədən toplumun hay-küyünə, ətrafın təhrikinə gedərək namizədliklərini irəli sürdülər. Dairə Seçki komissiyaları da imzaların yoxlanması məsələsinə yumşaq yanaşdı və sərt tələblər qoymadı. Nəticədə namizədliklərini irəli sürənlərin 95 faizi rəsmən qeydə alındı. Səhərdən-axşama kimi feysbukda gəzişmək, fotolar paylaşmaq seçkilərə hazırlıq demək deyil. Əsas seçki prosesi təbliğat-təşviqat dövründə başlayır. Məhz bu dönəmdə namizədlər öz platformalarını açıqlamalı, qapı-qapı gəzərək seçicilərlə görüşməli, onlara öz fikirlərini çatdırmalı və seçki qərargahı yaradılmalıdır. Bunun üçün də ciddi maddi və insani resurslar olmalıdır. Bəzi namizədlər dost-tanışdan yardım alaraq müəyyən iş görə bildi, ancaq təbii ki, bununla kifayətlənmək olmaz. Təsəvvür edin, əksər namizəd seçki platformasının mahiyyətini bilmir və seçkiyə proqramsız qatılır”.  

Ə.Nuriyevin fikrincə, namizədlərlə bağlı bəzi iddialar doğru ola bilər: 

“Ola bilsin, bəzi namizədlər rəqibləri ilə sövdələşməyə gedərək iddialarından geri çəkiliblər. Yaxud, rəqibinin ondan açıq-aşkar güclü olduğunu, şansının azlığını nəzərə alaraq mübarizədən vaz keçiblər. Tamamilə başqa məqamların olması da mümkündür. Bunlar istisna edilmir. Çünki mövcud reallıqlar bir çox məsələni diktə edir. Seçki marafonu həm də yüksək təşkilatçılıq tələb edir. Yəni, cəmiyyətdə kifayət qədər nüfuzu olan, dəyərli bir şəxs belə seçkidə uduza bilər. Problem odur ki, bizdə seçki texnologiyaları yüksək səviyyədə tətbiq edilmir. Seçki mədəniyyəti də arzulanan səviyyədə deyil. Hesab edirəm ki, seçki yaxınlaşdıqca, namizədliyini geri götürənlərin sayı bir qədər də artacaq. Səbəbləri isə müxtəlif olacaq”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu