Azərbaycanlı tələbə zəlzələnin dəhşətlərini "Şərq"ə  anlatdı: Bəxtimiz gətirdi ki...


Türkiyənin Elazığ bölgəsindəki dəhşətli zəlzələdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev orada təhsil alan azərbaycanlı tələbələrin Bakıya evakuasiya olunmasına göstəriş verdi.

105 tələbə xüsusi reyslə zəlzələ bölgəsindən çıxarıldı və artıq Vətəndədirlər. Təxliyə olunanlardan biri Elazığ şəhəri Fırat Universitetinin tələbəsi Amin Musayevlə söhbət etdik. Amin Musayev Fırat Universitetinin tibb fakültəsinin 2-ci kurs tələbəsidir. 



Amin zəlzələnin dəhşətlərini "Şərq"ə  anlatdı:


- Zəlzələ baş verənədək hər şey yaxşı idi. Ümumiyyətlə Elazığ seysmik zonada yerləşir. Bundan əvvəl də titrəyişlər olmuşdu, amma kiçik ölçüdə - 4 bal, 4.5 bal gücündə. Yanvarın 24-ü isə 6.8 gücündə zəlzələ baş verdi və bu, dəhşətli idi. Titrəyişlər başlayanda biz tələbə yurdunda idik. Saat 20.55 olardı. Özümüzü küçəyə atdıq. Tələbə yurdu 7 mərtəbədir. Mən 2-ci mərtəbədə qalırdım. Tez küçəyə çıxdım. Tələbə yoldaşlarımız da yurdu tərk etdilər. Bəxtimiz gətirdi ki, yurdun binası çökmədi. Tələbələrdən xəsarət alan olmadı. Yoxsa, Allah qorusun, böyük tələfat olardı. 12 saniyəlik zəlzələydi. Bizim yurddan bir qədər aralıda dağıntılar olmuşdu, artıq bilirsiniz ki, insan tələfatı da yaşanıb. 6.8 gücündə zəlzələdən yarım saat sonra 5.4 gücündə daha bir dalğa oldu.  Çox həyəcan keçirdik. Baxmayaraq ki, artıq təhlükəsiz şəraitdəyik, amma o hiss hələ də qalır, yenə təşviş var. Sanki zəlzələnin geri qayıdacağını gözləyirsən.  Bildiyim qədər dünən də 5.1 gücündə zəlzələ olub yenə. 

- Zəlzələdən sonrakı saatlar vəziyyət necə idi?

- Türkiyə Cümhuriyyəti fövqəladə hallara deyərdim ki, həmişə hazırlıqlıdır. Dövlət orqanları dərhal səfərbər oldu, qısa müddətdə vəziyyət tam nəzarət altına alındı. Zərərçəkənlərə yüksək səviyyədə yardım göstərilirdi. Geyim, isti yemək. Çadırlarla təminat. Hər şey…  

- Neçə tələbə Azərbaycana qayıdıb? 

- Toplam 105 tələbə. Elazığ və Malatyadakı tələbələrdir. Malatya da zəlzələ bölgəsidir, mümkün təhlükə nəzərə alınaraq orada təhsil alan azərbaycanlı tələbələr də Vətənə təxliyə edildi.
   
- Nə zaman qayıdacaqsınız Elazığa?

- 1 həftə Bakıda qalacağımız bildirilib. İmtahanlar təxirə salınıb. Fevralın əvvəli dərslər başlayır. Qayıtmalıyıq. Yəqin ki, həm də vəziyyətə baxılacaq. Zəlzələ təhlükəsi nəzərə alınacaq.   

Qeyd edək ki, zəlzələ zonasından təxliyə edilən azərbaycanlı tələbələrin valideynləri Prezident İlham Əliyevə təşəkkür ediblər.  


Məlahət Rzayeva

Paylaş

Bizi Facebookda izləyin
menu
menu