"Mənim seçki kampaniyam bir qədər fərqlidir" - Gənc namizəd

"Hələki insanları görüş üçün harasa dəvət etmirəm. Özüm onların ayağına gedirəm"

"Bu prosesdə iştirak etməyimdə daxilimdəki enerjimi, təvazökarlıqdan uzaq olsa da şəxsi qabiliyyətimi, savadımı əsas tutaraq parlament seçkilərində iştirak etmək qərarına gəldim"


“Öncə Vətən, öncə millət, güclü məclis, güclü dövlət” şüarı ilə parlament seçkisinə qatılan Tural Əfəndiyev istedadlı və ictimai fəal olmaqla yanaşı, həm də zəngin seçki platformasına malikdir. Deputatlığa iddialı gənc namizəd “Şərq”ə müsahibəsində parlament üzvü seçiləcəyi təqdirdə görəcəyi işlərdən və gələcək planlarından danışıb. T.Əfəndiyev platformasının hər sahəni əhatə etdiyini vurğulayıb. Qeyd edək ki, T.Əfəndiyev27 yaşlı gənc 16 saylı Yasamal ikinci seçki dairəsindən namizədliyini irəli sürüb.

 

 


- Tural bəy, öncə özünüz barədə məlumat verərdiniz, namizəd Tural Əfəndiyev kimdir?

 

 - 1993-cü ildə Qazax rayonu Birinci Şıxlı kəndində ziyali ailəsində anadan olmuşam. Azərbaycanda Tarix və Coğrafiya ixtisası üzrə bakalavr, İstanbulda isə idarəetməçilik ixtisası üzrə magistratura təhsili almışam. Hazırda "Türkiyə Bursları" Dövlət Programı ilə İzmir “Dokuz Eylül” universitetində İdarəetməçilik üzrə doktorantura təhsilimi davam etdirirəm. Türkiyədə “AVRASYA Gənclərin Beynəlxalq Əməkdaşlıq Təşkilatı” idarə heyətinin sədriyəm. Türkiyə Cümhuriyyəti Prezident Administrasiyasının “Beyazay” ictimai birliyinin (fiziki məhdudiyyətli insanlara dəstək) “Məhdudiyətləri aradan qaldırmaq üçün kampaniya” Tekirdağ şöbə koordinatorluğunu idarə etmişəm. Türkiyənin “Tarix, İqtisadiyyat, Siyasət, Mədəniyyət Araşdırması Fondu”nun (TESKAV) Azərbaycan koordinatoruyam. "Türkiyə Cumhuriyyəti Gənclər və İdman Nazirliyi" və "Türk İş Birliyi və Koordinasyon Agentliyi - TİKA", “Yurtdışı Türkler və Akraba Toplulukları Başkanlığı-YTB” nəzdində Azərbaycan-Türkiyə dostluq və əməkdaşlığı istiqamətində bir çox layihələrin təşkilatçısı olmuşam. 2015-ci ilin iyun və noyabr aylarında Türkiyədə parlament seçkilərində təcrübə keçmişəm, Millət Vəkili adayının danışmanı olmuşam. Oradaki Parlament seçkilərindən sonra isə seçkilərlə bağlı müstəqil araşdırmalar aparmışam. Odur ki Parlament seçkilərində seçki prosesini mükəmməl bir şəkildə mənimsəmişəm.


 

 - Gənc ictimai fəal kimi hansı işləri görmüsünüz?

 

 - Azərbaycanda tələbə olarkən internat məktəblərinin birində kimsəsiz uşaqlarla bağlı təmannasız təhsil proqramları həyata keçirmişik. Ölkəmizin ictimai həyatında bir tələbə kimi fəal olmağa çalışmışam. Tədrisdən sonraki boş vaxtlarımı planlı şəkildə ehtiyac sahibi uşaqlara həsr edərək, onlara təmənnasız dərslər vermişəm. Eyni zamanda xeyriyyə işlərində də aktiv rol oynamışam. Türkiyədə magistatura oxuduğum müddətdə, 2016-cı ilin ilk aylarında “Keçmişin izində yeriyən gənclik” adlı layihə reallaşdırmışıq. Azərbaycandan Türkiyəyə 20-yə qədər tələbə apararaq İstanbulu və Çanaqqalanı gəzdirmişik. Çünki Çanaqqala müharibəsində minlərlə azərbaycanlı könüllü iştirak edib. Türkiyənin bir çox ali təhsil ocaqlarından yüzlərlə müraciət əsasında Azərbaycana da 20 nəfərlik gənc gətirməyə nail olduq. Onların qarşısına şərt qoyduq ki, sizi Nuru Paşanın getdiyi marşrut ilə Azərbaycana aparacağıq və ölkəmizlə tanış edəcəyik. Ancaq siz də geri qayıdanda hər biriniz öz universitetinizdə seminar, konfrans təşkil edin. Burada gördüklərinizi, sizə olan doğma münasibəti Türkiyədəki qardaşlarımıza çatdırın. Bundan başqa hər il Türkiyə ictimayyətinə və Türkiyədə təhsil alan əcnəbi tələbələrə 20 Yanvar, Xocalı Soyqırımı, 31 Mart Azərbaycanlıların Soyqırımı, 28 May Respublika günü, erməni işğalçıları tərəfindən Azərbaycan rayonlarının işğal günləri ilə bağlı çox sayda konfrans və simpoziumlar təşkil etmişik. Türkiyə televiziyalarında çıxışlarım olub. 2015-ci ildə Xocalı soyqırımı ilə bağlı böyük bir simpozium təşkil etmişdim. Təklif və proqramımızdan məmnunluğunu bildirən rektorumuzun əmri ilə universitet üzrə sonuncu dərs simpoziumla əvəz olundu. 1000-dən artıq tələbə-müəllim heyəti bu simpoziumda iştirak etdi. Hətta həmin ərəfədə millət vəkili Məlahət İbrahimqızı Fransaya səfər etməliydi. Məlahət xanıma bu haqqda məlumat verib xahiş etdik ki bu simpoziumda iştirak etsin. Məlahət xanım isə təklifi müsbət qarşılayıb Fransa səfərini bir günlük təxirə salıb bu simpoziuma qatılaraq geniş və məzmunlu çıxış etdi. Bu tədbirləri məhdud maddi imkanlarımızla (təqaüdümüzdən ayırdığımız büdcə hesabına) etmişik. Onu da qeyd edim ki, Azərbaycanla bağlı tədbirlərə Türkiyədə təhsil alan əcnəbi tələbələri də sövq edirdik.

 

 


- Seçkidə iştirak etmək arzusu sizdə haradan yarandı?

  - Bu sadəcə bir istək, bir arzu deyil. Seçkidə iştirak etmək üçün mən hər tərəfli düşünmüşəm. Hər kəsə məlumdur ki, xalqın dövlətin mühüm hadisələrində ürəyində vətən sevgisi, dövlətə və dövlətçiliyə sıx bağlı olan, xalqın səadətini şəxsi səadəti hesab edib, xalqın həyat tərzinin yüksəlməsi prosesində ürəyində təpər, qəlbində vətən sevgisi xalq məhəbbəti yaşadan hər kəs bucür proseslərdə yaxından iştirak etmək istəyində olur. Məhz Parlament seçkisi də belə hadisələrdəndir. Bu prosesdə iştirak etməyimdə daxilimdəki enerjimi, təvazökarlıqdan uzaq olsa da şəxsi qabiliyyətimi, savadımı əsas tutaraq parlament seçkilərində iştirak etmək qərarına gəldim.

 

 - Əfəndiyevin üzv olduğu siyasi partiya varmı və siyasi baxışı?

 

 - Heç bir partiyanın üzvü deyiləm. Bitərəfəm. Dövlətimiz və xalqımız naminə olan, qanunun aliliyini gözləyən, bütün siyasi düşüncələrə hörmətlə yanaşıram.

 

- Təbliğat-təşviqat kampaniyasını necə aparırsınız, hansı işləri görürsünüz?

 

 - Mənim seçki kampaniyam bir qədər fərqlidir. Bütün gücümü, enerjimi insanlarla birbaşa görüşə ayırmışam. Hələki insanları görüş üçün harasa dəvət etmirəm. Özüm onların ayağına gedirəm. Dairəmdə olan bütün obyektləri, kiçik və orta sahibkarların iş yerlərini bir-bir gəzərək , onları narahat edən problemləri örgənirəm. Seçiləcəyim təqdirdə hər birinə xüsusi diqqət ayıracağımı bildirirəm. Bunun da səbəbləri var. Ölkəmizdə işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılmasında bəhsi keçən sektorun güclənməsi vacibdir. Bu prosesi sürətləndirmək üçün kiçik və orta sahibkarlara ciddi dəstək vermək lazımdır. Deputat seçilsəm, parlamentdə bu məsələyə xüsusi diqqət edəcəm. Bu səbəbdən hər gün onlarla obyekti ziyarət edirəm. Orada çalışan və müştəri qismində gələn insanlarla görüşmə imkanım yaranır. Ayrıca məhəlləri də gəzərək, gün ərzində orta hesabla 400-500 insanla təmasım olur. Seçicilərimi narahat edən problemlərlə də yaxından tanış oluram. Artıq gəzdiyim məhəllələrdə insanlar özləri bütün məhəllə sakinləri ilə toplu şəkildə görüşmək üçün məni dəvət edirlər. Hər məhəllədə görüşlər keçirməyi planlaşdırıram.

 

 - Deputat seçiləcəyiniz təqdirdə parlamentdə hansı təklifləri verəcəksiniz?

 

 - Platformamda bu məsələləri geniş işıqlandırmışam. Verdiyiniz suala cavab olaraq aşağıdakıları qeyd etmək istəyirəm: - Seçicilərim etimad göstərib məni parlamentə nümayəndə seçərsə, aşağıdakı problemlər siyasi fəaliyyətimin daha geniş obyekti olacaq. Yeni qəbul olunacaq qanunlarımızın obyektivliyi, həyatiliyi və aliliyi, xalqın orta və yoxsul təbəqələrininin həyat tərzinin daha da yaxşılaşdırılması, insan hüquqlarının, vətəndaş azadlığının, milli mənəvi dəyərlərimizin qorunması, iqtisadi inkişaf konsepsiyalarının hazırlanmasında dövlət nəzarətinin artırılması, sahibkarlıq fəaliyyətinin daha da inkişaf etdirilməsi və bu çərçivədə sənaye, texnologiya, innovasiya və kənd təsərrüfatı sahələrinin rəqabətə davamlılığının təmin edilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, özəl sektorun dəstəklənməsi və bunun üçün əlavə imkanların yaradılması, işsizliyin səviyyəsinin minimuma endirilməsi məqsədilə, turizm və xidmətlər sahəsinin daha da inkişaf etdirilməsi və s. məsələri gündəmə daşıyacam. Həmçinin, mövcud təhsil sistemindəki problemlərin aradan qaldırılması, səmərəli pedoqoji üsulların yaradılması, ali təhsil müəssisələrinin beynəlxalq elm mərkəzinə çevrilməsi istiqamətində məqsədyönlü qanunların qəbul edilməsinə çalışacam. Fiziki məhdudiyyətli insanların, xüsusilə şəhid ailələrinin və müharibə əlillərinin rifah halının yüksəldilməsinin diqqət mərkəzində saxlanılması və hüquqlarının müdafiəsi istiqamətində səy göstərəcəm.

 

 - Seçicilərinizə arzularınız nədir?

  - Bütün xalqımıza o cümlədən seçicilərimizə Allahdan böyük səadət, əmin amanlıq, xoşbəxtlik arzu edirəm. Əlbəttə, seçicilərimdən mənə dəstək verib qalib çıxarmalarını da arzulayıram.

 

 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu