Nöqsanlar olsa da… - Seçkiyə təsir edəcək ciddi amil yoxdur

“Bu gün ölkəmiz çox mühüm siyasi kampaniya-parlament seçkiləri ərəfəsindədir. Hazırda deputatlığa namizədlərin təbliğat-təşviqat prosesi kifayət qədər yüksək əhval-ruhiyyə və fəal şəkildə gedir. Təbliğat kampaniyası yüksək fəallıq, sağlam rəqabət şəraitində keçir və hər kəsə bərabər imkanlar yaradılır”.

Bu fikirləri Sherg.az-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib. 

V.Rəhimzadə Milli Məclisə keçirilən seçkilərdə iştirak edən bəzi müxalifət partiyalarının qərəzli iddialarına da münasibət bildirib. Qeyd edib ki, guya seçicilərlə görüşlərin təşkilində hansısa pozuntulara yol verilir, seçicilər ələ alınır və s. bu kimi iddialar irəli sürülür: 

“Sözsüz ki, bu gün dünyanın heç bir ölkəsində, hətta özlərini “demokratiyanın beşiyi” adlandıran dövlətlərdə belə “ideal seçki” deyilən bir şey yoxdur. Təbii ki, ölkəmizdə keçirilən siyasi kampaniya ərəfəsində hansısa kiçik nöqsanlara rast gəlmək ehtimalı ola bilər. Ancaq bunlar ciddi və kütləvi pozuntular deyil və seçki prosesinə təsir etmir. Seçkilərdə iştirak üçün 2431 nəfər müraciət edib, onlardan 1374 nəfəri qeydə alınıb. Bu namizədlərin arasında qızğın mübarizə gedir. Bəzən bu mübarizə zamanı hansısa çatışmazlıqlar müşahidə edirik. Lakin dövlət öz üzərinə düşən işi yüksək səviyyədə yerinə yetirir və bütün namizədlərə bərabər imkanlar yaradılır”. 



Vüqar Rəhimzadə: “Budəfəki parlament seçkiləri də kifayət qədər demokratik, şəffaf şəkildə keçiriləcək və bu məqamlar beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapacaq”


Baş redaktor əlavə edib ki, hazırda beynəlxalq aləmdə də Azərbaycanda keçirilən parlament seçkilərinə maraq böyükdür: 

“Bildiyimiz kimi, seçkiləri izləmək üçün 50-dən artıq ölkəni təmsil edən 694 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı isə 61813 nəfərə çatıb. Sözsüz ki, bu göstəricilər seçkilərə beynəlxalq birliyin, eləcə də ölkə daxilindəki insanların yüksək marağının, diqqətinin göstərəicisidir. Şübhəsiz ki, bütün siyasi kampaniyaları kimi, budəfəki parlament seçkiləri də kifayət qədər demokratik, şəffaf şəkildə keçiriləcək və bu məqamlar beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapacaq”.     

Vüqar Rəhimzadə vurğulayıb ki, bəzi müxalifət nümayəndələrinin təbliğat-təşviqat prosesi ilə bağlı neqativ, qərəzli fikirləri real faktlara söykənmir və obyektivlikdən uzaqdır: 

“Bu gün YAP-ın namizədləri ilə yanaşı, cəmiyyət arasında nüfuzu olan şəxslər də bitərəf olaraq seçkilərə qatılıblar və fəal təbliğat kampaniyası həyata keçirir, seçicilərlə görüşür, platformaları barədə məlumat verirlər. Lakin heç bir sosial bazası, insanlar arasında nüfuzu olmayan bəzi müxalifət partiyalarının namizədləri ənənəvi olaraq qərəzli iddialar səsləndirir, onsuz da məğlub olacaqlarını bilərək sığortalanmağa çalışırlar. Lakin bütün bunlar əbəsdir. Çünki sadə insanlar, seçicilər real fəaliyyətə, onların problemləri ilə maraqlanan və həllinə çalışan namizədlərə səs verirlər. Bu mənada hesab edirəm ki, təbliğat kampaniyası yüksək fəallıq, sağlam rəqabət şəraitində keçir və hər kəsə bərabər imkanlar yaradılır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu