Qatil nәnә... - Güman ki, qadının psixi əhval-ruhiyyəsi anormal olub

Tibbi ekspertiza qadının qanında spirtin, narkotik maddənin olub-olmadığını da yoxlayacaq



İki azyaşlının nənələri tərəfindən qətlə yetirilməsi faktı ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda deyilir. Məlumatda bildirilir ki, yanvarın 29-u saat 18 radələrində 6 yaşlı Alsu Pikulo və 2 yaşlı Marat Pikulonun üzərində zorakılıq əlamətləri olan meyitlərinin, nənələri, 1963-cü il təvəllüdlü Nina Allahverdiyevanın isə asılmış vəziyyətdə meyitinin birgə yaşadıqları paytaxtın Nizami rayonu, Rüstəmov küçəsi, 74 saylı evin 2-ci mərtəbəsində yerləşən 59-cu mənzilində aşkar olunması barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq, polis və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspert briqadasının iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, müvafiq ekspertizalar təyin edilib.
Hadisə yerinə baxış zamanı mənzildə olan əşyaların yerbəyer olmaqla tamlıqlarının pozulmaması və mənzilin giriş qapısının içəri tərəfdən kilidli olması müəyyən edilib, eyni zamanda meyitlərə baxış zamanı boğulmağa xarakterik izlərdən başqa digər xəsarət və ya xəsarət izləri aşkar olunmayıb.
İlkin istintaq fərziyyələri ilə Nina Allahverdiyevanın əvvəlcə nəvələrini kəndirlə boğaz nahiyələrindən boğmaqla öldürməsinə, daha sonra isə özünü kəndirlə asaraq intihar etməsinə əsaslı şübhələr yaranıb.
Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Görəsən, 57 yaşlı nənəni nəvələrini öldürməyə nə vadar edib; içki, narkotik, yoxsa ailədəki münaqişə?



Uzun illər hüquq-mühafizə orqanlarında çalışmış sabiq polis rəisi Mahmud Hacıyev “Şərq”ə açıqlamasında bu cür ağır cinayətlərin istintaqı zamanı müxtəlif ekspertizaların təyin edildiyini bildirdi:

- Şübhəsiz ki, qətl və eyni zamanda intihar hadisəsinin necə və nədən baş verdiyinin müəyyənləşdirilməsi məqsədilə müxtəlif ekspertizalar təyin olunacaq. Məhkəmə-tibbi ekspertizası rəy verəcək. Ailə üzvləri, doğmalar, yaxınlar, qonşular dindiriləcək. Əməliyyat-istintaq tədbirlərinin gəldiyi qənaət üzrə də hadisənin başvermə səbəbi və hadisənin törədilməsinə dair detallar da bilinəcək. Fikrimcə, burada spirtli içki, narkotik amilindən daha çox, 57 yaşlı nənənin psixi durumu üzərində dayanılmalıdır. Hesab edirəm ki, qadının psixi əhval-ruhiyyəsi anormal olub. Bir nənə öz nəvələrinə qarşı ruhi pozğunluq, ruhi sarsıntı halında belə bir dəhşətli qətl törədə bilər. Amma bütün hallarda biz məhkəmə-tibbi ekspertizasının rəyini gözləməliyik. Tibbi ekspertiza qadının qanında spirtin, narkotik maddənin olub-olmadığını da yoxlayacaq. Çox dəhşətli hadisədir. Ümid edirik ki, qətlin və intiharın səbəbi müəyyənləşər.

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu