Taksi sürücülərinə iş qalmayacaq: Bəzi ixtisaslar, sənətlər sıradan çıxacaq və yeniləri yaranacaq

Nazirlər Kabineti “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edib. Dəyişikliyə əsasən, ali təhsilin magistratura səviyyəsində “Təbiət ixtisasları qrupu” bölməsində yeni Dövlət informasiya sistemlərinin təhlükəsizliyi və Rəqəmsal hökumət, “Texniki və texnoloji ixtisaslar qrupu” bölməsində Neft-qaz çıxarmada nanotexnologiya, Süni intellekt, Məsafədən müşahidə, “Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsində Dərman preparatlarının keyfiyyətinin təminatı ixtisasları yaradılıb.


Dəyişiklik barədə fikirlərini “Şərq”ə açıqlayan tarix üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov bildirdi ki, 2018-ci ildə Bakı Ali Neft Məktəbində “İnformasiya təhlükəsizliyi”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi və  “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” kimi yeni ixtisaslar yaradılıb. 
Əvvəllər hər bir sahədə yalnız insanların əməyi lazım olurdusa, texnologiyanın inkişaf etdiyi bir zamanda  çox işçi qüvvəsinə ehtiyac qalmır. Çünki əksər sahələr elektronlaşdırılır:

- Elm və təhsilin belə sürətlə  inkişaf etdiyi bir vaxtda  gələcəkdə Azərbaycanda hansı ixtisasların sıradan çıxacağı və hansılara ehtiyac yaranacağı çox maraqlıdır.

Etiraf edək ki,  dövrümüz çox sürətlə dəyişir. Min illər əvvəl çox önəmli ixtira arasında yüz illərlə yol gedilirdisə, indi iki böyük kəşf arasında  gedilən yol aylarla, günlərlə ölçülür. Sabah, birisi gün elə güclü ixtira olar ki, o, bəşəriyyəti tamamilə dəyişər. Məsələn, indi telefonlardan fotoaparat kimi istifadə edə bilərik. Amma 150 il foto-sənayedə “Kodak”, “Alfa” firmaları hegemon idi; lentli fotoaparatlar istehsal edirdilər. Amma son  10 ildə onların hamısı sıradan çıxdı, çünki rəqəmli fotaparatlar yarandı. Bu baxımdan gələcəkdə Azərbaycanda da hansısa ixtisaslar, sənətlər sıradan çıxacaq və yeniləri yaranacaq. Bu prosesi izləyən biri kimi deyim ki, 50 il bundan qabaq  ali təhsil almaq, yəni 5 il oxumaq  25-35 il ondan istifadə etməyə bəs edirdi. İndi isə öz ixtisasımızı ən azı 4-5 dəfə dəyişməliyik.  Bir ali təhsil kifayət etmir. Məsələn, güman edirəm ki, gələcəkdə taksi sürücüləri “yoxa çıxacaq”. Çünki maşınlar elektronlaşacaq. Əslində, avtomobil olmayacaq,  4 təkər üzərində kompüter olacaq, yəni maşının sükanı olmayacaq. Buna görə şoferə ehtiyac qalmayacaq. Proqram olacaq, qoşacıq maşın özü bizi aparacaq. 
“Asan xidmət” çox şeyi dəyişdi. Onun kimi informasiya kommunikasiyasına dayanan yeni xidmətlər əmələ gələcək. Elektron hökumət olacaq ki, məmura çox da ehtiyac qalmayacaq.



Amma burda yeni bir problem ortaya çıxacaq. Problem də budur ki, nəyi öyrətmək? 

Hesab edirəm ki,  cəmiyyətdə hər şey dəyişirsə, dəyərlər də dəyişir.  Təhsilin də əsas məqsədi müəyyən dəyərləri gənclərə öyrətməkdir. Dəyərlər necə olacaqsa, hansı biliklərə ehtiyac yaranacaqsa, ali məktəblərdə o fənləri tədris edəcəklər. İxtisaslar  sıradan çıxmayacaq, biri digərinin içərisində əriyəcək. Fizika və kimya fakültəsi var, gələcəkdə “Fizkimya”, “Biofizika” fakültəsi ola bilər. Fənlərarası, sahələrarası məkanlar dirənmir. Onlar inkişaf edir. Fizika dirənə bilər, amma fiziki kimya, fiziki biologiya dirənə bilməz. Hətta  ekonom-fizika adlı yeni sahə yaranıb. Fizika hara, ekonomika hara,  amma birləşiblər. Gələcəkdə kənd təsərrüfatında mütərəqqi texnologiyalar olacaq. Orda əhalini qorxudan şey yoxdur. Dediyim kimi, bir insan ömründə 5 dəfə ixtisas dəyişməlidir. Yeni ixtisasları zaman özü diktə edəcək.  Fakültələrdə tədris olunacaq fənlər, proqramlar dəyişəcək.
Dünyada gedən qlobal prosesləri dərindən təhlil etdikdə o qənaətə gəlmək olar ki, bu fikirlər köhnəlib. 50 il bundan qabaq deyilsəydi, aktual görünərdi. Bir ara insanlar elə hesab edirdilər ki, texniki elmlər həlledici rol oynayır, humanitar sahəyə isə diqqət azalıb, arxa plana keçib. Hətta ortaya suallar çıxırdı ki, fəlsəfə elmdirmi, lazımdır, ya yox?  Yeni qloballaşmanın gətirdiyi problemlər onu göstərir ki,  beyni artıq informasiya ilə yükləyən elmlər sıradan çıxacaq. Hansılar ki, bir mövzunu öyrənmək üçün saysız-hesabsız nəzəriyyələri qədimdən indiyə kimi öyrədirlər. Bunlar insanın beynini lazımlı və lazımsız informasiyalarla yükləyir. Tələbələr elə kitab olur oxuyur, əzbərləyir ki, imtahan verib canını qurtarsın.  Məsələn, “Ustad məktəbi” deyilən bir modelim var. Aşıq Ələsgər ustad yanında şagird olub. Heç bir universitet bitirməyib, amma  yüzlərlə universitet qurtarandan savadlıdır. Daha dərindən bildiyi məsələlər var idi. Çünki ustad həmişə şagirdin beynində ən vacib informasiyaları yerləşdirir. Sonra beyin işləyir, özü  qalan şeyləri dartıb gətirir. Çində, Yaponiyada qədimdən bu üsul öndə olub. Bunlar doğru strateji yoldur. Yəni prinsip belədir ki, beyində əsas, vacib baza informasiyalarını yerləşdirmək. Qalan şeyləri beyin özü axtarıb tapacaq. Yeni dövr bunu zəruri hesab edir. Buna görə hansı fənlərin sıradan çıxacağını bir-bir saymıram. O fənlər ki, faydasız informasiyalarla beyni doldurur, onlar olmayacaq.

Gələcəkdə okeanı, onun dərinliyini, kosmosu, Yer kürəsində insan mühiti, ekoloji məsələləri öyrənəcəyik. Yəni, Yer üzünün xilası və tərəqqisi ilə bağlı elmlər daha öndə olacaq. Ona görə fikir vermək lazımdır ki, NASA hansı problemlərlə məşğul olursa, həmin sahə qabaqdadır. Onların məşğul olduğu istiqamətlər üzrə ölkədə elmi inkişaf etdirmək daha doğru yol olardı. Çünki onlar bu şeyləri hiss edib, qəbul edirlər. Fəlsəfə, sosial elmlərin inkişafı ilə bağlı elmlər çox lazım olacaq.

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu