Məktəb psixoloqları ilə bağlı təklif: “Hamısı diaqnostik qiymətləndirməyə cəlb olunmasın”

Məktəb psixoloqlarının işindən narazılıq var. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev KİV-ə açıqlamasında bildirib ki, həssas qrupa daxil olan uşaqlarla ən mühüm iş, məktəb psixoloqlarının üzərinə düşür: 

"Təəssüf ki, bu sahədəki ümumi vəziyyət bizi yetərincə qane etmir. Bu sahədə əsaslı dönüş yaratmaq, ümumi təhsil müəssisələrində psixoloji xidmətin düzgün təşkilinə və səmərəliliyinin artırılmasına nail olmaq üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə məktəblərdə çalışan psixoloqlar və təşkilati işlər üzrə direktor müavinləri üçün fevral ayından başlayaraq təlimlər keçiriləcək".

Orta məktəblərdə baş verən xoşagəlməz olaylar, hətta faciələrlə sonlanan bədbəxt hadisələrə baxılsa, psixoloqların şagirdlərlə çalışması vacib xarakter alıb. Keçiriləcək təlimlərin psixoloqların işində əsaslı dönüş yaradacağını gözləmək olarmı? 
 
Təhsil eksperti, tarix üzrə fəlsəfə doktoru Kamran Əsədov “Şərq”ə açıqlamasında bildirdi ki, orta məktəbdə çalışanların müəllimlərin 1994-cu ildə keçirilən attestasiyasından sonra uzun müddət bu istiqamətdə heç bir iş görülmədi. Yalnız 2014-cü ildə Bakı şəhərində başlanan diaqnostik qiymətləndirmə mərhələli şəkildə ölkənin digər şəhər və rayonlarını əhatə etdi və 2017-ci il də daxil olmaqla ümumilikdə 140 minə yaxın müəllimin bilik və bacarıq səviyyəsi qiymətləndirildi:
 


Kamran Əsədov: “Təklif edirəm ki, testlər təkcə qapalı olmasın, eyni zamanda açıq tipli test tapşırıqlarından da istifadə olunsun ki, savadlı, bilikli və hazırlıqlı namizədlər uğur qazansın”


“Etiraf etmək lazımdır ki, Təhsil Nazirliyi tərəfindən 2014-cü ildən başlayaraq keçrilən MİQ və DQ imtahan nəticələri pedaqoji mühitdə mənəvi, stimulverici məsələləri nizamlayan əsas göstərici oldu. İndi növbə orta məktəblərdə çalışan digər personallara da çatır. Məktəb psixoloqları ilə bağlı diaqnostik qiymətləndirmə keçirilsə, onların fərdi bilik və bacarıqlarını öyrənmək mümkün olacaq. Yəni savadlı psixoloqlar sırasından daha savadlıları seçilə biləcək. Əslində orta məktəblərdə psixoloq ştatı  Əmək və  Əhalinin Sosial Müdafiəsi Nazirliyi  Kollegiyasının 20 dekabr 2017-ci il tarixli qərarı ilə  təsdiq edilmiş təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasına görə ləğv olunaraq “sosial pedaqoq” la əvəz olunub. Lakin bizdə bu hələ də “psixoloq” ştatı kimi mövcuddur. 

Amma burada maraqlı məsələlər var. Təklif edirəm ki, orta məktəblərdə psixoloq vəzifəsində çalışanların heç də hamısı DQ-ya cəlb edilməsin. Birincisi, müvafiq ixtisas üzrə ali təhsil və yaxud ali təhsil və yenidənhazırlanma qurumlarında ixtisası üzrə əlavə təhsil alaraq psixoloq diplomu olan şəxslər DQ-ya buraxılsın. İkincisi, test tapşırıqlarına "Təhsil haqqında”, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, "Uşaq hüquqları haqqında”, "Sosial xidmət haqqında”, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarından; əmək və ailə qanunvericiliyini, Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyasından; ümumi və sosial pedaqogikadan, yaş və uşaq psixologiyasından; sosial gigiyenanın əsaslarından; sosial-pedaqoji və diaqnostik metodikalarından; sanitar-gigiyena və yanğından mühafizə norma və qaydaları salınsın. İmtahan proqramı və ədəbiyyat siyahısı imtahandan azı 2 ay əvvəl elan olunmalıdır. İmtahanlar komputerlə yox, kağız daşıyıcı ilə həyata keçirilməli, imtahana problemli situasiyalar ilə bağlı esse əlavə olunmalıdır. Təklif edirəm ki, testlər təkcə qapalı (cavabları variantlarla qeyd olunan) olmasın, eyni zamanda açıq tipli test tapşırıqlarından da istifadə olunsun ki, savadlı, bilikli və hazırlıqlı namizədlər uğur qazansın. Eyni zamanda hansısa bir narazılığa da operativ cavab vermək üçün qərərgah olmalıdır və həmin gün ixtisas üzrə test müəllifləri orda əyləşməlidir". 
K.Əsədov qeyd etdi ki, məktəb psixoloqları günün tələbidir. Psixoloqlar üçün təşkil olunacaq təlimlər də ixtisaslı kardlar tərəfindən aparılmalıdır. Bunun üçünsə, təlim keçirəcək şəxslərin nə dərəcədə ixtisaslı olduğu öncə yoxlanmalıdır. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu