Xalqın heysiyyəti ilə oynayırlar: İyrənc video yayanlara qarşı amansız olmalıyıq

"Əxlaqsızlığı əyləncəyə çevirən, sonra da onu tirajlayanlar ən ağır cəzaya məhkum edilməlidir"



İnternetin imkanlarından qanunsuzluq, cinayət xarakterli əməllərin təbliğatı üçün istifadə edənlər də var, təəssüf ki. Müsbət olansa budur ki, bu cür əməllər hüquq-mühafizə orqanları tərəfindən aşkarlanır və buna cəhd edənlər müəyyənləşdirilərək zərərsizləşdirilir.  Bu günlərdə “İnstaqram” sosial şəbəkəsindəki narkotik vasitələrin qəbulunun təbliği ilə məşğul olan Suraxanı rayonu Hövsan qəsəbəsində yaşayan Elcan Şahverdiyev Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin “İnstaqram” sosial şəbəkəsindəki rəsmi səhifəsinə vətəndaşlardan biri müraciət edərək həmin sosial şəbəkədəki Elcan Şahverdiyevin profildə narkotik vasitələrin qəbulunun təbliği ilə məşğul olduğu barədə məlumat verilib və DİN də hərəkətə keçib. 

E.Şahverdiyev ifadəsində “İnstaqram” sosial şəbəkəsində narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib.

E.Şahverdiyev artıq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən məhkəmənin qərarı ilə 25 sutka müddətində inzibati qaydada həbs edilib.
E.Şahverdiyevin paylaşdığı video xarakteri etibarilə birinci deyil. Yadınızdadırsa, bir müddət öncə təhlükəli məzmun daşıyan "Kazbek"i doldurum” videosu yayılmışdı, hətta millət vəkili Fazil Mustafa bu rəzalətə son qoyulması üçün daxili işlər nazirinə müraciət etmişdi və sosial şəbəkədə status da paylaşmışdı:    

“…Sanki kimlərsə cəmiyyəti çalxalamaqdan həzz alırlar. Manyakdılar, mozaxistdilər, ruhi xəstədirlər, nədirsə, onlarla bağlı ciddi ölçü götürülməlidir. 
Bu cür kliplər yalnız sosial-mənəvi baxımdan təhlükəli deyil, eyni zamanda zərərli vərdişlərin təbliğatçısı olduqları üçün cinayət məsuliyyəti də daşıyır. 
Çılpaq qızların videosu yayıldı, cəmiyyətdə bir keçici çalxalanma yaratdı, bunu tirajlayanlar qınağa və ya marağa tuş gəldi, iş elə gətirdi ki, bahalı maşınlarının nömrəsindən adamları tapmaq da çətin olmadı. Ortaya çıxan nəticəni sadəcə əxlaq prizmasından dəyərləndirmək doğru olmazdı. Bu, Azərbaycanda sosial və digər şərtlərdən yaranmış acınacaqlı bir gerçəklikdir, narkomaniya və fahişəlik əvvəlki illərdən fərqli olaraq təsir coğrafiyasını xeyli genişləndirib. Burada diqqət yetiriləsi əsas məqam budur ki, həmin videonu bütün personajları normal orta və yaxud ali təhsil almayıblar. Fahişəsi də, iş adamı da savadsızdırlar, təhsilsizdirlər. Çünki normal təhsili olan insan ən azı öz kriminalının açılması üçün belə ipucu verməməlidir. 

Eyni durum "Kazbek"i dolduranların klipinə də aid oluna bilər. Oynayan qadınların kimliyini araşdırsanız, tam əminliklə söyləyirəm ki, normal təhsil almamış insanlardır. Hansısa əxlaqsız əməllərin sahibi ola bilərlər, lakin təhsil və təlimi yerində olan ən azı özünü təqdimatın bu cür bayağı formasını seçə bilməz. 

İş burasındadır ki, idmançısı da, müğənnisi də, teleaparıcısı da, jurnalisti də, bələdiyyəçisi də, deputatı da lazımi keyfiyyətli təhsil mərhələsindən keçmədikdə büsbütün cəmiyyəti öz xəstəlik virusuna tabe etdirir. Hələ elm sferasında, pedaqoji arenada yüzlərlə qadına diplomun alisini peşkəş ediblər, əksər akademikin, professorun, böyük səlahiyyət sahiblərinin, pullu kimliklərin ailəsindən, qohum-əqrәbasından bir çox insan ən azı fəlsəfə doktorudur, məmurların əhəmiyyətli hissəsi normal təhsil almadan bir neçə ali təhsil diplomu daşımaqdadırlar, sonradan bunların əziyyəti bütünlükdə cəmiyyətin üzərinə düşür. Təhsil, təlim, elm anlayışımızı dəyişməyincə çox çətin olacaq axırımız...” 



Sabiq millət vəkili, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, tarix elmləri doktoru Həvva Məmmədova da hesab edir ki, belə zərərli paylaşımlarla bağlı hüquq-mühafizə orqanları dərhal hərəkətə keçməlidir:   

- Dəhşət içində düşünürəm ki, bunlar kimdir, nə işlə məşğuldur, haradan gəliblər, kimə arxayındırlar ki, bu cür iyrənc videolar çəkib yayırlar? Gənclərin, yeniyetmələrin əxlaqına, təlim-tərbiyəsinə mənfi təsir göstərən bu səpkili videolar, inanın, mənə çox ağır təsir edir. Gənc qızlar, oğlanlarla bağlı məqsədli şəkildə video yayanlar, əxlaqsızlığı əyləncəyə çevirən, sonra da onu tirajlayanlar ən ağır cəzaya məhkum edilməlidir. Kim bunlara icazə verir ki, xalqın heysiyyəti ilə, namusu ilə oynasınlar, xalqın qız-gəlinini təhqir etsinlər? Bu cür videolar, paylaşımlar Azərbaycan xalqına, cəmiyyətimizə təhqirdir. Hesab edirəm ki, Daxili İşlər Nazirliyi də, Dövlət Təhlükəsizlik Xidməti də dərhal hərəkətə keçib bu insanları aşkara çıxarmalı və bu işin arxasında hansı məkrli məqsəd dayandığını da üzə çıxarmalıdırlar. Çünki bu cür məsələlər, sıradan bir iş deyil. Burada xalqımıza, dövlətimizə qarşı iyrənc kampaniya da ola bilər. Dəqiq araşdırma aparılmalı, bu tip insanlar məsuliyyətə cəlb edilməlidir. Hüquq-mühafizə orqanları bu adamlarla bağlı ciddi ölçü götürməlidir, əks halda, bu cür hallar daha çox yayılmağa başlayacaq.

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu