"Məndən sənə qalan sözdü" – Məmməd İlqarın kitabının imza günü keçirildi - FOTOLAR

Fevralın 1-də Atatürk Mərkəzində dəyərli şair Məmməd İlqarın 70 illik yubileyinə həsr olunan "Məndən sənə qalan sözdü" kitabının imza günü və təqdimat mərasimi keçirildi. Tədbirə ölkəmizin müxtəlif bölgələrindən təşrif buyuran dəyərli yazıçılar, şairlər, tənqidçilər, alimlər, bir sözlə Məmməd İlqar yaradıcılığının, poeziyasının vurğunları  iştirak edirdilər. 

Tədbir şairin "Baş əymə" şeirinə  türkiyəli sənətçi Ayzer Büyükerin bəstələdiyi mahnı-kompazisiya ilə başladı.

Tanınmış şair və nasir Əjdər Ol Məmməd İlqar poeziyasının incəliyindən, dərinliyindən danışaraq onun bir şair kimi təbliğatının az olmasına baxmayaraq sözlərinin el aşıqlarının, müğənnilərin, bədii qiraətçilərin dilərinin əzbəri olmasını xüsusi olaraq vurğuladı.

Daha sonra çıxış edən tənqidçi, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rüstəm Kamal Məmməd İlqar poeziyası ilə ilk dəfə el şənliyində bir aşığın ifası zamanı tanış olduğunu, daha sonra onun yaradıcılığının daimi izləyicisi olduğunu və belə bir şairin müasiri olmaqdan qürur duyduğunu diqqətə çatdırdı.

Yazıçı-publisist, "Yol" qəzetinin baş redaktoru  Məti Osmanoğlu yubilyarı təbrik edərək, onun şeirlərinin el aşıqlarının, xanəndələrin repertuarında xüsusi yeri olduğunu vurğulamaqla yanaşı şairin "Qara camaat" şeirini diqqətə çatdırdı.
Filologiya elmləri namizədi, Əməkdar mədəniyyət işçisi, Jurnalistər Birliyinin üzvü Elxan Məmmədli çıxış edərək, şairin yaradıcılığının ana xətini onun təcnislərinin təşkil etməsini xüsusi olaraq vurğulamaqla onu təcnisimizin dədəsi adlandırdı.

Tanınmış şair, bu yaxınlarda “Tərəqqi” medalına layiq görülmüş İbrahim İlyaslı qeyd etdi ki, Məmməd İlqar ustad kəlməsini etibar etdiyimiz çox böyük şairdi. Şair onun yubileyinin yaxın vaxtlarda yaşadığı Sumqayıt şəhərində keçiriləcəyini də mərasim iştirakçılarının diqqətinə çatdırdı.

Aşıq Cahangir Quliyev saz üstə şairin "Bu yurdda bir qarı qalıb" şeirini ifa etməklə məclisi xeyli duyğulandırdı.

Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı Məmməd İlqarla 80-ci illərdə Məmməd İsmayılın rəhbərlik etdiyi ədəbi birlikdə tanışlığından, onun çox abırlı- həyalı bir şair olmasından danışaraq 30 il əvvəl Məmməd İlqara həsr etdiyi "Məmməd İlqar Divani çal, Divani" şerini diqqətə çatdırdı.

Şairi təbrik edən şair, publisist, Əməkdar jurnalist Tahir Talıblı qeyd etdi ki, Məmməd İlqar "qara camaat"ın böyük şairidir. Haqq çağıran,haqq deyən şairdi.
Tanınmış ədəbi tənqidçi Əsəd Cahangir qeyd etdi ki, Məmməd İlqar qələmi ilə, ruhu ilə, nəfəsi ilə təcnisi müasirləşdirdi. Ustadı təbrik edən tənqidçi Məmməd İlqarın bu günə qədər layiqli qiymətini almadığı üçün təssüf hissi keçirdiyini vurğuladı.

Qazax Xeyriyyə İctimai Birliyinin sədri, riyaziyyat üzrə elmlər doktoru, Təhsil nazirinin müşaviri, professor İlham Pirməmmədov mərasim iştirakçılarına tədbirdə iştirak etdikləri üçün təşəkkür edərək şairin gəncliyində yazdığı və kitablarına daxil edilməyən bir şeirini əzbərdən söylədi. Daha sonra ustad şairin təntənəli yubiley tədbirinin Azərbaycan Yazıçılar Birliyi və Qazax Xeyriyyə İctimai Birliyinin birgə təşkilatçılığı ilə fevralın 22-də Beynəlxalq Muğam Mərkəzində qeyd ediləcəyini anons edərək tədbirdə iştirak edənlərin hər birinin ora dəvətli olduğunu bildirdi.

Aşıq İlham Aslanbəylinin təqdimatında  Məmməd İlqarın "Mən həmən oğlanam a dağ yolları" şeirinin "Ruhani" havası üstündə ifası tədbiri daha da canlandırdı.
Çıxışına şairi təbriklə başlayan şair, publisist Murad Köhnəqala aşıq İlhamın ifasında səslənən şeirdə şairin həyatının, taleyinin kinolent kimi göz önündə canlandığını və Məmməd İlqarı həm də el ozanına bənzətdiyini bildirərək onu səmimi qəlbdən təbrik etdi.

Publisist Həmid Ormanlı qeyd etdi ki, o uzun illərdir Məmməd İlqarla ustad - şəyird (şagird) münasibətindədir. Möcüzələrə inandığını deyən Həmid bəy səhətində problem yaranan Məmməd  İlqarın möcüzə nəticəsində yenidən yaradıcılığa qayıdaraq yazıb yaradacağına əminliyini bildirdi.

Yazıçı Şərif Ağayar Məmməd İlqar poeziyasının göylərdən  gəldiyi qənaətində olduğunu vurğuladı.

Bədii qiraətçi, Əməkdar artist Ağalar Bayramov Məmməd İlqar yaradıcılığının vurğunu olduğunu bildirərək  şairin "Bir Olmur" şeirini  səsləndirdi və tamaşaçıların gur alqışlarını qazandı.

Şairlərdən Rəfayıl İncəyurd, Mahmud Vəli, Elnur Astanbəyli, yazıçı Alhüseyin Cavadoğlu Məmməd İlqar haqqında sevgi dolu danışaraq şairlə bağlı xatirələrini bölüşdülər. Aşıq Şəhriyarın "Qaraçı" havası üstündə Məmməd İlqarın "Eləmi Dağlar" təcnisini ifa etməsi  tədbir iştirakçılarının sürəkli alqışına səbəb oldu.
Məmməd İlqar ailəsinin yaxın dostu, şair-publisist Çiçək Mahmudqızı tədbir iştirakçılarına öz minnətdarlığını bildirməklə onları fevralın 22- də Beynəlxalq Muğam Mərkəzinə Məmməd İlqarın yubiley tədbirinə dəvət etdi.

Yekunda aparıcı Əjdər Ol Məmməd İlqarı bir daha təbrik edərək, onun aşağıdakı şeirindən bir parça ilə mərasimi sonlandırdı:

Köhnə dostdu!-
Təzə kədər.
Ömür nədi?-
Qəza-qədər...
Bir də gələn yaza qədər
Dağlar, Məmməd amanatı!

Paylaş

Bizi Facebookda izləyin
menu
menu