Az, ancaq keyfiyyətli qidalanmaq lazımdır: Zəhərlənmələr öz ağlımız ucbatından baş verir

Sadə kökə - heç bir qatqısı olmayan, cemsiz-filansız sadə “bulka”. Düyü, vermişel, qarabaşaq (“qreçka”). Bunlar təhlükəsiz qidalardır




Ötən ay 18 qida zəhərlənməsi qeydə alınıb. Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin məlumatında bildirilir. Məlumatda qeyd olunur ki, 2020-ci ilin yanvar ayı ərzində 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1985 müraciət daxil olub. Agentlikdən veriən məlumata görə, daxil olan müraciətlərdən 401-i sertifikatlaşdırma və qeydiyyat, 429-u idxal-ixrac əməliyyatları, 187-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.

Qida zəhərlənmələri ilə bağlı Agentliyə 42 müraciət daxil olsa da, onlardan yalnız 18-i öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.

Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 69-u işə qəbulla bağlı, 857-i isə digər xarakterli müraciətlər olub.

Zəhərlənmələr nəylə bağlıdır? 


Həkim qastroenteroloq Sevindik Arazov “Şərq”ə açıqlamasında “günahı hər kəs öündə axtarmalıdır” dedi: 

- Zəhərlənmənin müxtəlif səbəbləri ola bilər. Qidanın keyfiyyəti, qidalanmanın düzgün olmaması, vətəndaşın özünün səhlənkarlığı və nə doğrudur, nə doğru deyil, bilməməsi... Baxın, metrostansiyaların yaxınlığında, dayanacaqlarda, kafelərdə, ixtisaslaşmış mağazalarda “perajki” satılır. Bunu da deyim ki, “perajki” Azərbaycan dilində necə adlanır, bilmirəm, kim bilir, desin. Həmin bu “perajki”ni bişirmək üçün səhər tezdən 5 litr maye yağı tökürlər tavaya, axşamadək o yağın içində yüzlərlə “perajki” bişirilir. Bu, doymamış yağ turşusudur və aşkar zəhərdir. Çünki yağda yanma prosesi gedir, yağ yanmaqda davam etdikcə tərkibindəki komponentlər zəhərə çevrilir. Amma bizim əhali bu “perajki”ni alıb yeyir. Uşaqlara da verir. Sonra, hər küçənin başında, ayağında 1 manata, 1 manat 50 qəpiyə dönər satılır. Sümüksüz dana ətinin 1 kiloqramı 14-15 manatdır. 1 kiloqram sümüksüz ətdən 3-5 dönər ancaq çıxar. Əgər həqiqətən də o dönərlər 14-15 manatlıq sümüksüz dana ətindən hazırlansa, onda qiyməti, digər məhsulları – çörək, kartof, pomidor, xiyar, ketçup, soğan... əlavə etsək, 5 manat olmalıdır. İndi özünüz düşünün, bunu bilmək üçün həkim, alim olmaq lazımdır? İnsan bilə-bilə ki, onu aldadıb 1 manata, 1 manat 50 qəpiyə dönər satırlar, alıb yeyir. Sonra da mədə, bağırsaq problemindən şikayət edir. Keyfiyyətsiz ətdən  hazırlanmış qidalardan yeyir və zəhərlənir. Soruşursunuz, bəs vətəndaş, az miqdarda təqaüd alan tələbə nə yesin? Adi, sadə kökə - heç bir qatqısı olmayan, cemsiz-filansız sadə “bulka”. Düyü, vermişel, qarabaşaq (“qreçka”). Bunlar təhlükəsiz qidalardır. Əlbəttə, qatqısızdırsa.  Yəni düyünü, vermişeli üzərinə ketçup əlavə etmədən də yemək mümkündü.                                                                                                               



1 kiloqram kərə yağının hazırlanması üçün 20 litr süd lazımdı. 1 litr süd 1 manat - 1 manat 30-40 qəpik arasıdır. Deməli, 1 kiloqram kərə yağının əmələ gətirilməsinə 23-25 manat gərəkir


S.Arazov hazırda satışdakı yağların keyfiyyətinin şübhəli olduğunu dedi: 

- 1 kiloqram kərə yağının hazırlanması üçün 20 litr süd lazımdı. 1 litr süd 1 manat - 1 manat 30-40 qəpik arasıdır. Deməli, 1 kiloqram kərə yağının əmələ gətirilməsinə 23-25 manat gərəkir. Belə olduğu halda satışda 8-10-15 manata, hətta 5 manata satılan “kərə” yağıdırmı? Bu qiymətə kərə yağı ola bilməz axı. Cürbəcür də adlar qoyurlar. Bəzəyrilər... Kərə yağı adı altında satılan yağların çoxu hidroksidləşmiş palma yağıdır. Yəni qatılaşdırılmış yağ. Palma yağı təhlükəli deyil, əgər həqiqətən, qatqısız, xalis palma yağıdırsa. Amma bizdə satışda olan axı xalis palma yağı deyil. Bu cür yağları uşaqlara qətiyyən vermək olmaz. Problem həm də bundadır ki, əhali uşaq qidası ilə yetişkin insanın qidasına fərq qoymur. Uşaq qidası tamam başqadır, yaşlı insanın qidalanması fərqlidir, gəncin, yeniyetmənin də fəqlidir. Uşaq böyüklərin kiçik modeli deyil, yaşlı insan da orta yaşlının böyük modeli deyil. Problem həm də bundadır ki, bizim əhali maariflənməyə meyilli deyil. Əhalini şou xəbərlər daha çox maraqlandırır, nəinki düzgün qidalanma şərtləri. Ona görə də zəhərlənmələrdə başqasını günahlandırmayaq. Birdəfəlik qəbul etməliyik ki, az, lakin keyfiyyətli qidalanmaq lazımdır. İnsan özü qidasına diqqət etməli, nəyin zərərli, nəyin zərərsiz olduğunu bilməlidir. Dünya səhiyyəsi daim bəyan edir: “siqaret sağlamlığınıza ziyandır”. Amma siqaret çəkənlər siqaretin qiymətinin qalxmasına etiraz edirlər. Həkim hər zaman deyir: içki orqanizmə ziyandır, orqanizmi çökdürür, amma əksəriyyət məhəl qoymur və spirtli içki qəbulunu davam etdirir. Buna həkim neyləsin, Qida Təhlükəsizliyi Agentliyi neyləsin? 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu