Çaşqınlıq yaratmaq olmaz: Mövsümi virusla koronavirusu eyniləşdirmək doğru deyil

“Mövsümlə əlaqədar yayılmış kəskin respirator viruslar zamanı da ölüm faktları qeydə alınır”


2019-cu ilin sonlarında və bu ilin əvvəlində Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 7-8 nəfərin ölməsi cəmiyyət arasında ciddi müzakirələrə səbəb olmaqla bərabər, narahatlıq yaradıb. Hüquqşünas Samir Zeynalov Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ilə bağlı bir sıra iddialar irəli sürüb. 

S.Zeynalov deyib ki, institutda həkim-reanimatoloq yoxdur və ağır xəstələri tibb bacıları və təmizliyə baxan personal qəbul edir.  Digər bir iddia isə ölüm hallarına səbəb, Çində tüğyan edən koronavirusdur. Sosial şəbəkə qruplarında bu məsələ ciddi müzakirəyə səbəb olub və insanlarda xof yaradıb.  

Tibb eksperti Adil Qeybullanın  "Şərq"ə açıqlamasına görə, mövsümlə əlaqədar yayılmış kəskin respirator viruslar zamanı  ölüm faktları qeydə alınır: 



“Amma xəstənin nəfəs yolundan  götürülən yaxmalar vasitəsilə virus identifikasiya olunmasa, 1 milyon adam da ölsə, biz buna səbəb kimi koronavirusu göstərə bilmərik"


"Ortada rəsmi  məlumat olmadığı üçün  biz əmin ola bilmərik. Xəstənin nəfəs yolundan  götürülən yaxmalar vasitəsilə virus identifikasiya olunmasa, 1 milyon adam da ölsə, biz buna səbəb kimi bu "2019-nVoC”  koronavirusu göstərə bilmərik".  Azərbaycanın bu təhlükəli virusdan sığortalanmadığını qeyd edən 

A.Qeybullanın sözlərinə görə, insanların həmin xəstəliyə yoluxması tam realdır: 

"Azərbaycanla Çin arasında ticarət əlaqələri mövcuddur. Ora gedib-gələn vətəndaşlarımız var. Həmin şəxslər vasitəsilə infeksiyanın ölkəmizə daşınması mümkündür. Sadəcə, bizdə olan natamamlıq kompleksi  bunu etiraf etməyə, karantin tədbirləri görməyə  imkan vermir. Əhaliyə kifayət qədər məlumat verilib, maarifləndirmə işləri aparılmır. Nəzərə almaq lazımdır ki,  virus mövsümi xəstəliklərdə olduğu kimi  hava-damcı yolu ilə yoluxur. Ağırlaşması nəticəsində pnevmoniya yaranır və ağciyər-ürək çatışmazlığından insanlar dünyasını dəyişir. Hətta soyuqdəymə xəstəliyi olan, özünü narahat hiss edən, yuxarı tənəffüs yollarının qıcıqlanması, öskürək, hərarət, qrip kimi hallar olduqda, mütləq yataq rejiminə keçmək və həkim çağırmaq lazımdır. Çoxlu maye qəbul edilməlidir. Özbaşına antibiotik vurdurmaq və ya dərman qəbul etmək çox təhlükəlidir. Həkim məsləhəti ilə müvafiq addımlar atılmalıdır. Nə qədər ki, ortada koronavirus söhbəti var, insanlar bu nüanslara əməl etməlidir”. 

Həkimin sözlərinə görə, Çin kimi normal səhiyyəsi olan bir ölkə  bu virus qarşısında aciz qalıbsa, deməli, real addımlar atmaq labüddür. Hüquqşünasın həkim-reanimatoloq çatışmazlığı ilə bağlı iddiasına gəldikdə isə A.Qeybulla bu barədə konkret bir fikir  bildirməyib: "Onsuz da o xəstəxanaya müraciət edən xəstələr ağır vəziyyətdə olurlar.  Mövsümi xəstəliklərin sağalması xəstənin yaşından, immun sistemindən və yanaşı xəstəliklərindən asılıdır. Xəstəliyə yoluxan insanlar rejim gözləməlidir.  Ölən xəstələrin vaxtında həkimə müraciət edib, müalicə olunub-olunmadığı araşdırılmalıdır. Hər bir  xəstəyə individual yanaşma tələb edilir. Bu mənada həmin xəstəxanada həkim, avadanlıq  çatışmazlığı olub-olmadığını deyə bilmərəm. Onu bilirəm ki,  mövsümi  viruslara yoluxan xəstələrin dünyasını dəyişməsi bu və ya digər dərəcədə dünyanın hər yerində  baş verir ".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu